İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç dəfə doğulan milli Dionis

“Azərbaycanlı iş adamı” ifadəsini oxuyanda həmişə mənim gülməyim gəlir. Nəyə görə? Çünki ölkəmizdə iş qurmaq, biznesmen, qanuni milyonçu olmaq istəyən zavallıların acı taleyi yadıma düşür. Əslində iş adamının azərbaycanlı olması əsasən xaricdəki fəaliyyət baxımından xüsusi vurğulanır, lakin o tərəflərdən də bizimkilərin xoş sorağını almırıq. Ya görürsən hansısa qanunsuzluq edirlər, hesabları, əmlakları, bəzən özləri həbsə girir, ya da vurub öldürürlər, gətirib hansısa obada qəbirüstü heykəlini qoyuruq. 

Bügünlərdə Türkiyədən gələn növbəti “azərbaycanlı iş adamı” xəbəri də fərqlənmədi. Ancaq bu lotunun əhvalatı bir qədər zəngin xüsusiyyətlərə malikdir. 

İstanbulda dələduzluq etdiyi üçün yaxalanarkən adam Albaniya vətəndaşı imiş, pasportunda adı Dionis Şaholli şəklində. Araşdırmalarla onun bundan qabaq Rusiyada Hamzat İsmayılov adıyla pasport aldığı üzə çıxıb. Lap əvvəldə isə lotunun Azərbaycanda doğulan Azad İsayev olması aşkar edilib. Sən demə Azad müəllim hələ 10 il qabaq Bakıda camaata 2 milyon manat atıb, aradan cırıbdır və hüquq-mühafizə orqanlarımız onu İnterpol xəttiylə axtarırmış. 

Əlbəttə, bütün dələduz və lotularımız kimi Azad müəllimin də incəsənət aşiqi olması ortaya çıxıb. Sən demə mahnı bəstələyib xalq artistlərimizlə əməkdaşlıq edirmiş. Biriylə qucaqlaşmış şəkli də var. 

Başqa cür mümkün deyil, çünki bizim cinayətkarlar adətən incə qəlbli olurlar. Çox demirəm, elə ünlü killer-polkovnikimiz Hacı müəllimi yada salmaq bəsdir. Hacı müəllim camaatı oğurlayıb Qarabulaqda basdırandan sonra üstlərində Misir ehramları tikərdi, girovların qışqırtısı eşidilməsin deyə ərazidə xalq artistlərimizin konsertlərini düzəldərdi. Axırda MTN izolyatorunda ölməzdən öncə də rəssamlıqla məşğul olurdu, dadaizm üslubunda (özü belə deyirdi, təbii ki, o əsərlərə dadaizm deməklə Balaəliyə Bob Dilan deməyin fərqi yoxdur) rəsmlər cızmaqara edirdi. 

İndi hörmətli xalq artisti milli dələduzumuzla tanışlığını inkar edir, deyir bir-iki mahnı yazmışdıq, ona görə qucaqlaşmışdıq. Sözgəlişi, həmin mahnıların adından dələduzluq yağır: “Sevgiyə bax”, “Son görüş”, “Ağla”. Adam açıq mesaj verib ki, mənə inansanız aradan cırıb, ananızı ağladacam, bunlar da 2 milyonu qapdırıblar. 

Ümumiyyətlə, xalq artisti ilə qucaqlaşmaq dələduzluğu mənəvi baxımdan körükləyirmi, xalq artistləri qucaqlaşmaq üçün adam seçərkən xalqdan məsləhət almalıdırmı, dələduz özü xalq artisti çıxsa nə etməliyik və sairə bu kimi incəsənət mövzuları olduqca ziddiyyətli, düşündürücü, həlli vacib problemlərdir. 

Elə bugünlərdə başqa bir xalq artistinin patriotizm sarıdan qısır olması üzə çıxmışdır. Deyiblər get Qarabağda oxu, pul istəyib. Ah, aman! Nə qədər vicdansızlıqdır! Qarabağda bütün işlər şəffaf olmalıdır. Biz sənə xalq artisti adı vermişik, sənin də canın çıxsın, xalqın toy-bayramında müftə oxu. Əslində müftə də sayılmaz, çünki xalq artistinin aylıq təqaüdü 200 manatdır. Müharibə veteranı 80 manat alır, həmin torpaqda oxumaqdan imtina edən xalq artisti isə 200 manat. Buyurun. Dünya birliyi bu ədalətsizliyə nə üçün dözməlidir? 

Sözgəlişi, bu yaxında bir nazirin oğlu döyüşdə həlak oldu. Təşvişə düşməyin, əhvalat Qəzzada olmuşdur, nazir də İsrailin dövlət naziridir. 

Türkiyədə tutulan lotumuz istintaqa ilkin Azad adı haqda məzəli izahat verib: “Mənə uşaq vaxtı Azad deyirdilər, ancaq adım Dionisdir”. Lap saqqallı lətifədəki əhvalatdır. Quldurlar avtobusu ələ keçirib, camaatı soyur. Bir qadına yaxınlaşanda adını soruşurlar, deyir adım Fatmadır. Quldurbaşını ağlamaq tutur, deyir bu qadını soymayın, rəhmətlik anamın adı Fatma olub. Sonra bığıburma birisinə yaxınlaşırlar, deyir adın nədir, adam: “Qardaş, mənim adım Əlimərdandır, ancaq uşaq vaxtı mənə də də Fatma deyərdilər”. 

Prinsipcə, Dionis şərab, kef tanrısıdır, burda da hardasa Azad mənası var. Hələ bu da var: Dionis söz olaraq “iki dəfə doğulan” deməkdir. Azad müəllim 3 dəfə “doğulsa” belə...

Milli dələduzlarımız savadlı, sənətsevər adamlardır. Rza Sərrafı xatırlayın, məsəl üçün. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024