İnsanlara hürriyət, millətlərə istiqlal!

200 milyard dollara 160 təyyarə ALIR

Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfəri çərçivəsində gəldiyi Dohada Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Tani ilə ikitərəfli görüş keçirib.

Musavat.com “Anadolu”ya istinadən xəbər verir ki, liderlər arasında keçirilən görüşdən sonra müdafiə, aviasiya və digər sahələri əhatə edən ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.

Qətər Əmiri imzalanma mərasimindən sonra çıxışında deyib: “Prezident Tramp ilə təxminən iki saat davam edən səmərəli bir görüş keçirdik. Bu görüşdə ikitərəfli əlaqələrlə yanaşı, bölgədəki vəziyyətlə bağlı bir çox məsələni müzakirə etdik. İmzalanan bu müqavilələr sayəsində Qətər ilə ABŞ arasındakı münasibətləri yeni bir mərhələyə yüksəltdik. Prezident Trampa bu tarixi səfərinə görə bir daha təşəkkür edirəm”.

Tramp Qətər Hava Yolları ilə ABŞ-ın aviasiya nəhəngi “Boeing” arasında 160 təyyarənin alınmasına dair 200 milyard dollarlıq müqaviləyə diqqət çəkərək, bunun “Boeing tarixinin ən böyük müqaviləsi” olduğunu bildirib.

Ağ Evdən verilən açıqlamada Trampın Qətərdə ən azı 1,2 trilyon dollar dəyərində iqtisadi əməkdaşlıq üçün razılaşma imzaladığı bildirilib.

Açıqlamada “Boeing” təyyarələri və “GE Aerospace” mühərriklərinin “Qatar Airways”ə satışını da əhatə edən, ABŞ ilə Qətər arasında ümumilikdə 243,5 milyard dolları keçən iqtisadi razılaşmaların əldə olunduğu qeyd edilib.

Bu razılaşmalara dair bəzi detallara yer verilən açıqlamada, “Boeing” və “GE Aerospace”in “Qatar Airways”dən 96 milyard dollarlıq sifariş aldığı, bu müqavilənin 210 ədəd ABŞ istehsalı olan “Boeing 787 Dreamliner” və 777X təyyarəsinin alınmasını əhatə etdiyi bildirilib.

Bu, “Boeing”in indiyə qədərki ən böyük geniş gövdəli təyyarə sifarişi və 787 modelinə verilən ən böyük sifariş kimi qeyd olunur. Açıqlamada bu razılaşmanın istehsal və çatdırılma mərhələlərində ABŞ-da illik 154 min olmaqla ümumilikdə 1 milyondan çox iş yeri yaradacağı vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR