İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənqid edənləri tənqid edənlərin tənqidi

 

Bəri başdan deyim ki, bu ölkədə Qurban Qurbanovu çox istəyən adamların ilk yüzlüyünə daxil olaram ki, o tərəfə keçmərəm. Ona hörmətim, qabiliyyətinə, insanlığına rəğbətim böyükdür.

Özüylə də iki dəfə - Kiyevdə və Brüsseldə görüşmüşəm, qoşa şəklimiz də var, amma harda saxlamışamsa, tapa bilmirəm. Yoxsa burada paylaşardım – məşhur adamlara şəkil çəkdirmək və paylaşmaq şakərim olmasam da.

Bu, danılmaz həqiqətdir ki, məhz bu qardaşın sayəsində silsiləvi futbol qələbələrinin nə olduğunu bilmiş, qələbənin şirin dadını duymuşuq. Avropanın böyük-böyük klublarının Bakıya gəlməsi, paytaxtımızın bir gecəlik də olsa, azarkeş qələbəliyi sarıdan Madridə, Mançesterə, Dortmunda, Liverpula, Milana dönməsi onun zəhmətinin nəticəsidir.

Amma dünyada müqəddəs, toxunulmaz adam yoxdur. Və heç vaxt olmayıb. Hətta adlı-sanlı peyğəmbərlərə də irad tutanlar, dirəşənlər, indiki dildə desək, “neprav” çıxaranlar olub.

Ona görə də srağagünkü məğlubiyyətə görə dünən Qurban Qurbanovu tənqid etmək o qədər haqlı, ədalətli olmasa da, təbii idi. Belə olmalıdır. Tənqid yaxşı şeydir.

Ayrıca onun bahalı köynək geyməsinin dilə-dişə salınması da təbiidir. Şou, əyləncə dünyasıdır. Belə şeylər maraqlıdır. Həm də buna görə onu qınayan yox idi, sadəcə, faktı konstatasiya etmişdilər. Demirdilər ki, o, hansı pulla belə bahalı köynək alıb. Hamı bilir ki, Qurban Qurbanov ölkədə ən yüksək məbləğdə leqal maaş alan adamdır, istəsə, lap 2 milyonluq saat da taxar və gedib İbizada 5+ ulduzlu otellərdə dincələr. (Ümid edək ki, idmançı olduğu üçün o, öz bahalı saatını qolundan aldırmaz – xatirinizdədirsə, o qara geymiş adada həmvətənlərimizin başına elə bir hadisə gəlmişdi).

Bu xüsusda narahatlıq doğuran bir şey yoxdur. Əsl narahatlığı o doğurur ki, Qurban Qurbanova qarşı bir söz deyən, yazan olanda dərhal bir xeyli azarkeş, tərəfdar sözü bir yerə qoyublarmış kimi tənqid edənləri tənqid edirlər. Hətta söyüb təhqir edənlər də var.

Nə olub, nə xəbərdir? Keçmiş uğurlarına görə kimisə tənqid etmək yasaqlansa, onda heç bir sahədə heç bir inkişaf ola bilməz. Sovet vaxtı bir yaxşı söz vardı, demaqoqcasına istifadə olunurdu, amma düzgün söz idi, deyirdilər, “dünənki işinə görə sağ ol, bugünkünə cavab ver”.

Gözəgörünməzə şükürlər olsun ki, Qurban hoca bugünkü işinə görə sadə və inandırıcı cavablar verə bilir, deyir, rəqib güclüydü, biz də ələ düşən fürsətlərdən istifadə edə bilmədik.

Belə bir rəvayət var: Şah valiyə deyir, mən gələndə niyə top atılmadı, vali də deyir, şah sağ olsun, bunun 40 səbəbi var, biri odur ki, topumuz yoxdur. İndi onun sözü olmasın, ayın 28-də “Dinamo”nun qapısına vurmağa topumuz yox idi. Vəssalam.

Bizdən olsa, əlbəttə, gedib “Real”ı Madriddə udar, Ançelottini “Atletiko”nun baş məşqçisi Simonenin gününə salarıq. Hətta, sizi inandırıram, “Qarabağ” ard-arda “Çelsi”yə, “Yuventus”a, “Bavariya”ya qalib gəlsə, amma “Barselona” ilə heç-heçə etsə, Qurban Qurbanovu yenə tənqid edəcəyik ki, bu nə cür komanda idarə etməkdir, niyə vaxtında dəyişiklik etmədi, ilk “onbirlik” düz deyildi, rəqib yaxşı analiz olunmamışdı və s. və i.a.

Başqa sözlə, ardıcıl uğurlara vərdiş edəndə adamın iştahı artır, eyforiyaya qapılır, amma bir babat məğlubiyyət hamını xəyallar dünyasından qoparıb real həyata qaytarır. Ortaya çıxır ki, biz əjdaha-filan deyilik, Avropadakı 500 komandadan biriyik və heç də həmişə qələbə qazanmaq iqtidarımız yoxdur.

Bu işlərdə tərs olan odur ki, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də tənqidi düşmənçilik kimi qəbul edirlər. Söz yox, dünən Qurban bəyi tənqid edənlərin içində marığa yatmış bədxahlar da vardı və onlar əllərinə düşən fürsətdən yararlanmağa çalışırdılar, amma tənqidi fikir səsləndirənlərin çoxu Qurban Qurbanova bir köynək (yenə köynək) yaxın adamlar idi.

Bəzi tənqidi fikirləri ciddi qəbul etmək lazımdır. Ağıl ağıldan üstündür. Çox şey kənardan daha yaxşı görünür. Üstəlik, rəy bildirənlərin arasında 40-50 ilin azarkeşləri, minlərlə futbol matçına baxmış, analiz etmiş adamlar var. Bir şey bilirlər.

Mən də o fikirdəyəm ki, Zaqrebdən 0:1 hesablı məğlubiyyətlə qayıtmaq, burada revanş etmək olardı. Amma olmadı. Canımız sağ olsun. Bu, müharibə deyil ki, 1 dəfə uduzasan, iş bitə. Bu futboldur, gələn il yenə olacaq. O, “Dinamo”nu Bakıda bir dəfə də görəcəyik. Onları ala köynək etmək bizə borc olsun.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024