Onlayn ictimai-siyasi qəzet
“Tanklarla hücuma keçir komsomol,
Təbiət təslim ol, düşmən, təslim ol!"
(Səməd Vurğun)
Dünən Bakıda havanın temperaturu Selsi ilə (bunu mütləq göstərməliyik, çünki Farengeyt ölçü sistemi də vardır) 23 dərəcəyə qalxmışdı. Fevral ayı üçün o qədər normal görünmürdü, məhz bu baxımdan həmkarlarımız hava bürosuna üz tutmuşdular, orada belə absurd cavab alınmışdır: “Cənubdan isti hava axınları ölkəmizə daxil olmuşdur, isti ona görədir”.
Mənasız izahatdır. Umayra xanım iş başında qalsaydı, yəqin daha dəqiq açıqlama verilərdi. Yoxsa ki, havanın isti olmağının isti hava axınına bağlı olduğunu nənəm də söyləyər. Güclü mütəxəssis səbəbləri daha dərindən izah etməyə borcludur. İlk növbədə bu sualın cavabı tapılmalıdır: cənubdan isti hava axınları hansı məqsədlə ölkəmizə gəlibdir? Niyə məhz indi gəlibdir? Bəlkə onları dəvət edən, çağıran olmuşdur?
Şübhəsiz, belədir. Hökumətimizin atalıq qayğısının nəticəsində isti hava axınları fevralda ərazimizə daxil olur. Mayda ilıq hava axınları, iyul-avqustda sərin meh, təmiz şeh kimi iqlim normaları təmin edilir.
Əgər diqqət eləsəniz, ətrafımızdakı bütün dövlətlərdə iqlimin zibili çıxıbdır. Rusiya soyuqdan donur, İranda qum fırtınası Qum mollalarının gözünə dolur, Gürcüstanda sellər, Ermənistanda sürüşmə... Hansını yazasan, birdimi, beşdimi?
Ümumiyyətlə, bütün dünyada iqlim dəyişir. Hətta bu yaxında alimlər təklif etdilər ki, qasırğalara yeni dərəcə verilməlidir, onların dağıdıcılıq gücünü köhnə şkala dəqiq göstərmir. Yeganə bizim 9 iqlim qurşaqlı vətənimizdə hava xoşdur. İqlim qurşağı hər ölkənin belindəki kəmər kimi şeydir, nə qədər çox olsa ölkənin şalvarı düşmür. Şair demişkən, havaya baxıram, hava məxşuşdur, gəzdiyim oylaqlar yadıma düşdü...
Sözümün canı odur ki, əgər bu iş qlobaldırsa, bütün planetdə hava korlanırsa, bizdə niyə korlanmır? Bəlkə hökumət sərhədi pis havanın üzünə bağlamışdır? Yox. Sadəcə, biz havanın yaxşısını götürüb pisini atırıq. Gömrükdə, sərhəd qoşunlarında, hava qüvvətlərində, xüsusi təyinatlılarda, dəniz ordumuzda bunun üçün özəl taqımlar yaradılıbdır.
Ona görə də təzəlikcə belə xəbər oxuduq: “Deputatın oğlu Londondakı evini satdı”. Əcəb eləyib. London niyə yaşamalı yer olsun? Bütün günü yağış, çiskin, duman... Dumanlı Albionda sarayın olmaqdansa, Bakının Günəşlisində daxmada yaşamağı tərcih edirik. Yaşamaq yanmaqdır, yanasan gərək!
Söz xaricdən düşmüşkdən, oradakı kəndli üsyanları haqda fikirlərimi yazmaq istəyirəm. Bunun özü də bizim nə qədər irəli getdiyimizi göstərir.
Yəqin hamınız traktor, kotan və sairə ilə şəhərlərə yürüş edən fermerləri xəbərlərdə görmüsünüz. Avropanın az qala bütün ölkələri kəndlilərin etiraz hərəkatına qərq edilmişdir. Bəzi yerlərdə mal peynini daşıyıb şəhərin baş meydanına tökürlər. Kəndlilər hökumətlərin aqrar siyasətindən narazıdır. Bəs bizdə niyə kəndli hər şeydən razıdır? Çünki lazım gəlsə hər şeyi onun əvəzindən hökumət edir. Torpağı əkmək, turpu yığmaq, inəyi sağmaq... Hər şey. Nəticədə kəndlilərimiz bekarçılıqdan gəlib paytaxtda taksi sürürlər.
Eyni zamanda şəhərə traktor yürüşləri mənə uşaqlığımı xatırlatdı. İndiki cavanlar bilməz, sovetin vaxtında, 70-80-ci illərdə Azərbaycanın kənd təsərrüfatı rayonlarında, hər payız məhsul bayramı tədbiri olurdu. Bu zaman traktorlar, kombaynlar rayon mərkəzindən parad fason keçid, yürüş edirdi. Lafetin üstündə inək sağan kim, pambıq yığan, üzüm dərən... Əməllicə küçə teatrı, maskarad düzəldilirdi. Raykom katibi tribunada durub əl edirdi, camaat maraqla tamaşaya dururdu, uşaqlar dombalaq aşır, əylənirdilər.
Hesab edirəm indi həmin ənənəni dirçəltməyin zamanıdır. Bununla biz Avropaya nümunə də verərik. Qoy traktorun şəhərə yalnız pis məqsədlə getmədiyini görsünlər.
İndi söz əlaqədar traktoristlərindir.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ