Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin ilk üç rübü ərzində Türk Dövlətləri Təşkilatı üzvlərinin birgə ÜDM-i təxminən 1,456 trilyon ABŞ dolları təşkil edib ki, bu da eyni dövrdə proqnozlaşdırılan qlobal ÜDM-in (54 trilyon ABŞ dolları) təxminən 2,7 faizinə bərabərdir.
Musavat.com xəbər verir ki, məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə hazırladığı “Türk iqtisadi icmalı”nda əksini tapıb.
Məlumata əsasən üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və müşahidəçi üzvlər Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası orta hesabla 4,5 faiz ÜDM artımı nümayiş etdirərək qlobal 3 faizlik artımı üstələyiblər.
Cari ilin doqquz ayında qlobal ticarət həcmi təxminən 24,75 trilyon ABŞ dolları qiymətləndirilir. İlin sonuna bu göstəricinin 33 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu dövrdə TDT üzvlərinin (Türkmənistan və ŞKTR istisna olmaqla) ticarət dövriyyəsi 868 milyard ABŞ dolları olub ki, bu da qlobal ticarət həcminin 3,37 faizini təşkil edir. Türkmənistan Rusiya, Çin və Özbəkistan kimi əsas tərəfdaşlarla ticarət əlaqələrinə malikdir və təkcə Özbəkistanla ticarət dövriyyəsi hesabat dövründə 867,8 milyon ABŞ dollarına çatıb.
Ayrı-ayrı üzvlərə gəlincə, hesabat dövründə Azərbaycan 4,7 faiz ÜDM artımı əldə edib. Sənaye sektorunda artım 1,3 faiz olub. Eyni zamanda 4,89 milyard ABŞ dolları həcmində müsbət ticarət balansı qeydə alınıb. Azərbaycan enerji sektoruna, xüsusən bərpa olunan enerji layihələrinə investisiya yatırmaqla iqtisadiyyatını şaxələndirməyi və neft ixracından asılılığı azaltmağı hədəfləyir.
Qazaxıstan 4,1 faiz ÜDM artımı nümayiş etdirib. Hesabat dövründə bu ölkənin sənaye sektoru 3,1 faiz, kənd təsərrüfatı isə 10,8 faiz genişlənib. Ticarət profisiti 18,43 milyard ABŞ dolları təşkil edib. Qazaxıstan mədən, neft-qaz və infrastruktur sahələrinə xarici sərmayə cəlb etməyə davam edir, bu da onu regional iqtisadi mərkəz kimi mövqeləndirir.
Qırğızıstan 2024-cü ilin 9 ayında 8,4 faiz ÜDM artımına malik olub. Sənayedə artım 4,2 faiz, kənd təsərrüfatında isə 6,7 faiz təşkil edib. İxracın həcminin 28,2 faiz artmasına baxmayaraq, ölkə 6,54 milyard ABŞ dollarlıq ticarət kəsiri ilə üzləşib. Qırğızıstanın mədən sektoruna yatırımları və iş mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar iqtisadi artımı dəstəkləyir.
Türkiyə iqtisadiyyatı 2024-cü ilin ilk üç rübündə illik 3,2 faiz artaraq illik milli gəlirin 971 milyard dollara yüksəlməsinə nail olub. İlin sonuna qədər iqtisadi artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırlır. Türkiyə avtomobil, tekstil və texnologiya sektorlarına diqqət yetirərək ixracı artırmağa və ticarət kəsirini azaltmağa çalışır.
Özbəkistan 6,6 faiz ÜDM artımı əldə edib. Sənaye və kənd təsərrüfatı müvafiq olaraq 7 faiz və 3,1 faiz artıb. 8,66 milyard ABŞ dollar həcmində ticarət kəsirinə baxmayaraq, ixrac 11,5 faiz artıb. Özbəkistan hazırda tekstil, avtomobil və kənd təsərrüfatı sektorlarına investisiya cəlb etmək üçün iqtisadi islahatlar həyata keçirir.
Macarıstanda ÜDM-in 0,8 faiz azalması müşahidə olunub, sənaye (-4,2 faiz) və kənd təsərrüfatı (-9,1 faiz) sahələrində geriləmə müşahidə edilib. Bununla yanaşı, Macarıstan 10,44 milyard ABŞ dollarlıq ticarət profisitini qoruyub saxlayır.
Türkmənistan iqtisadiyyatı əsasən təbii qaz ixracına əsaslansa da, sabit artım nümayiş etdirməkdə davam edir. 2024-cü ilin doqquz ayında Türkmənistanın ÜDM-i 6,3 faiz artaraq enerji sektorunun genişlənməsi və iqtisadiyyatın dayanıqlığını vurğulayıb.
Şimali Kipr 2024-cü ilin ilk yarısında 3,7 faiz ÜDM artımı nümayiş etdirib. Ölkədə turizm, təhsil və kənd təsərrüfatı sektorlarının inkişafı ilə nəzərəçarpacaq iqtisadi artım müşahidə edilib. Burada ticarət iqtisadiyyatın əsas komponentidir, idxalın həcmi isə əsasən Türkiyədən olmaqla 1,5 milyard ABŞ dollarını ötüb.
Türk dövlətləri arasında ticarət dövriyyəsinin 2024-cü ildə 45 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır ki, bu da iqtisadi əlaqələrin dərinləşdiyini və regiondaxili ticarətin inkişaf etdirilməsi istiqamətində uğurlu səyləri vurğulayır. Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu 2024” və Bişkekdə baş tutan “11-ci Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsi” iqtisadi inteqrasiya, dayanıqlı inkişaf və rəqəmsal innovasiyalara önəm verərək Türk dövlətləri arasında iqtisadi və ticari əlaqələrin sürətləndirilməsini hədəfləyir. Gömrük proseslərinin sadələşdirilməsi, ticarət maneələrinin aradan qaldırılması və nəqliyyat, enerji şəbəkələri kimi infrastruktur layihələri sahəsində göstərilən səylər bağlantıları və həmrəyliyi artırmağa xidmət edir. Birgə maliyyə institutlarının yaradılması və regional investisiya sazişlərinə dair təkliflər iqtisadi artımı sabitləşdirmək və sürətləndirmək məqsədi daşıyır.
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ