İnsanlara hürriyət, millətlərə istiqlal!

Yıxılan Bayden idi, yoxsa ABŞ? – Ermənistanın “top” kimi rəhbəri var, amma nə olsun...

Həzrəti Əlinin (ə) kəlamıdır, buyurub ki, “Yıxılana gülmə, hələ bilmək olmaz fələk sənə nə yazıb”. Həmin bu fələk ABŞ prezidenti Co Baydenlə neçə vaxtdır pis zarafatlar edir. Gah təyyarənin trapında qalxarkən ayağı büdrəyib yıxılır, gah başını bilmədən harasa vurur, gah da bir neçə gün öncəki kimi, kursantların buraxılış mərasimində əməlli-başlı yerə sərilir.

Əlbəttə, bir ölkə lideri üçün xoşagələn mənzərə deyil. O ki ola super-güc ABŞ-ın birinci şəxsi. Hərgah, dövləti idarə eləmək üçün ilk növbədə baş lazımdır. Ağıl, müdriklik gərəkdir. Yerdə qalanlar ikinci-üçüncü dərəcəli şeylərdir. Neçə ki, İkinci Dünya müharibəsi zamanı Birləşmiş Ştatlar prezidenti olmuş Franklin Ruzvelt əlil arabasında belə öz dövlətini layiqli, uğurla təmsil və idarə eləmişdi. Ruzvelt hətta Amerika tarixində yeganə şəxsdir ki, iki dəfədən artıq müddətə prezident seçilmişdi (1933-1945).

Doğru, Baydendə üstəlik, yaddaşsızlıq (demensiya) problemi var. Fəqət, daha çox yaşla bağlı özünü göstərən yaddaşsızlıq ağılsızlıq demək deyil. Hərçənd, güclü hafizə siyasətçinin üstün keyfiyyətlərindən sayılır.

Bişəkk, ABŞ Co Baydensiz də dünyada hökmü keçən qüdrətli dövlətdir. Bu dövlət o dərəcədə düzgün təməl üzərində qurulub, o dərəcədə işlək relsə qoyulub ki, 240 ildir prezidentlərdən biri gəlib o biri getsə də, dövlət saat təki qüsursuz işləyir. Odur ki, yıxılan Baydenin özü idi, Amerika yox.

Ona qalsa, Ermənistan rəhbəri Nikol Paşinyan Ağ Evin hazırkı sahibindən qat-qat sağlam və qıvraqdı, amma gəl ki, Ermənistanın top kimi rəhbəri olsa da, Ermənistan adında dövlət yoxdur. Zira, vurğulandığı kimi, ölkə başçısı üçün əsas aydın və dərin zəkadır, bundan qaynaqlanan müdrikik və uzaqgörənlikdir. Onlar da ki, nə Paşinyanda, nə də onun sələflərində olub. Ermənilərin faciəsi də budur.

Amerikalılar üçün isə bacarıqlı ölkə sükançısı problemi mövcud deyil. Xoşlarına gəlməsə, gözlərindən düşsə, öldür, kimisə təzədən Ağ Evin yiyəsi eləməzlər. Hətta vaxtından əvvəl görəvdən salarlar.

Söz düşmüşkən, Co Bayden ikinci müddətə öz namizədliyini verəcəyini bildirib. Hazırda onun 80 yaşı var. Növbəti müddətin sonu üçün 85 ola bilər. Ancaq ömür vəfa qılacaqmı? Allah bilir. Bu yandan da fiziki durumu ilə bağlı problemlər.

Ola bilsin, indi V.Putin də daxil, həm xarici, həm də daxili rəqiblər əlini-əlinə sürtüb sevinirlər ki, yıxılıb-duran, səndələyın qoca Coya amerikalılar çətin ki, səsə versinlər. Amma bizcə, onlar tələsirlər. Axı bəzən siyasi rəqabətdə insanın fiziki qüsurlarından sui-istifadə ictimai rəydə əks-effekt də yarada bilir.

Yəni amerikanlar acığa “yazıq Bayden”ə bir daha etimad göstərə bilərlər. Əsas onun 4 ildə gördüyü işlər olacaq - özəlliklə Ukraynadakı müharibənin nə ilə bitəcəyi. ABŞ seçicisi müharibənin nəticəsindən razı qalsa, Baydendən də qalacaq.

Ağ Ev rəhbəri üçün ən pis faktor, ciddi əngəl isə başqa bir şey ola bilər. Söhbət az öncə Respublikaçılar Partiyasının 60-dan çox üzvünün onun əqli qabiliyyət testindən keçməsini tələb eləməsi ilə bağlı müraciətindən gedir. Əks halda, müraciət müəllifləri onu seçki yarışında iştirakdan imtinaya çağırıblar.

Bu xüsusda respublikaçı, Ağ Evin keçmiş həkimi Ronni Cekson konqresmenlərin Amerika liderinin koqnitiv durumu ilə bağlı narahatlığından və onun daha bir müddət ölkəyə rəhbərlik edə biləcəyinə şübhələrindən danışıb. “Biz inanırıq ki, cinsindən, yaşından və ya siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, bütün prezidentlər sağlam əqli qabiliyyətləri sənədləşdirməli və nümayiş etdirməlidirlər”, - deyə qanunvericilərin müraciətində vurğulanır.

Məlumdur ki, Bayden prezident olduğu müddətdə iki dəfə tibbi müayinədən keçib və səhhətində problem aşkar edilməyib. Lakin buna rəğmən, onun ya əqli qabiliyyət imtahanından keçmədiyi, ya da testin nəticələrinin ictimaiyyətdən gizlədildiyi iddia edilir.

Bax, cənab Cozefin ikinci prezidentliyi yolunda ən böyük maneə elə bu ola bilər. Yaxşı deyiblər: Allah adamın ağlını əlindən almasın. Hansı yasda, hansı vəzifədə, lap elə ABŞ prezidenti postunda olur-olsun...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024