Onlayn ictimai-siyasi qəzet
Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi və ya dondurulacağını bütün dünya səbirsizliklə gözləyir. Söhbət təkcə ondan getmir ki, qanlı hərbi toqquşmadan sonra bəşəriyyət nüvə savaşı sarıdan, nəhayət, rahat nəfəs ala, yaxud qlobal iqtisadiyyat üçün logistik baxımından əlverişli dönəm başlaya bilər. Söhbət ən əvvəl Putin Rusiyasının müharibədən necə çıxacağından gedir.
Əslində dünya üçün, qlobal sülh və təhlükəsizlik üçün, regional əməkdaşlıq üçün bu, daha böyük önəm kəsb edir, nəinki digər gözləntilər. Çünki ağzında “şirə” qalan “şimal ayısı” böyük ehtimalla, Ukraynadakı “uğurlarla” kifayətlənməyəcək. Nəzərini az sonra digər “yaxın xaric” ölkələrə də atacaq.
Onların sırasında türk dövləti Qazaxıstanın adı ön sırada çəkilir. Hansı ölkənin ki, Rusiya ilə böyük sərhədi var və onun sərhədyanı (şimal) bölgəsində əsasən rusdilli əhali, ruslar yaşayır...
Əfsus ki, “şirə” məsələsinə dünyanın supergücü ABŞ-ın özü də bilərəkdən və ya bilməyərəkdən Moskvanın əlinə oynamaqda, ona təhlükəli “pas” ötürməkdədir. Məsələn, Trampın xüsusi elçisi Stiv Uitkoff dünən verdiyi açıqlamada Ukrayna məsələsində Kremlə torpaq güzəştini mümkün sayıb. Qeyd edib ki, Putinlə son görüşdə Ukraynada nizamlanma kontekstində “ərazilər məsələsini müzakirə edib və bu məsələ qismən həllinin tapa bilər”.
“The Wall Street Journal” yazdığına görə, Uitkoff Moskvanın nizamlanma çərçivəsində “bəzi bölgələrini” saxlaya biləcəyini bəyan edib. Ardınca iddia edib ki, rəsmi Kiyevi əhalisi əsasən rus dilində danışan regionlar bir elə maraqlandırmaya bilər. Halbuki Ukrayna tərəfi işğalla barışmayacağını dəfələrlə bəyan edib. Ümumiyyətlə, ərazi güzəşti məsələsi sırf referendum mövzusudur. Zelenski, Ali Rada konstitusiyanı dəyişə bilməz.
Hər şey qırağa dursun, belə çıxır, harda kompakt şəkildə rusdilli icma var, Rusiya oranı özünə birləşdirməyi haqq edəcək? Bu elə “Rusiyanın sərhədləri ruslar yaşayan ərazilərdə bitir” deyən Kreml rəhbərinə yeni “kart-blanş” vermək deyilmi?..
Məlumdur ki, Ukrayna Avropa ilə geniş quru sərhədi var. Qazaxıstanla isə yoxdur. Kiyevə əlindən gələn hərbi-maliyyə yardımı edən kollektiv Qərb, o sırada Orta Asiya uğrunda rəqabətə qoşulan Avropa İttifaqı istəsə belə, bu yardımı Qazaxıstana necə, hansı yollarla çatdıracaq? Ümumiyyətlə, çatdırmaq, kömək eləmək istəyəcəklərmi?
Hərgah bu türk dövləti qonşu Çinlə geniş sərhədə malikdir. İki ölkə arasında xüsusən də son on ildə isə kifayət qədər güclü iqtisadi bağlar yaranıb, ikitərəfli iqtisadi-ticari əməkdaşlıq dərinləşib. Pekin Qazaxıstana böyük sərmayələr yatırıb və dinamika artmaqdadır. İqtisadi bağlılıq isə siyasi bağlılığı müəyyən edən amildir. Odur ki, məntiqli sual ortaya çıxır: Pekin Moskvanın Qazaxıstana qarşı Ukrayna analogiyasına bənzər hərbi ekspansiyasına imkan verərmi?
Yəqin ki, yox. Birincisi, Çin yarım-təcrid durumda olan və Qərbin ağır sanksiyalarından tezliklə qurtula bilməyəcək Rusiya üçün də mühüm və əvəzsiz tərəfdaşdır. Pekinlə münasibətləri pozmaq Moskvaya ucuz başa gəlməz. Elə ABŞ-ın çalışdığı da bu deyilmi? Söz düşmüşkən, 2022-di ildə Qazaxıstanda 230 nəfərin ölümü ilə nəticələnən yanvar iğtişaşları zamanı dəvət olunmuş KTMT (“Rus NATO-su”) hərbi kontingentinin ölkədə daimi qalmasına məhz Çinin əngəl olduğu bildirilir.
İkinci yandan, Qazaxıstan tədricən müstəqil güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatının üzvüdür. Bu təşkilat çərçivəsində isə qarşılıqlı köməklə bağlı üzv ölkələrin müəyyən öhdəlikləri var. Yəni Astana ən azından BMT Nizamnaməsinin 51-i bəndinə əsasən müraciət edərsə, Türkiyə də ona köməyə gələ bilər. Bu isə artıq Moskvanın Ankara ilə münasibətlərini də sınağa çəkilməsi demək olacaq...
Və sonda. Amerikalı ekstrasens Cin Diksona görə, 2025-2037-ci illərdə Rusiya ilə Çin arasında müharibə qaçılmaz olacaq. Bu barədə o, 1969-cu ildə yazdığı kitabında qeyd edib. Bunu da elə-belə xatırlatdıq.
Amma təsadüfmü? Artıq 2025-in 4-cü ayını yaşayırıq. “Şər deməsən xeyir gəlməz”. Görəsən “əcəl zəngi” kimin üçün çalınır? Sualın cavabı yüzdə yüz girişdə qoyduğumuz başqa bir sualdan asılı olacaq: Ukrayna müharibəsi necə bitəcək?
13 May 2025
09 May 2025
07 May 2025
02 May 2025
26 Aprel 2025
19 Aprel 2025
14 Aprel 2025
07 Aprel 2025
01 Aprel 2025
24 Mart 2025
17 Mart 2025
14 Mart 2025
12 Mart 2025
07 Mart 2025
05 Mart 2025
28 Fevral 2025
26 Fevral 2025
25 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
10 Fevral 2025
07 Fevral 2025
04 Fevral 2025
01 Fevral 2025
29 Yanvar 2025
27 Yanvar 2025
22 Yanvar 2025
20 Yanvar 2025
17 Yanvar 2025
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ