İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar, yoxsa separatçıların döyüş yoldaşları? – Rusiya 2025-ə hazırlaşır, bəs biz?

Artıq buna zərrəcə şəkk-şübhə yox ki, Rusiya Qarabağda nəinki mülki ermənilərin, həm də çoxminlik silahlı quldurun qalmasında maraqlıdır. Çünki Moskva bunsuz ərazimizdə özünün uzunmüddətli hərbi mövcudluğunu təmin edə bilməyəcəyinin fərqindədir. O üzdən ruslar üç ildir silahlı-silahsız ermənilərin üstündə əsir.

Eyni səbəbdən 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndinə çoxdan tüpürmüş bədməramlı kontingentin axır vaxtlar quldur-banditlərlə faktiki “ət-dırnaq” olması əsla təsadüfi deyil. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə son günlər “sülhməramlılar”ın Qarabağda separatçıların hərbi yüklərini müşayiət eləməsi intensivləşib. Bu himayəyə arxayın olan separatçı-kriminal ünsürlər də nəinki döyüş mövqelərini möhkəmləndirməyə, eyni zamanda yeni istehkamlar yaratmağa çalışırlar. Nazirliyinin yaydığı kadrlardan həmçinin görünür ki, separatçıların mövqelərinə təchizatların çatdırılmasını müşayiət edən Rusiya “sülhməramlıları” qanunsuz erməni silahlı birləşmələrinin üzvləri ilə az qala, döyüş yoldaşları kimi, yəni legitim hərbçilər kimi danışırlar.

Qısası, müvəqqəti nəzarətimizdən kənarda qalan torpaqlarımızda “sülhməramlı”-separatçı dostluğu və ittifaqı günbəgün möhkəmlənir. Yeri gəlmişkən, oyuncaq rejimin “bayraq” adlandırdığı əski parçası hərbi kontingentin Xocalıdakı qərargahı önündə, Rusiya bayrağı ilə yan-yana boşuna asılmayıb ki...

Untitled (1).jpg (73 KB)

Aydındır ki, Moskva bir ovuc dığanı qara qaş-gözünə görə bizdən qorumur. Kremlin təbii ki, bölgədə öz maraqları var və bu maraqlara naminə o, şeytanla da işbirliyinə gedər. Necə ki, gedir - iblis erməni ilə “çaşka-lojka”dır, Azərbaycana qarşı ən “etibarlı” vasitə qismində yenə əsasən “erməni kartı”ndan istifadə edir.

Rusiyalı politoloq-türkoloq Viktor Nadeyin-Rayevski erməni saytlarından birinə müsahibəsində bu xüsusda deyib ki, Moskva üçün Qarabağın itirilməsi Qafqazın itirilməsi deməkdir ki, bu da ondan ötrü qəbuledilmızdir. Rusiyanın Qarabağa, Azərbaycana, ərazi bütövlüyümüz və suverenliyimizə münasibəti bax, bu bircə cümlədə dəqiq əksini tapıb. Çünki Nadeyin-Rayevski öz ağzı ilə danışmır. Onu danışdıranlar var...

İşə bax, sanki Qarabağ rusun dədə-baba torpağıdır, bunlara I Pytordan da əvvəl, İvan Qroznı dönəmindən qalıb. Halbuki Qarabağ – sahibini işarə edən adı üstündə! Siz kimsiniz torpağımızın taleyi ilə bağlı hökm verirsiniz?

Hər şey qırağa, götürüb 22 fevral (2022) Moskva Bəyannaməsini soxasan bu üzdəniraq türkoloqun gözünə, amma o biri yandan baxıb görəndə ki, söhbət Ukraynaya təcavüz edən, beynəlxalq hüquq hərləməyən, atdığı imzaya tüpürən bir dövlətdən gedir, qalırsan belə...

Təkrar edirik, bu təkcə hansısa rusiyalı ekspertin baxışı, mövqeyi deyil, Kreml kabinetlərində hökm sürən ovqatın təzahürüdür. Rəsmi Moskva böyük ehtimalla, məhz belə şəxslərin dilindən Bakıya mesaj göndərir ki, 2025-ci ildə rus bədməramlı qüvvələri Qarabağdan çıxarmaq heç də asan olmayacaq!

Yəni ki, Moskva separatçı ünsürlərin əli ilə ən müxtəlif hoqqalardan, oyunlardan çıxacaq, “Rus icması” layihəsi, hətta Donbas, Abxaziya ssenarilərini işə salmağa çalışacaq. Nadeyin-Rayevski əslində bunun anonsunu verir bizə.

Bu, prezidentinin imzası qara qəpiyə dəyməyən, götürdüyü yazılı öhdəliyi imza atdığı kağızın dəyəri qədər də olmayan, o səbəbə heç bir dostu-zadı olmayan təhlükəli, yırtıcı bir dövlət. Odur ki, hazır olmalıyıq. İşimizi möhkəm tutaq, indidən kontur-tədbirlər haqda düşünək.

Moskvanın bütün mümkün gedişlərinə qarşı əks-gedişlərimiz, “A”, “B”, “C” variantlarımız olmalıdır. Sözsüz ki, qardaş Türkiyə ilə birgə, onunla tandemdə...

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

18 Iyul 2025

15 Iyul 2025

11 Iyul 2025

09 Iyul 2025

07 Iyul 2025

01 Iyul 2025

24 Iyun 2025

21 Iyun 2025

16 Iyun 2025

13 Iyun 2025

11 Iyun 2025

09 Iyun 2025

04 Iyun 2025

03 Iyun 2025

02 Iyun 2025

30 May 2025

28 May 2025

26 May 2025

23 May 2025

19 May 2025

17 May 2025

16 May 2025

13 May 2025

09 May 2025

07 May 2025

02 May 2025

26 Aprel 2025

19 Aprel 2025

14 Aprel 2025

07 Aprel 2025