İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamenti Zəngəzura “hücum” çəkdi - təşviş

Prezident dəhlizə praqmatik yanaşır, ali rəhbər və məclis “təhlükədir” deyir - ikitirəliyin pərdəarxası

İran parlamenti olan İslam Məclisi rəsmi bəyanat yayaraq, Zəngəzur dəhlizinə qarşı sərt mövqe nümayiş etdirib. Bu haqda “Bakı-Xəbər” yazıb. Bəyanatda dəhliz “kollektiv təhlükəsizlik üçün birbaşa təhdid” kimi təqdim olunub. Məclisin açıqlamasında iddia olunur ki, Cənubi Qafqaz təkcə coğrafi məkan deyil, həm də İranın “təhlükəsizlik perimetri, strateji dərinliyi və sivilizasiya sahəsinin” tərkib hissəsidir.

Parlament Zəngəzur dəhlizi layihəsinin “tanınmış sərhədlərin dəyişdirilməsi və zorla koridorların yaradılması” anlamına gəldiyini bildirərək, bunun BMT Nizamnaməsinə zidd olduğunu qeyd edib. İran tərəfi bəyan edib ki, belə addımlar “ölkənin təhlükəsizliyinə və milli maraqlarına təcavüz” kimi qiymətləndiriləcək və bütün siyasi-hüquqi vasitələrlə qarşısı alınacaq. Məclis həmçinin regionda hər hansı iqtisadi və tranzit layihəsinin yalnız “İranın geoiqtisadi mövqelərinə hörmətlə” mümkünlüyünü vurğulayıb. Maraqlıdır ki, İran Prezidenti Zəngəzur dəhlizinə normal yanaşır, amma parlament və ali dini lider isə tam əks mövqe tutur. Bu, nə deməkdir?

Baki-xeber.com-a görə, İranın Zəngəzur dəhlizi ilə bağlı prezident və parlament mövqeləri arasındakı fərq əslində ölkənin daxili siyasi sistemindən və maraq balansından qaynaqlanır. İranın dövlət idarəçiliyi və “ikili xətt” anlayışı heç də ziddiyyət təşkil etmir.

İranda dövlət qərarvericiliyi çoxpilləlidir: prezident (icra hakimiyyəti), parlament (İslam Məclisi), hökumətə nəzarət edən SEPAH, həmçinin son söz sahibi olan Ali dini liderdir. Çox vaxt beynəlxalq məsələlərdə “iki səsli siyasət” tətbiq olunur.

Azərbaycan Prezidenti ərəb telekanalına müsahibəsində İranda hökumətin, rəsmi səviyyədə verilən bəyanatları tanıdığını açıqlamışdı, ali dini rəhbərin çevrəsindəki müşavirlərin çıxışlarına əhəmiyyət vermədiyini bildirmişdi. 

İran parlamentinin bu bəyanatı necə oxunmalıdır? Pezeşkiana inanaq, yoxsa məclisin mövqeyinə?

Asim Mollazadə təəssüfləndi | Modern.az

Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, İranda vəziyyət elə kəskinləşib ki, onların özləri kim-kimin tərəfindədir, bilmirlər: “Kimin kiminlə vuruşduğunu da anlaya bilmirlər. Mühafizəkar qanadın bəyanatları bir növ Amerikaya xahiş kimi səslənir ki, çoxdandır başımıza bomba atmamısan, tez edin atın. Yəni iqtisadi problemləri, ümumiyyətlə, böhranı sizin hücumunuzla izah edək. Pezeşkian isə bir dövlət qurmağa çalışır, İranı normal bir ölkə kimi nümayiş etdirmək istəyindədir. Lakin onun mövqeyi mühafizəkar qanadın təsiri altında yaşayan xalqın acınacaqlı vəziyyətidir. Getdikcə artan iqtisadi problemlər, sosial durumun durmadan ağırlaşması belə bir vəziyyətdə davam etdirə bilməyin mümkünsüzlüyünü göstərir. Əminəm ki, xalq iradəsini ortaya qoyub, bu qüvvələrdən canını qurtarmağa çalışacaq”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva isə hesab edir ki, cənub qonşumuzdakı rejimin daha çox istəyi durulmaqda olan suyu bulandırmaqdır: “İran məclisi adətən ali dini liderin sözçüləridir. Onların deputat kimi xalqın yox, ali dini lider Xamneyinin sözlərini, özünün deyə bilməyəcəklərini dilə gətirirlər. Azərbaycan və Ermənistan dəfələrlə bəyan ediblər ki, Zəngəzur dəhlizi hər hansı üçüncü ölkəyə təhdid və təhlükə deyil. İranın isə Zəngəzur dəhlizinə heç bir aidiyyəti yoxdur. Tehrandakı molla rejimi daha çox durulmaqda olan suyu bulandırmaqla məşğuldur. Çünki mollalar hər zamankı kimi xaosdan və anarxiyadan qidalanmaqdadırlar. Regiona əbədi sülhün gəlişi İrandakı gerizəkalı zehniyyətin - radikal fars-molla rejiminin maraqlarına uyğun deyil. Onlar "parçala, hökm sür" prinsipini hər zaman əldə “yol xəritəsi” kimi tutublar. Sözümün canı odur ki, nə İran məclisinin, nə də SEPAH-ın hər hansı bir komandanının sözü Azərbaycan və Ermənistan üçün təhdid ola bilər. "İt hürər, karvan keçər, yel qayadan heç nə aparmaz", - deyib atalarımız. Fikrimcə, İrandakı bəzi dairələr də bunun fərqindədirlər. İrandakı molla məclisi bu cür ürəkbulandıran və “təlatümlü” bəyanatlarla əslində ölkədəki daxili vəziyyətin gərginliyini xaricə istiqamətləndirmək istəyir. Eyni zamanda türk kökənli prezidentə işləmək imkanı vermirlər. Üstəlik, bu cür bəyanatlar vaxtaşırı olaraq İrandakı deputatları maliyyələşdirən erməni iş adamlarının “ianələri” fonunda verilir. İranlı ermənilərin qucağına oturan fars parlamentinin bəzi üzvləri Azərbaycanın bölgəyə sülh gətirməsini istəmirlər. İran parlamentinin sərsəm bəyanatlarına vaxt ayırmaq belə yersizdir. Çünki onlar tez-tez özləri öz fikirlərini təkzib edirlər. Təbii ki, biz indiki mərhələdə prezident Pezeşkiana inanmalıyıq. O, əsas söz sahibidir. Məclis və müşavirlər isə sadəcə kölgə işığı funksiyasını daşıyırlar".

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi | Modern.az

Sahib Alıyev

Deputat Sahib Alıyev də Sherg.az-a İran parlamentinin Zəngəzur dəhlizi ilə bağlı bəyanatının rasionallıqdan və həqiqətdən tamamilə uzaq olduğunu deyib: “Azərbaycanla Türkiyə aydındır, Ermənistanın da maraqlarına qətiyyən cavab verməyən, prezidentlərinin, xarici işlər nazirliklərinin mövqeyi ilə üst-üstə düşməyən ziddiyyətli söz yığınıdır. Üstəlik, oradakı gizli hədə onu edənlərin potensialları ilə bir araya sığmır və boylarını çox-çox aşır. İran parlamentindəkilər Zəngəzur dəhlizinin işə düşməsini sərhədlərin dəyişdirilməsi kimi təqdim edərkən, görəsən, haralarıyla düşünürlər?”

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR