Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu növbəti genişmiqyaslı payız hücumuna hazırlaşır. Bunu cəbhədə işğalçı qüvvələrin yenidən qruplaşması sübut edir. Ekspertlərin fikrincə, Moskva komandanlığı əsas səylərini Donetsk vilayətinin qalan hissəsini ələ keçirməyə yönəldib.
Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatına istinadla məlumat yayıb.
Analitiklərin qeyd etdiyinə görə, Rusiya rəhbərliyi nisbətən “elitar” hesab edilən dəniz piyadaları və hava-desant bölmələrini Sumı vilayətinin şimalından və Xerson istiqamətindən Donetsk vilayətinə cəmləşdirib.
Pokrovsk istiqamətində döyüşən Ukrayna hərbçiləri bildiriblər ki, Kursk vilayətindən gətirilmiş 155-ci dəniz piyada briqadası artıq həmin bölgədədir. Bundan əvvəl rusiyalı hərbi blogerlər də 177-ci dəniz piyada alayının və 40-cı dəniz piyada briqadasının Sumı istiqamətindən Donetskə göndərildiyini yazıblar.
ISW-nin hesabatında qeyd olunur ki, bu yerdəyişmələr 2025-ci ilin payızında Rusiyanın əsas hücum istiqamətinin Donetsk vilayətinin qalan hissəsi olacağını göstərir. Hədəflər arasında Dobropillya, Pokrovsk və Konstantinovka bölgələrinin adı çəkilir.
“Sumı vilayətindən qüvvələrin çıxarılması Rusiyanın orada hücum əməliyyatlarını ikinci plana keçirdiyini göstərir”, – deyə hesabatda vurğulanır.
Bununla yanaşı, ISW rusların Pokrovsku tutmaq, Dobropillyaya irəliləmək və qərbdən Ukrayna istehkamlarını yarmaq cəhdlərini gücləndirdiyini bildirir. Analitiklərin sözlərinə görə, Rusiya ordusu bu planlarını həyata keçirmək üçün xüsusilə canlı qüvvə baxımından böyük itkilər verir.
Xatırladaq ki, Rusiyanın 2024-cü ilin payızındakı hücumu da Pokrovsk istiqamətinə yönəlmişdi. Lakin Rusiya ordusu ciddi itkilər bahasına belə istədiyi nəticəni əldə edə bilməyib.
Ukrayna Baş Qərargahının məlumatına görə, ötən sutkada ən ağır döyüşlər Pokrovsk istiqamətində baş verib. Ukrayna müdafiəçiləri burada 46 hücumu dəf ediblər. Toretsk istiqamətində 8, Novopavlovsk istiqamətində isə 24 hücum qeydə alınıb.
Bundan əlavə, Ukrayna hərbçiləri Pokrovsk yaxınlığında yerləşən Novoekonomiçnoe kəndini işğalçılardan azad ediblər.
Prezident Volodimir Zelenski isə bəyan edib ki, Ukrayna qüvvələri Donbasda əhəmiyyətli uğurlar qazanır və Rusiya ordusu üçün “xoşagəlməz sürprizlər” hazırlayır.
Musavat.com
04 Sentyabr 2025
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ