Onlayn ictimai-siyasi qəzet
Aparıcı İlhamə Nasirin mülki həyatda hərbi forma geyən, özlərini qazi kimi təqdim edərək özbaşınalıqlara qol qoyan şəxslər barədə dedikləri və hərbi ekspert Üzeyir Cəfərovun qazilər arasında mülki həyatda özlərini layiqli apara bilməyənlərin olduğunu etiraf etməsi adamın yadına Stalinin 27 nazirinə kələk gəlmiş “veteran” Vaysmanın iştəklərini salır.
Ukraynanın Jitomir şəhərində doğulan Veniamin Vaysman adi, amma çox hiyləgər dələduz olub. II dünya müharibəsi zamanı xırda oğurluqlar, cibgirliklər, dələduzluqlar etdiyinə görə həbsxanalarda yatan Vaysman 1945-ci ildə həbs düşərgəsindən qaçıb, konvoy itləri 40 dərəcəlik şaxtada onun iyini ala, izini tapa bilməyiblər. Nəticədə Vaysman 4 gün meşədə dönüb-dolaşıb, yaxın bir qəsəbəyə çıxanda məlum olub ki, şaxtada ayaqlarını becərib. Onun ayağının ikisini də amputasiya ediblər. Sovet hökuməti hesab edib ki, ta bu əlil adamdan zərər gəlməz, onu həbsdən buraxıblar.
Vaysman hələ həbsdə olarkən düşünüb ki, əlilliyindən istifadə eləsin. O, kriminal aləmdəki dost-tanışları vasitəsilə “Lenin” ordeninin və Sovet İttifaqı Qəhrəmanı adını müşayiət edən “Qızıl ulduz” medalının əslindən seçilməyən kopyalarını hazırlatdırıb. Biri bəs etməyib, iki “Qızıl ulduz” düzəltdirib. Sonra pivəxanalarda əsl veteranlarla oturub-durub, onların danışdığı müharibəyə aid epizodları iti beyninə həkk edib, bazardan zabit mundiri, poqon-filan alıb, “kapitan” olub və bir-bir nazirliklərə gedərək özünü “vətən müharibəsinin qəhrəmanı” kimi təqdim edib. Adamın geyiminə, orden-medallarına, əlil durumuna baxıblar, cibinə nağd pul qoyublar, paltar-palaz veriblər. Beləcə, Vaysman güc nazirlikləri istisna olmaqla hər nazirlikdən yardım alıb – birindən 2-3 min rubl, birindən 9.5 min rubl, “arvadı” üçün libas, jaket, parça, “qızı” üçün kürk və s.
Onun bir tapançası da olub, nazirliklərə gedəndə mühafizəyə və ya katibəyə təhvil verirmiş. Tapançanın üstündə yazılıbmış: “Vasili Stalındən döyüş dostu Kuznetsova”. Adam özünü Stalinin oğlunun cəbhə yoldaşı kimi təqdim edirmiş, hətta təvazökarcasına eyham edirmiş ki, Vasilinin ona can borcu var – guya ki, rəhbərin oğlunu ölümdən xilas edib.
Vaysman bu cür dələduzluqları ilə Kiyevin mərkəzində mebellə təchiz olunmuş ev də alıb. Bəs necə? “Müharibə qəhrəmanı” kommunal evdə və ya kirayədə yaşamalıdır?
Onun fırıldaqçılığın üstü elə Vasili Stalinin adından çox istifadə etdiyinə görə açılıb. Bir dəfə aviasiya sənayesi naziri Mixail Xruniçev Vasili Stalinlə görüşəndə yerini şirin salmaq üçün öyünə-öyünə deyib ki, yoldaş Stalin, bu yaxınlarda sənin bir cəbhə yoldaşına kömək etmişəm. Vasili deyib, nə Kuznetsov, mən heç bir Kuznetsovu tanımıram, o adam adi fırıldaqçıdır.
Vasili Stalin bu barədə atasına da deyib və İosif Stalin dələduz “veteran”ı tapmaq üçün lazımi strukturlara bir həftə vaxt verib. Vaysmanı tapıblar, növbəti “ziyarət”i zamanı onu yaxalayıblar və heç nəyi inkar etməyib. Türmədə günə-gün yatandan sonra o, azadlığa çıxıb, milis şöbəsinə gələrək deyib ki, mənə iş və qalmağa yer düzəldin və and içib ki, bir daha dələduzluq etməyəcək. Adam doğrudan da daha heç nə etməyib, sadəcə, yaşadığı əlillər evinin direktorunu və mühasibini dələduzluq etdiklərinə görə tutdurub.
Belə adamlar həmişə olub və olacaqlar. Pis olan məqam odur ki, elələrinin içində həqiqətən də müharibədə olan şəxslər var və onlar hamını özlərinə borclu sayırlar.
Əslində isə müharibə iştirakçılarının hamısı eyni cür xidmət etməyiblər. Qabağa gedən, od-alovdan keçən və şəhid olanlar var. Ən qızğın döyüşlərdə ağır yaralananlar var. Qızğın olmayan döyüşlərdə yüngül yaralanan, səngərdən 5-10 km arxadəykən minomyot qəlpəsi ilə xəsarət alanlar var. Döyüş üzü görməyən, amma işğaldan azad olunmuş ərazilərdə patrul xidməti həyata keçirənlər var. 44 günlük müharibənin 44-cü günü səfərbər olunan və elə həmin axşam döyüşlərin bitdiyi barədə xəbər alanlar var. 44 günün 44-ündə də rezerv birləşmədə döyüşə göndəriləcəklərini gözləyənlər var. Və başqaları var.
Onların hamısı veterandır, hamısına hansısa yaşayış məntəqəsinin alınmasına görə medal verilib. Hamısı vətənin ağır günündə əyinlərinə hərbi forma geyib düşmən üstünə getdiklərinə görə fəxr edə bilərlər. Ancaq kimsə veteran statusundan sui-istifadə edəndə məsələnin mahiyyəti dəyişir. Hər kəsin öz haqqını tələb etmək hüququ var, amma heç kəsin bu hüquqdan sui-istifadə etmək haqqı yoxdur.
Ancaq görürük ki, bəziləri az-az olsa da, qazi statusundan özlərinə cəmiyyət içində üstünlük qazanmaq üçün yararlanırlar, tez-tez başqalarına töhmət edirlər: "Siz burda isti torğan-döşəkdə yatanda, mən orda vuruşmuşam".
Sürdüyü avtomobilin arxa şüşələrinə “Qazi maşını” yazanlar var. Buna ehtiyac varmı? Bu, ona görədir ki, başqaları ona yol versin və ya DYP patrulu onu saxlamasın? Zatən, qayda pozmayanı saxlayan yoxdur, qayda pozan isə qazi olsa da saxlanılmalıdır, olmasa da.Belə hərəkətlər ümumilikdə qazilərə hörməti azaldır. Təsəvvür edin ki, bir neçə fürsətcilin əməlinə görə on minlərlə igid vətən oğlunun şanlı reputasiyasına xələl gəlir.
Vaysman ona görə “veteran” adı ilə dələduzluq edirdi ki, əlil idi və əlindən başqa iş gəlmirdi. Sapsağlam adamlar elə hərəkət etməməlidir.
Bir gün kimsə yaxalanacaq, araşdırılanda məlum olacaq ki, Alxanlı postunu o tərəfə keçməyib, o zaman biabırçılıq olacaq.
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ