Onlayn ictimai-siyasi qəzet
Mübaliğəsiz-zadsız, millət adına möhtəşəm, qururverici, tarixi bir dönəm yaşayıq. Hansının ki, əsl dəyəri yəqin ki, bir müddət sonra, yəni zamanla bilinəcək. Çünki uca bir dağın əzəmətini görmək üçün ondan kifayət qədər uzaqlaşmaq, aralanmaq lazımdır.
Bütün hallarda bu bənzərsiz və gözəl hissləri xalqa yaşatdıqları üçün əziz şəhidlərimizə və qazilərimizə, ordumuza, Azərbaycan əleyhinə regional və qlobal geosiyasi şərtləri bir-bir xeyrimizə dəyişən Ali Baş Komandana nə qədər minnətdarlıq edilsə, azdır...
Siyasi şərhçilərdən birinin bu fikri ilə razılaşmamaq çətindir: torpaqlarımızın işğalı ilə bağlı tarixin bu qanlı səhifəsi həmişəlik çevrilib və biz artıq yeni dövrə qədəm qoymuşuq - sürətli inkişaf, milli rifahın yüksəldilməsi və təhlükəsizliyin sırf xarici sərhədlərimiz daxilində qorunacağı dövrə.
Allaha min şükür ki, ilahi ədalət yerini tutdu, milli vücudumuzda on illərlə bizə əzab verən “qəlpə” çıxarıldı! Anamız Azərbaycan nəhayət, şəfa tapdı, rahatlandı – igidlərimizin canı, qanı bahasına. Ən önəmlisi, yeni nəslə “Qarabağ yükü”ndən azad, bütöv dövlət təhvil veriləcək. Onu göz bəbəyi kimi qoruyub eyni şəkildə özündən sonrakı nəslə ötürmək üçün.
Bundan ötrü çox vacibdir ki, sonrakı nəsillər, böyüyən gənclik tariximizi yaxşı bilsin, unutqan olmasın. Dost-düşmənimizi, qoyun cildinə girib süfrəmiz ətrafında əyləşmiş “canavar”ları yaxşı tanısın...
İçimizdə kimsə öz sənətini, peşəsini mükəmməl bilməyə bilər. Faciə deyil, əsas bu ki, hamılıqla yaxın-orta tariximizi, başımıza gələn faciələrin səbəblərini yaxşı-yaxşı yadda saxlayaq. Zira, bizə sırınan məkrli qonşuların xisləti tezliklə yaxşıya dəyişənə oxşamır. “Miatsum” virusunun yeni “ştammı” da peyda ola bilər. Bütün variantlara hazır cavablarımız olmalı. Həm də vaxtında.
Çünki bir xalq ki, öz xoşbəxtliyini başqa millətlərin bədbəxtliyi və torpaqları üzərində qurmaq kimi xəstə təfəkkürdən əl çəkməyib, rifahın, inkişafın və təhlükəsiz mövcudluğun təminatını qonşularla dostluq və əməkdaşlıqda yox, uzaq diyarlarda axtarır, ondan həmişə ehtiyatlanmaq gərək!
Deyilə bilər ki, “göydə süzməyən” gerçəkçi ermənilər də var. Doğru. Amma təəssüf ki, çoxluq içində onların səsi hələ ki, eşidilməzdir. Erməni ictimai-siyasi xadim Sərkis Asatryan kimi.
“Biz dərk etməliyik ki, qonşu seçilmir, qonşu heç yerə getməz. Ermənistan isə dörd qonşu ilə əhatə olunub. Onların hamısı Ermənistandan qat-qat böyük və güclüdür. Qonşularla dost və ya neytral münasibətdə olmaq düşmənçilik etməkdən daha yaxşıdır. Nifrət nitqi keçmişdə qalmalıdır. Azərbaycanlılarla dil tapmalıyıq. Müharibədən sonra özümüzü dərk etməli, nifrətin kökünü kəsməliyik” – Asatryanın sözləridir.
Tanınmış erməni bloger İşxan Verdyan isə özünün Teleqram kanalında yazır: “Ermənistanda Azərbaycan əleyhinə düşmən ritorikası yaxşı heç nəyə gətirməyəcək. İstənilən siyasətin aydın məqsədi olmalıdır ki, ölkənin xeyrinə və ya yaxşılığa doğru yönəldilsin. Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq olunduğu gülünc vəziyyəti təxmin etsək, o zaman Ermənistan bundan heç nə qazanmayacaq və bunun üçün bütün siyasi resurslarını xərcləmək sağlam fikir deyil. Doğrudanmı, Ermənistan üçün yeganə motivasiya şər faşizmidir?”
Əfsus ki, elədir. Odur ki, sadəlövh olmayaq, qələbədən eyforiyaya düşməyək və “miatsum”un mümkün yeni “ştamm”ına qarşı effektiv “peyvənd” haqda da düşünək. Çünki neçə-neçə nəsil dəyişikliyi lazımdır ki, ermənilər öz qonşuları üçün təhlükə kəsb etməyən normal topluma çevrilsinlər. O da yalnız o şərtlə ki, erməni körpələrinə, erməni uşaqlarına bir daha “vəhşi Türk” nağılı danışılmasın.
Dədə Qorqud öyüdü necə idi: “Torpağı qoruya bilmədinsə, əkib-becərməyə dəyməz...” Torpağı yağılardan qorumağın ən etibarlı yolu isə tariximizi yaxşı öyrənib ondan dərs almaqdan başlayır. Tarixdən ibrət götürməyənlər onu təkrar yaşayır. Ermənilər kimi...
Zahid SƏFƏROĞLU
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ