İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanında paparassi gəzdirən “ulduz”lar - Hovuzda çimmə kələyi

Dünya mediasının Vaşinqtondakı görüşdən, sülh sazişindən, “Tramp yolu”ndan danışdığı bir vaxtda milli mediamızda müğənni Damlanın hovuzda çimməsini əks etdirən görüntülərin yayılması çox sevindirici oldu.

Gerçəkdən beləydi. Adamlar siyasi xəbərlər oxumaqdan yorulmuşdular, bir az da estetik gözəlliklərdən zövq almaq, intim fantaziyalara dalmaq ehtiyacı yaranmışdı. Bu baxımdan saytlarda bir müğənni xanımın hovuz görüntülərinin (sırf özü tərəfindən) yayılması göydəndüşmə nemət idi.

Fəqət belə bir başlığı oxuyub da, təcili şəkildə xəbəri açanları məyusluq gözləyirdi. Çünki həmin görüntülərdə Damlanın yalnız başı görünürdü. Hanı bəs müğənni xanım hovuzda qurbağa üzüşü üzəcəkdi, suyu süzülə-süzülə hovuzun dəmir məhəccərlərindən yapışaraq aram-aram sudan çıxacaqdı, kameraman qardaş onun vücudunu təpədən topuğa qədər yavaşıdılmış kadrlarla nümayiş etdirəcəkdi? Hanı?

Biz belə görmüşük. Xaricdə belə edirlər. “Titanik”də Cekin başını yeyən aktrisa Keyt Uinsletin elə videoları var ki... Cenifer Lopes, Ancelina Coli xalqı heç vaxt o cür aldatmazdı. Onlar hovuzda çımmək videosu yayırlarsa, bunu, necə lazımdır, edirlər, ta quruca baş görüntüsü ilə xalqı aldatmırlar. Oxucu belə aldanışları sevmir. Üz döndərər, boykot edər. Sabah “Müğənninin hamamda görüntüsü yayıldı - VİDEO” xəbəri yayılar, açıb baxmaz. Çünki bir dəfə aldadılıb. Damla və onun yaradıcı qrupu oxucunun hissləri ilə oynayıb.

Bizim müğənnilər nahaq yerə belə işlər edirlər. Keçən il Aygün Kazımova da xalqı aldatmışdı. Onun barəsində yayılan “Aygün Kazımova çimərlikdə görüntüləndi - VİDEO” başlıqlı xəbərin içində, demək olar ki, heç nə yox idi. Uzaqdan görünürdü ki, Aygün Kazımovaya oxşayan bir qadın dəniz kənarında o yana-bu yana gedir. Özü də paltarlı halda. Düzdür, son 30 ildə xalqımız Aygün xanımın hər halını görüb, amma yenə də maraqlıydı ki, növbəti plastik əməliyyatdan sonra onun fizionomiyasında hansı dəyişikliklər olub. Başqa pis niyyət yox idi. Yalnız ülviyyət. Mənəvi paklıq-zad.

İndi isə Damla 11 saniyəlik baş görüntüsü ilə oxucuları aldadır. Sanki xalqımız nə hovuz görüb, nə də orada çimişənləri. Bakı hovuzla doludur. Çimərliklərdə isə N qədər hər iki, hətta hər üç cinsdən çimənlər, qumda uzananlar var. Sadəcə, xalq öz sənətçisinin təkcə başını yox, həm də gümüş topuğundakı xalını görmək istəyir. Maraq bu üzdəndir.

Bu, həm də yoluxucu presedentdir. Sabah başqa müğənni xanımlar da belə yalançı hovuz, çimərlik videoları paylaşacaqlar. Hər kəs bu xalqı bir dəfə bu cür aldatsa, onda necə olar, sənətə, sənətçiyə hörmət qalarmı?

Bax, belə olur ki, sənətçi xanımların haqqında yaxşı-yaman sözlər danışırlar. O gün çimərlikdə qumda uzanmışam, böyrümdə iki yekə kişi təzə çıxan müğənni qızlardan danışırlar. Biri deyir ki, Əbülfət, ... (ad çəkir) yaxşı oxuyur, həm də gözümə çox şirin dəyir, kübar qızdır. Böyrünü quma vermiş Əbülfət isə müğənninin yaxşı oxuması fikri ilə razılaşır, amma əlavə edir ki, Murad, “kü” artıqdır, o,“bar qızı”dır, onu əvvəl filankəs (ad çəkir) saxlayırdı, indi də başqası saxlayır. Murad da deyir ki, insafən, pis saxlamırlar.

Bu baxımdan gərək müğənnilər az paltarlı və ya paltarsız şəkilləri, videoları ilə gündəmə gəlməsinlər. Adlarına söz çıxır. Düzdür, bu, onların çoxunun vecinə deyil, hətta bundan öz şöhrətləri üçün istifadə edirlər, amma kişi qohumlarının qulağı tez-tez cingildəyir.

Budur, Lenta.ru saytında belə bir xəbər var: “Emili Ratakovski bikinidə sinəsini nümayiş etdirir”. Sənətçi belə olar. Düzdür, bu dəqiqəyə qədər müəllif Emilinin nə işlə məşğul olduğunu bilmirdi, amma artıq bilir. Bir neçə yüz min adam da onun kimi. Çünki ledinin nümayiş etdirməyə sənəti var. Yaxşı aktrisaymış. Xəbərdə bildirilir ki, keçən ay o, şezlonqda tam çılpaq uzanıb, şəkil çəkdirib. İndiki “ulduzlar”ın bu işi yaxşıdır, şəkillərini paparassilər çəkmir, özləri yanlarında paparassi gəzdirirlər ki, pərəstişkarların aclığını doyursunlar.

Damlanın "paparassi" kameramanı isə yaxşı işləmir. O nə video idi? Adam sənətinə vicdanla yanaşar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

12 Avqust 2025

10 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

05 Avqust 2025

03 Avqust 2025

02 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025

28 Iyul 2025

26 Iyul 2025

24 Iyul 2025

23 Iyul 2025

21 Iyul 2025

19 Iyul 2025

17 Iyul 2025

15 Iyul 2025

13 Iyul 2025

11 Iyul 2025

09 Iyul 2025

07 Iyul 2025

05 Iyul 2025

03 Iyul 2025

30 Iyun 2025

28 Iyun 2025

26 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

20 Iyun 2025

18 Iyun 2025