Onlayn ictimai-siyasi qəzet
Kaledoniya deyəndə adamın yadına əvvəlcə məşhur səyyah Ceyms Kuk, sonra məşhur müğənni Vladimir Vısotski və onun məşhur bardı (“Nə üçün aborigenlər Kuku yedilər”) düşür.
Məsələ ondadır ki, Avstraliya materikinin 2000 kilometrlik məsafəsində yerləşəm Yeni Kaledoniyanı Kuk kəşf edib.
Bu ada Şotlandiyada mövcud olmuş qədim Kaledoniyanın şərəfinə Yeni Kaledoniya adlandırılıb və iş elə gətirib ki, sonradan bu yerlər Fransa imperiyasının müstəmləkəsi olub.
O olan, bu olan, Fransa hələ də oradadır. Bu ölkə dünyanın dörd bir tərəfindəki müstəmləkələrini (220-dən çox) ard-arda itirib, amma Yeni Kaldeniyadan əl çəkmir, aborigenlərə öz dövlətlərini qurmağa imkan vermir.
1987-ci ildə Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum keçirilib. Referendum müstəqillik tərəfdarları tərəfindən boykot edildiyindən səsvermədə seçicilərin cəmi 59%-i iştirak edib, seçki məntəqələrinə gələnlərin isə yalnız 1,7%-i müstəqilliyə səs verib.
1998-ci ildə Numea sazişi imzalanıb, bu sazişə görə, 20 ildən sonra ada sakinləri iki il fərqlə üç müstəqillik referendumunu keçirmək hüququ qazanıblar. Sazişdə nəzərdə tutulan ilk referendum 2018-ci il noyabrın 4-də keçirilib. Bu səsvermə "dövlət səlahiyyətlərinin Yeni Kaledoniyaya verilməsi, tam məsuliyyət daşıyan beynəlxalq status, habelə vətəndaşlığın təşkili" ilə bağlı olub. Referendumun nəticələrinə görə, səs verənlərin 56%-dən çoxu müstəqilliyə qarşı çıxıb.
İkinci müstəqillik referendumu 4 oktyabr 2020-ci ildə keçirilib. İştirak edənlərin 53%-i müstəqilliyin əleyhinə olub. 2021-ci ilin dekabrında üçüncü və yekun referendum keçirilib, bu referendumda 95% ərazinin Fransadan ayrılmağa qarşı çıxıb.
Bu, ona görə belədir ki, adanın demoqraafik tərkibi çoxdan dəyişilib. Aborigenlər azalıb, vaxtilə əcdadları və özləri Fransada doğulan, sonradan Yeni Kaledoniyaya köçən “gəlmə”lərin sayı artıb və onlar Fransadan qopmaq istəmirlər. Üstəlik, adada hakimiyyət onların əlindədir, seçkiləri də özləri təşkil edir, bülletenləri də özləri sayırlar.
İndi Kaledoniyanı dünyanın xəbər gündəminə çıxaran hadisə odur ki, adada Fransaya qarşı hərəkətlənmə var.
Ölkəmizin minlərlə kilometr uzaqdakı Fransa müstəmləkəsinə diqqəti o üzdəndir ki, Yeni Kaledoniyada yerli polis ora ezam olunmuş jurnalist həmvətənimizə, “Azərtac”ın əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq hərəkətlər edib, onunla kobud davranıb, peşə fəaliyyəti ilə məşğul olmasına imkan verməyib.
Bu, nə deməkdir? Bu, o deməkdir ki, öz jurnalistləri üçün dünyanın hər yerində, istənilən qaynar nöqtədə sərbəst və təhlükəsiz iş şəraiti tələb edən Fransa özünə gələndə başqalarına belə bir hüququ tanımır və şərait yaratmır.
Başqa vaxt dil doğaza qoymadan söz və mətbuat azadlığından danışan, jurnalistlərin hüquq və azadlıqlarını müdafiə edən 47 beynəlxalq təşkilat yaradan dairələr isə bu situasiyalarda sadəcə susqun-susqun müşahidə aparırlar.
Bunlar öyrəşib ki, problemli ölkələrdə söz və mətbuat azadlığının məhdudlaşdırılmasını baş töhməti etsinlər, amma özləri bu xüsusda hər hansı bir irad, tənə hədəfi olmasınlar. Bunların agentlik və qəzetlərinin reportyorları başqa ölkələrin daxilindəki problemləri qabarda, hətta araqarışdıran materiallar verə bilərlər, amma o biri ölkələrin jurnalistlərinin onlara qarşı o cür davranmaq hüququ yoxdur.
Belə bir ayrı-seçkiliyin olduğu “Vikiliks” portalının rəhbəri Culian Assanjın başına gələnlərdən bəlliydi. Adamın başqa dövlətin qanunları qarşısında heç bir öhdəliyi və məsuliyyəti olmadığı halda sırf əlinə düşən məxfi materialları dərc etdiyi üçün beynəlxalq miqyasda təqibə məruz qalmışdı, səfirliklərdə gizlənirdi.
Ona münasibətdə söz və mətbuat azadlığı, ifadə özgürlüyü kimi demaqogiya səciyyəsi daşıyan şeylər yaddan çıxmışdı, ABŞ və digər ölkələr uzun illər onu ələ keçirib cəzalandırmaq üçün hər yola baş vurdular. Çünki Assanj böyük dövlətlərin liderlərinin başqa ölkələrə münasibətdə hansı məkrli planlara malik olduqlarını, öz səmimi və məxfi yazışmalarında real olaraq nə düşündüklərini ifşa etmişdi. Bu üstü açılan söhbətlər, detallar superdövlətlərə sərf etmirdi. Ona görə də onlar özlərinə qarşı yönəldiyi üçün söz və mətbuat azadlığını boğmaq istəyirdilər.
2022-ci ildə Culianı Ekvador səfirliyində həbs edən Britaniya Daxili İşlər Nazirliyi onu ABŞ-a ekstradisiya etmək qərarına gəlib. Assanjı ABŞ-da 175 il həbs cəzası gözləyir. Bu ilin iyununda isə İngiltərə və Uelsin Ali Məhkəməsi Assanjın ekstradisiyası qərarından verdiyi şikayəti rədd edib. Yəni onu ABŞ-a verəcək və cəzalandıracaqlar. Yalnız ona görə ki, o, öz peşə fəaliyyəti ilə məşğul olub. Ancaq Assanj ABŞ vətəndaşı olsaydı və öz fenomenal qabiliyyətini ABŞ-ın dövlət maraqları üçün istifadə etsəydi, başqa dövlətlərin sirlərini öyrənib MKİ-yə servis etsəydi, o zaman ona dövlət mükafatı verəcəkdilər və bu, söz azadlığının təntənəsi demək olacaqdı.
Uzun sözün kəsəsi, böyük dövlətlərin siyasi liderlərinin və propoqondistlərinin il on iki ay demokratiyadan, insan haqlarından, ifadə azadlığından bəlağətli çıxışlar etməsinə inanmaq olmaz. Onlar bu ifadələrdən yararlanaraq başqa ölkələr üzərinə basqılar qurur, bu üsullarla az qala hər bir ölkənin ən kiçik hücrələrinə soxula, orada iş apara, tərəfdar toplaya, ardıcıllarından ibarət şəbəkə formalaşdıra bilirlər. Ancaq iş özlərinə gələndə başları çönür. Onlara işləyən reportyorlar gəlib Söyüdlüdən videomaterial hazırlaya bilərlər, amma bizim reportyor Yeni Kaledoniyadan material hazırlaya bilməz. Budur acı və çılpaq gerçəklik.
P.S. Vısotskinin məşhur mahnısında aborigenlərin Kuku nəyə görə yeməsinin səbəbi göstərilib: ac olublar, yeyiblər. Görünür, Yeni Kaledoniya əhalisi indi də tox deyil, ona görə ayağa qalxıb.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ