Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi və 23 saat 45 dəqiqə davam edən antiterror tədbirlərindən sonra bölgənin bütün üfunət verən pislikləri ciddi narahatlıq keçirməkdədirlər. Məşhur “Nübar Ozanyan” terror qruplaşmasından sonra PKK terrorbaşıları da Azərbaycan əleyhinə hədyanlar səsləndirməyə başlayıblar.
KCK/PKK lideri Murat Karayılandan müsahibə alan terror dəstəkçisi, jurnalist Erdal Er də baş verənləri fərqli istiqamətə yönləndirməkdədir. Terror dəstəkçiləri insanların xunta tərəfindən köçürüldüyü faktının üstündən keçərək, birbaşa Azərbaycanı hədəfə almaqda və hədələməkdədirlər.
Bundan əvvəlki yazılarımda da vurğuladığım kimi, erməni terror qruplaşmaları mənşə baxımından sol-radikal (marksist-leninçi) olmaqla yanaşı, eyni zamanda Yaxın Şərq kökənlidirlər. Təsadüfi deyil ki, 70-ci illərdən başlayaraq sol təmayüllü Yaxın Şərq terror qruplaşmalarının bu təşkilatların yaradılmasına həm mənəvi, həm logistik, həm də hərbi-siyasi dəstəyi olub.
70-ci illərin ortalarında Suriyada, Beyrutda, Fələstində yaranan və kampları olmuş erməni terror təşkilatları JCAG (Justice Commandos Against Armenian Genocide), ARA (Armenian Revolutionary Army), NAR (New Armenian Resistance) buna misal ola bilər. Təbii ki, bu siyahının başında ASALA gəlir.
Əsasən Suriya, Livan və Fələstin ərazilərində fəaliyyət göstərən bu terror qruplaşmaları ASALA-nın yaradılmasında fəal iştirak ediblər. ASALA uzun müddət Fələstin Azadlıq Təşkilatı (FAT) ilə birlikdə çalışıb, bu terror təşkilatını quran ermənilər 1975-ci ildə Əl-Fəth düşərgələrində təlim keçib, sonrakı illərdə marksist-leninçi görüşü paylaşan Fələstin Xalq Qurtuluş Cəbhəsi ilə yaxınlaşıblar.
80-ci illərin ortalarında isə ASALA fəaliyyətini faktiki olaraq dondurduqdan sonra bu təşkilat PKK sıralarında aktiv şəkildə fəaliyyətini davam etdirib. Məsələn, ASALA-nın Yunanıstanın Eqina adasında gizli təlim düşərgələrində PKK terrorçularına da təlim keçirildiyi və təlimlərə yunan generalı Matafiasın rəhbərlik etdiyi məlumdur.
Bu işbirliyini sübut edən kifayət qədər sənəd və faktlar var. Bununla bağlı ortada bir razılaşma da mövcuddur. 1987-ci ildə PKK ilə ermənilər arasında müqavilə bağlanır.
1. Ermənilər PKK terror təşkilatı tərkibində təlim fəaliyyətləri həyata keçirəcək;
2. PKK terror təşkilatına hər il adambaşı 5 min ABŞ dolları ödəniləcək;
3. Ermənilər kiçikmiqyaslı hərəkatlara qatılacaqlar.
Məhz bu razılaşmadan sonra ermənilər PKK-nın daxilində irəli çıxırlar. PKK-ASALA əlaqələrindən məsul olan Hermez Somurouyan adlı şəxslə 18 aprel 1990-cı ildə keçirilən görüşdə isə aşağıdakı qərarlar verilir:
1. PKK və ASALA terror təşkilatları artıq birgə idarə olunacaq;
2. Ermənilər Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatlarda kəşfiyyat məlumatları ötürəcəklər;
3. Mümkün inqilabdan sonra əldə edilən torpaqlar bərabər bölünəcək;
4. Düşərgə xərclərinin 75 faizi ermənilər tərəfindən qarşılanacaq;
5. Terror aksiyaları Türkiyənin böyük şəhərlərində keçiriləcək.
Qeyd edilməsi vacib olan digər məqam da məhz həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı Yaxın Şərq kökənli terror təşkilatlarının, o cümlədən FXQC və PKK-nın ermənilərə verdikləri dəstək və hətta əməliyyatlarda iştirak etmələri ilə bağlıdır ki, bu birgə fəaliyyət də məhz yuxarıda qeyd edilən razılaşmaların nəticəsi kimi qiymətləndirilə bilər.
İndi isə bir qədər “Nübar Ozanyan” terror qrupu barədə...
Nübar Özanyan Türkiyənin Yozqad vilayətində anadan olan aşırı sol baxışlı terrorçu olub. Türkiyə Kommunist Partiyasının liderlərindən biri olmaqla yanaşı, eyni zamanda Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi qəddarlığı ilə seçilmişdi. Müharibədən sonra Suriya və İraqda bölücü kürd terror qruplaşmalarının liderlərindən biri kimi bir sıra terror əməliyyatlarına rəhbərlik edib. 2017-ci ildə Raqqada İŞİD-ə qarşı döyüşlərdə öldürülüb. Bu terrorçunun adını daşıyan erməni terror qrupu isə 2019-cu ildə yaradılıb. Daşnak ermənilərdən formalaşan bu qruplaşmanın yaradılmasında məqsəd YPG (PKK-nın Suriya qolu) sıralarında Türkiyənin bölgədə həyata keçirdiyi antiterror hərəkatlara qarşı savaşmaqdır.
Vüqar Zifəroğlu, Yaxın Şərq ölkələri üzrə ekspert
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ