İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın təhlükəli məzuniyyəti – Rusiya Qafqazda çevriliş planları qururkən...

Ermənistan Baş naziri Nikol Paşinyan 5 günlük (18-23 iyul) məzuniyyətə çıxıb. Bu müddət xaricdə istirahət üçün yəqin ki, kifayət eləməz. Deməli, o, böyük ehtimalla, “real Ermənistan”ın sərhədləri daxilində olacaq.

Nikolun kilsə ilə, həbs etdirdiyi oliqarx-milyarder Samvel Karapetyanın dəstəsi ilə, Rusiyaya bağlı digər qüvvələrlə ölüm-olum savaşının pik vaxtında, Kremlin yeni çevriliş planları cızdığı vaxtda görəsən nə istirahət? Bu, olsa-olsa, yəqin ki, nəfəs dərmək üçün kiçik bir tənəffüs, yaxud “mini-atəşkəs” ola bilər...

Qısası, istirahət zamanı deyil. Ələlxüsus Rusiyadan Ermənistana hədələrin artdığı zamanda. Şübhə yox ki, Paşinyanın srağagünkü mətbuat konfransından sonra Kremlin Nikol Vovayeviçə qəzəbi birə-iki artıb. Ən azı onun “Rusiya ilə münasibətlərimiz daha əvvəlki kimi olmayacaq”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıdışımız mümkünsüzdür” kimi sözlərindən və Zəngəzur dəhlizi ilə bağlı Rusiyanı ofsatyda qoyan açıqlamasından sonra.

Görək dediyinin üstündə dura biləcəkmi?

Yeri gəlmişkən, “Hraparak” nəşrinin iddiasına görə, baş nazir bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan gələn ilin fevralında KTMT-dən çıxacaq. Ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı...

KTMT isə Putindən ötrü MDB-dən də mühüm qurum sayılır. Çünki birincisi, orada hərbi komponent əsasdır. Ölkələrin bir-birinə hərbi cəhətcə bağlılığı isə iqtisadi bağlardan daha ciddi və möhkəm sayılır. “Rus NATO-su”nda dominant dövlət də ki, məlum - Rusiya.

İkincisi, şübhə yox ki, Putin KTMT-ni gələcəkdə onu digər postsovet və hətta bəzi Şərqi Avropa ölkələri hesablına genişləndirmək üçün bir özək, tramplin kimi görür. Yəni Rusiyadan ötrü bu, eyni zamanda, özünü güc mərkəzi kimi təsdiqləmək baxımından önəmlidir, lap dəqiqi, beynəlxalq imic, nüfuz məsələdir. Təhlükə həm də bundadır.

Heç təsadüfi deyil ki, Moskva yetkilələri dəfələrlə Qafqazın açar dövləti kimi Azərbaycanın bu bloka qoşulması üçün cəhdlər edib. Xüsusən də 44 günlük müharibədəki Zəfərdən sonra guya Putinə minnətdarlıq jesti kimi Bakıdan üzvlük umulub. Azərbaycan isə haqlı olaraq rədd cavabı verib. Sadə səbəbə: Moskva təmsil olduğu birlik və bloklarda postsovet məkanı ölkələrinin suverenliyinə yuxarıdan aşağı baxır. Dilbir, dinbir qonşu Ukraynanın başına gətirilənlər buna bariz sübutdur...

Azərbaycan da vaxtilə “Rus NATO-su”nda olub. Amma Kremlin uzaq perspektivə hesablanmış hiyləsini başa düşüb, qısa zaman sonra oradan çıxıb. Düz də edib. Bizim orda nə işimiz. Bu mənada Ermənistanın da gec də olsa bloku tərk eləməsi əslində Azərbaycanın da maraqlarına uyğundur. Ona görə ki, bu KTMT-nin ümumən Cənub Qafqazı tərk eləməsi anlamına gələcək. Üstəgəl, “5-ci kolon”un əsas hərbi dayağı sayılan Gümrüdəki 102-ci rus bazasının varlığı mənasızlaşacaq – təbii ki, Ermənistan üçün.

Paralel surətdə gedişat İrəvanı Bakı və Ankara ilə barışığı sürətləndirməyə, vadar edəcək, xalqları yaxınlaşması zamanın imperativinə çevriləcək. Sülh müqavilələri tezləşəcək, regionda daim sakitlik və əməkdaşlığın önü faktiki açılmış olacaq. Zira, Rusiya əsgərinin ayağı dəyən yerdə ot bitməz. Əlahəzrət zaman buna öz “möhürünü” çoxdan basıb...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR