İnsanlara hürriyət, millətlərə istiqlal!

2 milyonluq dələduzluq edən keçmiş polisə HÖKM OXUNDU

2,5 milyon manatlıq dələduzluqda ittiham edilərək bəraət alan keçmiş polis Elvin Həşimlinin cinayət işi yenidən araşdırılıb.

Ali Məhkəmənin qanun pozuntuları aşkar etdiyi işə Bakı Apellyasiya Məhkəməsində təkrar hüquqi qiymət verilib.

Baxış iclasında prokuror çıxış edərək E.Həşimliyə bəraət verilməsi ilə bağlı hökmün qanunsuz olduğunu deyib. Prokuror bəraət hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin məhkəmə zalında həbs edilməsini tələb edib. Müdafiə tərəfi isə hökmün hüquqazidd olmadığını qeyd edərək qüvvədə saxlanılmasını istəyib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini əsaslı hesab edib. Qərara əsasən, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbsə alınıb.

Qeyd edək ki, Elvin Həşimli zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə küllü miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılıb. Prokuror təqsirləndirilən şəxsə 12 il həbs cəzası tələb edib. Sonuncu iclasda məhkəmə Elvin Həşimlinin təqsiri sübuta yetirilmədiyini elan edərək ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.

Sonradan Ali Məhkəmə prokurorun kassasiya şikayətini təmin edib. İş araşdırılması üçün apellyasiya baxışına təyin olunub.

Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğludur./Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR