İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvar veteranı kömək istəyir

 “Dilənməkdən başqa çarəm qalmayıb ... ”

 

20 Yanvar veteranı, Lənkəran rayonu Liman qəsəbəsinin 62 yaşlı sakini Şadətdin Əliyev “Yeni Müsavat”a müraciət edib. Vətəndaş qeyd edib ki, 20 Yanvar hadisələrində yaralandığı üçün III qrup əllilik dərəcəsi alıb. 2021-ci ildə müvafiq qanuna əsasən, əlillik pensiyası ləğv edilib və bununla da yaşayışı çox ağır vəziyyətə düşüb: “33 il əvvəl xalq hərəkatına qoşulmuşdum. 1990-cı il Yanvar hadisələrində ağır yaralandım, sovet gülləsinə tuş gəldim. Bununla bağlı o vaxtkı sovet dövlətinin TSEK-i mənə III qrup əlilliyimi təyin etdi ki, ömrümün axırına qədər müavinət alım. Lakin mən qərar verdim ki, 20 Yanvar hadisələrində bacı-qardaşlarımızı qətlə yetirən sovet imperiyasının qaniçən cəlladları nə qədər ki, cəzalarını almayıb, həmin müavinətdən imtina edim. Çünki mən xalqımızın, vətənimizin ümumi mənafeyi üçün bu mübarizəyə qoşulmuşdum. Beləliklə, 22 il əlillərə verilən imtiyazlardan imtina etdim. 1992-ci ildə yeni qurulmuş müstəqil dövlətimizin güclənməsində mənim də payımın olmasını istədiyim üçün yerli mühitə uyğun təsərrüfat sahələrini yaratmaq məqsədilə ”Sahil" MKM-i yaratdım və heç vaxt istifadə olunmayan, dövlətə gəlir gətirməyən, əksinə, yararsız ərazidə, iş yerləri açmaq üçün layihə sənədlərini hazırladım. 1993-cü ildə mənim xəbərim olmadan Lənkəran Rayon İcra Hakimiyyəti müəssisəyə verilmiş torpaqları geri aldı, bununla da sahibkarlıq fəaliyyətimi itirdim. Əlacsız qalıb, aləmin tələbatını ödəmək üçün qeyri-sağlam vəziyyətdə, fiziki əməklə məşğul olmağa başladım. 2012-ci ildən səhhətimdə olan xroniki xəstəliklər lazımi qaydada işləməyimə imkan vermədi. Buna görə də məcbur qalıb 2014-cü ildə 20 Yanvar III qrup əlilliyimi  bərpa etdim. Lakin 2021-ci ildə həkim komissiyası gecikmiş qanunu əsas götürərək 62 yaşımda əlillik pensiyamı ləğv etdi. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mənə bildirildi ki, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəmdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilib".

Şikayətçi qeyd edib ki, işlə təmin olunması, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına kömək edilməsi ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, heç bir nəticəsi olmayıb: “Bildirilib ki, bununla bağlı vəziyyətim mövcud qanunvericiliyə uyğun deyil. Uzun illərdir ki,  36 kvadratmetrlik torpaq döşəməsi olan rütubətli komada yaşayıram. Övladım autizm xəstəsidir. Evin yaşayış şəraiti bərbad olduğundan ailə üzvlərimiz tez-tez xəstələnir. Bununla bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət etdim. 2014-cü ildə qurumun icra nümayəndəsinin iştirakı  ilə evə baxış keçirildi və mənə ev vermək əvəzinə ev növbəsinə qeydiyyata aldılar. Üzərindən 8 il keçməsinə baxmayaraq, məni evlə təmin etməyiblər”.

20 Yanvar veteranı aidiyyəti şəxslərdən kömək istəyib: “62 yaşım var. Əlillik pensiyam ləğv edilib, işlə təmin olunmamışam, evim bərbad vəziyyətdədir, xəstə övladıma baxıram, yararsız boş ərazilərdən də icarəyə vermirlər ki, sahibkarlıq fəaliyyətimi bərpa edib, ailəmin tələbatını ödəyim. Bəs nə edim? Hesab edirəm ki, dilənməkdən başqa çarəm qalmayıb. İmkanı olan şəxslərdən xahiş edirəm, mənə köməklik göstərilsin”. 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR