İnsanlara hürriyət, millətlərə istiqlal!

“30 illik müxalifət hələ də seçkilərə hazır deyil"

Milli Məclisin ölkə rəhbərliyinə bəlli müraciətindən sonra Azərbaycanın informasiya məkanı sözün hərfi mənasında “seçki” ritorikası ilə aşıb-daşır. Sosial şəbəkələr isə, ümumiyyətlə, bir interaktiv şouya çevrilib. Bəziləri bunu etiraf və qəbul etmək istəməsələr də, sözügedən fakt artıq özü-özlüyündə demokratik münasibətlərin təzahürüdür.

Qeyd olunanlar müstəvisində sıravi internet istifadəçisi kimi rastlaşdığım “qəribə” bir ifadə diqqətimi çəkdi və müəyyən mənada təəccüblənməyimə səbəb oldu. Deyəsən, bəzi siyasi “meşdibatlar” və siyasi şivənlər öz paslanmış patifonlarını qoşaraq indidən “biz seçkilərə hazır deyilik” adlı çeynənmiş mahnılarını oxumağa başlayıblar.

Əlbəttə ki, onların bu ifadəsi sağlam düşünən vətəndaşı təəccübləndirməyə bilməz. Bu psevdopatriotların dilə gətirdikləri cümləyə bir də diqqət yetirin və cəmi bircə dəfə yüksək səslə oxuyun: “30 illik müxalifət hələ də seçkilərə hazır deyil”. Bu sözlər bilavasitə siyasi tükənmişliyin və cəmiyyət üçün tamamilə faydasızlığın təzahürü deyilsə, nədir?

seckiler.jpg (24 KB)

Gələcək nəsillər tərəfindən Azərbaycanın yeni mərhələdə inkişafının və yeni reallığın bilavasitə rəmzlərindən biri kimi dəyərləndiriləcək qlobal COP29 tədbirini ehtimal olunan risklərdən qorumaq üçün seçkilərin keçirilmə tarixinin dəyişdirilməsinə görə, sən demə, 30 illik müxalifət hazırlıqsız yaxalanıbmış. Bu artıq nə sarkazm, nə də ki ironiyadır, mövcud hal sözügedən fikir sahiblərinin sağlam məntiqlə düşünə bilməməyinin göstəricisi və faciəsidir.

“30 illik tələbə hələ də imtahanlara hazır deyil”, “30 illik memar hələ də bir binanın belə layihəsini hazırlamayıb”, “30 illik idmançı yarışlarda iştirak etmək üçün hələ də özünü hazır hiss etmir”, “30 illik artist hələ də səhnəyə çıxmaq üçün özündə güc tapmır”, “30 illik müəllim hələ də bir tələbəni yetişdirə bilməyib”, “30 illik əməkdaş hələ də çalışdığı şirkətə fayda verə bilməyib” və s. bu kimi ifadələr ikrah hisslərinin səbəbi olduqları qədər bizim zavallı siyasətçiciklərimizin “biz seçkilərə hazır deyilik” ifadəsi də yumşaq desək, anlaşılmazdır. Ona görə də, necə ki, sadalanmış bu ifadələr təəccüb və anlaşılmazlıq yarada bilir, “30 illik müxalifət hələ də seçkilərə hazır deyil” ifadəsi də ən azından sağlam məntiqlə anlaşılan deyil.

DSC_6107_1617375699 (1).jpg (260 KB)

Heç şübhəsiz ki, bu cür davranışlar onların siyasətdə olmalarının əsl məqsədlərini ifşa edir. Radikal təfəkkür sahiblərinin siyasətdə mövcudluğunun məqsədi manipulyasiya və siyasi alverdir. Demaqoq siyasişivənlərin kirli oyunlarının alətinə çevrilməmək üçün bu sadə həqiqəti hər kəs bilməlidir.

30 illik müxalifət tərəfindən “seçkilərə hazır deyilik” kimi bəyanatların verilməsi sadəcə məsuliyyətsizliyin əlaməti deyil, bu cür davranış eyni zamanda az sayda olsa belə, tərəfdaşlarına qarşı olan hörmətsizliyin təzahürüdür. Elə ona görə də, bu cür yola düşmüş siyasətçiciklərin siyasətdə öz mövcudluğunu qorumaq üsulu cəmiyyətdə ixtilaf yaradaraq müxtəlif manipulyasiyalar vasitəsilə siyasi dividendlərin qazanılmasıdır.

Məntiq və rasionallıqdan məhrum olmuş, habelə 30 il ərzində seçkilərdə iştirak etmək üçün özündə güc və potensial tapmayan radikallar nədənsə bütün qalmaqallarda və təxribatlarda aktiv olmağı bacarırlar. Düşündürücü reallıqdır. Qəssablıqla cərrahlıq arasındakı fərqi duymayanlar nədənsə daha asan olduğunu zənn etdikləri siyasətə pənah gətirirlər. Bu cür siyasətçiciklər həqiqəti gizlətmək üçün sadə insanların hissləri ilə oynayaraq “emosiya” vasitəsilə həqiqəti gizlətməyə çalışırlar.

Politoloq Asif Adil

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR