Onlayn ictimai-siyasi qəzet
Postmünaqişə dövründə Ermənistanın silahlandırılması birbaşa ABŞ və Fransanın patronajlığı altında həyata keçirilir
Postmünaqişə dövründə Ermənistanın silahlandırılması birbaşa ABŞ və Fransanın patronajlığı altında həyata keçirilir. Hər iki keçmiş həmsədr ölkə işğalçı dövləti yenidən ruhlandırırlar. Məntiqlə, işğaldan zərər çəkən tərəfə humanitar dəstək verməli, işğalçı ölkəni isə sülhə məcbur etməliydilər. Amma məlum olur ki, bu il aprelin 5-də keçirilmiş Brüssel görüşündə rəsmi elan edilməsə də, 6 saatlıq qapalı danışıqlarda Avropa Birliyi (Fransa) və ABŞ Ermənistanla hərbi pakt imzalayıb.
Çünki bunun real nəticələrini sonrakı aylarda müşahidə etmək olur. Hazırda hər iki güc mərkəzi Ermənistana silahlanmada dəstək verməklə məhz 5 aprel görüşünün nəticələrini icra edirlər.
Halbuki görüşdən əvvəl ABŞ xarici işlər naziri Entoni Blinken Azərbaycan Prezidentinə zəng edərək Ermənistan üçün yalnız iqtisadi yardım məqsədilə maliyyə ayrılması nəzərdə tutulduğunu bəyan etmişdi. Lakin son aylarda Ermənistanın silahlanmasından bəlli olur ki, dövlət katibi Blinken yalan danışıb. Ona görə də ötən həftə Prezident İlham Əliyev açıq mətnlə ABŞ və Fransaya xəbərdarlıq etdi. Dövlət başçısı işğalçı ölkənin silahlanmasının yaratdığı riskləri açıqladı. Prezident Əliyev bəyan etdi ki, bu prosesə dəstək verən dövlətlər sülhə əngəl olur. Beləliklə, regionda hərbi eskalasiyaya yol açan təhdid xarakterli siyasət yürüdülür. Bu da 44 günlük müharibədən sonra da Ermənistanın ağıllanmadığını nümayiş etdirir.
Prezident də bildirdi ki, deyəsən, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri İrəvana dərs olmayıb. Bu da səbəbsiz deyil, məhz Qərbin Ermənistana hərbi-siyasi dəstəyi, “Marşal planı”nı işə salmaları işğalçı dövləti həvəsləndirir. Lakin Ermənistan rəhbərliyi yeni müharibənin onlar üçün daha acınacaqlı olacağını təhlil etməlidir. Hər halda, 4 il əvvəl ağır məğlubiyyət almış erməni ordusunun da yenidən döyüşmək motivasiyası yoxdur. Bəs bu silahlar niyə verilir? Həmin vəsaiti humanitar xərclərə yönəltmək Ermənistan üçün daha yaxşı olmazmı?
İlin əvvəlində Ermənistana silahların daşınması üçün Paris-Afina-Tiflis-İrəvan marşrutu müəyyənləşsə də, Gürcüstanın mövqeyi, xüsusilə ağır texnika və hücum silahlarının keçidinə razı olmaması daha uzaq olan marşrutdan - Fransa-İran, Fransa-Hindistan və Hindistan-İran istifadə məcburiyyəti yaratdı. Məlumatlara görə, iyul-avqust aylarında Ermənistana SEZAR artilleriya qurğuları, onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri ilə yanaşı, R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3" tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və ABŞ istehsalı olan 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri verilib. Silahların çatdırılmasını Fransa koordinasiya edir.
Silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. Hindistandan Ermənistana daşınan silahlar (həm Hindistan, həm Fransa istehsalı olanlar) isə İranın “Bəndər-Abbas” dəniz limanına gətirilərək, buradan Ermənistana aparılır.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, hazırda İsrail-İran qarşıdurması və bölgədə yaranan gərginlik Ermənistan üçün vacib olan silah marşrutunu da təhlükə altına salır. Onun fikrincə, Paşinyan Makronla bu məsələni müzakirə edə, daha təhlükəsiz və asan olan Paris-Afina-Tiflis-İrəvan marşrutunun işə düşməsi üçün Gürcüstanın razı salınması, yaxud təzyiqlərin edilməsini istəyə bilər: “İstisna deyil ki, sentyabrın 16-da Gürcüstana gedən erməni baş nazir Tiflisi razı salmağa çalışıb və Makronla həm də bu səfərinin nəticələrini müzakirə edəcək”.
Hazırladı: Emil SALAMOĞLU
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ