İnsanlara hürriyət, millətlərə istiqlal!

1 addım irəli, 6 addım geri-Ermənistan it hürən tərəfə gedir...

 

 

 

İrəvan Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini tələb edən 6 şərt irəli sürüb; şübhə yoxdur ki, bu “prinsiplər” tək Paşinyan hökumətinin başının məhsulu deyil

 

Ermənistan yenə bildiyini etdi- bunlara nə 44 günlük müharibədə aldıqları ağır məğlubiyyət dərs olur, nə Bakının xəbərdarlıqları. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə mayın 2-də Brüsseldə keçirilən görüşünün yekunları barədə dedikləri bu nəticəyə gəlməyə əsas verir...

Məlum olur ki, Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 bəndə qarşılıq Ermənistan da 6 bənd hazırlayıb. Halbuki Azərbaycanın təkliflərinə Ermənistanın 1 cavabı olmalı idi: razıyıq, baş üstə, siz nə desəniz o...Yəni Ermənistan indiki durumda işıq gələn tərəfə barmaq tıxamaqla məşğuldur. Ya da məşhur nağılımızda deyildiyi kimi, işıq gələn tərəfə deyil, it hürən tərəfə getməyi seçib...    

O da məlum olur ki, Ermənistan Brüssel razılaşmasında nəzərdə tutulduğu kimi, aprelin 30-dək sərhəd komissiyasının formalaşdırılmasına da əməl etməyib.  Yəni bir komissiya formalaşdırmaq bu qədərmi çətin oldu, İrəvanda bu işlə məşğul olacaq adamlar tapılmadı ki,  razılaşmanın icrası bu qədər uzandı? Azərbaycan tərəfi tərkibi ictimaiyyətə üçün açıqlamasa da (burda hansısa dövlət sirri olduğunu düşünmürəm), sərhəd komissiyasını formalaşdırdığını Prezident İlham Əliyev səviyyəsində bəyan edib. Amma Ermənistan göründüyü kimi, adi bir işi etmək zəhmətini çəkməyib, hələ nəyisə müzakirə etdiklərini deyirlər. Bu, artıq müəyyən nəticələr üçün əsasdır. Demək,  sülh razılaşmasının irəliləməsində maraqlı deyillər.        

İndi isə Ermənistan 5+6 prinsipləri əsasında sülh danışıqlarının başlamasını “legitim yanaşma” hesab edir. Qriqoryan dünən İrəvanda keçirdiyi mətbuat konfransında bu barədə deyib. Azərbaycan suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasında, gələcəkdə ərazi iddialarından imtinada, beynəlxalq səviyyədə tanınmış sərhədlərin (sovet dövrünə əsasən) delimitasiyasında və demarkasiyasında, sülh müqaviləsinin bağlanmasında israr edir.

Qriqoryanın deməsindən isə anlaşılan budur ki, Ermənistan tərəfi Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini tələb edir. Qriqoryan hətta əlavə edib ki, “bu məsələlər Azərbaycanla müzakirə olunur. Bakıda başa düşürlər ki, sülh danışıqları 5+6 gündəliyi əsasında başlamalıdır”. Təəccüblüdür, deyilmi? 

Azərbaycan rəhbəri dəfələrlə bəyan edib ki, heç bir statusdan söhbət gedə bilməz, o halda Qriqoryan “Bakının nəyi müzakirə etdiyini” dəqiqləşdirməlidir. Təhlükəsizlik məsələsi isə qondarma “status” qədər qəlizdir, Ermənistan bu təhlükəsizliyi necə görür, ermənilərə o təminat necə verilməlidir, bu da ciddi sualdır. Görünür ki, Ermənistan sülh prosesini asanlaşdırmaq fikrində deyil, əksinə, yeni “prinsiplərlə” daha da düyünə salmaq istəyindədir.

İndiyədək olan sülh danışıqlarını irəliyə atılmış 1  addım hesab etmək olardı, amma indi Ermənistan məlum şərtlərlə bu danışıqlar prosesini 6 addım geriyə atmaqdadır. Təsadüfi deyil ki, Ermənistan rəsmisinin sözlərinə görə, “bu məsələlər razılaşdırıldıqdan sonra”  Paşinyan-Əliyev görüşündən danışmaq olar. Hələlik isə belə bir görüş planlaşdırılmır.

Sülh asan əldə edilmir, bu məlumdur. Amma sülh razılaşmasında bir mühüm prinsip olduğunu da unutmaq olmaz: şərtləri müharibədə qalib gələn tərəf diktə edir. İndi vəziyyət elədir ki, daha geniş miqyaslı müharibə olmayıb, Azərbaycan işğaldakı ərazilərini düşməndən təmizləyib. Ermənistana ərazi iddiası yoxdur. Ərazilərin dəyişdirilməsi də müzakirə mövzusu deyil. (Yeri gəlmişkən, Qriqoryan  Ermənistan və Azərbaycan arasında anklavların qaytarılmasının baş tutmayacağı, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilməyəcəyini də deyib). O halda Ermənistanın sülh razılaşmasına bu qədər titiz və titrək davranışlarına səbəb nədir?    

Ermənistan tərəfi irəli sürdüyü 6 prinsipdə yəqin ki, israr edəcək. Şübhə yoxdur ki, bu prinsiplər  xaricdən təlimatlandırılmış erməni müxalifətinin basqısı altında qalmış tək Paşinyan hökumətinin başının altından çıxmayıb, bəlkə də üç paytaxtla razılaşdırılıb. Üç paytaxt dedikdə, bunlardan biri şübhəsiz Moskva ola bilər. Paris və Vaşinqtonun da bu işin içində olduğunu güman etsək, yanılmarıq. Hər üç paytaxt ya birbaşa, ya dolayısı ilə ermənilərə “status” verilməsi arzusundadır. Əslində, fərq etmir, Ermənistana bu ağlı-“Azərbaycanın beş prinsipinə qarşı siz də altı şərt irəli sürün” kim(lər) verib. Əsas odur ki, Azərbaycanın məqbul, geniş mənada Qafqaza sülh gətirəcək təklifinin qarşısına daş qoyulmaqdadır. Çünki hər iki xalq və dövlət daha bir neçə il qeyri-müəyyənlik qarşısında qalsınlar, xarici təzyiqlərə həmişə açıq olsunlar.

Ermənistan bu razılaşmanı tormozlamaqla, geri atmaqla daha çox şey itirəcək, amma Azərbaycan da qazanclı olmayacaq. Bizə də təminatlı sülh lazımdır. Amma bunun əksinə görürüksə, hazır olmayıq. Hətta yeni müharibəyə də...

Nazim SABİROĞLU,
Musavat.com  

   

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR