Onlayn ictimai-siyasi qəzet
“Klassik sovet əmisi” olaraq o gün gənclərə verdiyim tövsiyələr birmənalı qarşılanmayıb və onlardan biri məni cümlənin əvvəlində dırnaq işarələri arasında verdiyim titula layiq görüb.
Eybi yox, eloğludur, özü demişkən, yazılarımı oxuya-oxuya yekəlib, onun xətrinə “klassik sovet əmisi” olaram.
Amma mən keçən dəfəki yazımda bir qədər baməzə dildə, ironik səpkidə olsa da, yaradıcı gənclərə yol göstərmişdim, dolayısı ilə demək istəmişdim ki, sağı-solu, dünəni, keçmişi, özünü müdafiə etmək imkanını itirmiş adamları qılınclamaq lazım deyil.
Deyirlər, yox, bu tənqiddir, gənclərin tənqidi söz demək, etiraz etmək, öz yolunu tapmaq hüququnu boğmaq olmaz. Hüquq boğan-zad yoxdur. İstədikləri qədər, həm də hamını tənqid edə bilərlər. Amma baxaq, görək, o tənqid faydalıdırmı, bir mənası varmı?
Məsələn, Nizamini tənqid etmək olar ki, hökmdarların sifarişi ilə və onların şəninə poemalar yazıb. Hətta araşdırıb tapmaq olar ki, onun dövründə haqsız yerə, siyasi motivlərlə tutulmuş adamların həbsdən azad olunması üçün padşaha müraciət etməyib.
Yaxud Füzulini qınamaq olar ki, sinninin altmışında ictimai-siyasi mövzulardan yan keçərək eşqdən-məhəbbətdən yazıb, hələ sultan təqaüdü də alıb, “Leyli və Məcnun”u isə Nizamidən plagiat edib.
Nəsimini zatən öz dövründə tənqid də ediblər, ittiham da, hələ axırda mühakimə də. Biz də götürək, deyək ki, adam sektant olub, qoşulub Nəiminin təriqətinə, özünü bədi-fənaya verib.
Vaqif onsuz da adına söz çıxmış şairdir, biz də onu Rusiyanın 5-ci kolonu olmaqda, ömrünün sonuna qədər intim planda dinc durmamaqda, erotik şeirlər yazmaqda, şəhvətpərəst olmaqda ittiham edək.
Xətaini məzhəbçilikdə, Seyid Əzimi dini inancları ələ salmaqda, Sabiri öz satirik şeirləri ilə xalqı xor görməkdə, Səməd Vurğunu can qorxusundan partiyaya mədhiyyə yazmaqda suçlayaq. Nə olacaq? Bu adları çəkilənlər tənqiddən nəticə çıxaracaq, həyat və yaradıcılıqlarında düzəliş edəcəklər?
Onlar artıq tarixdir, doğruları, yanlışları ilə, şəxsi keyfiyyətlərindən, adamlıqlarından, əxlaqlarından asılı olmayaraq keçmişdədirlər. Biz yalnız onların əsərləri haqqında danışa, təhlil edə, ibrət götürə bilərik. Onların zəif əsərlərinə toxunmasaq da olar. Zəif əsərlər zaman xəlbirindən keçmirlər, unudulub gedəcəklər.
Gənclərə demək istəyirdim ki, onlara qalmaqallarla qazanılan manıs şöhrəti lazım deyil. Manısların işi asandır, il on iki ay yalandan daalaşa-dalaşa efirdədirlər, arada köhnə, amma gözəl mahnılardan birini götürür, yeni oranjemanla, müasir səsyazma cihazlarının köməyi ilə oxuyur və populyarlıq qazanırlar. Bəziləri də “gözəllik ondur, doqquzu silikondur” devizi ilə özünü yığdırır, gözəl olur, şöhrətlənir.
Amma yaradıcı gənclərin belə lüksü yoxdur. Onlar İsmayıl Şıxlının, İlyas Əfəndiyevin, İsa Muğannanın, Sabir Azərinin, Əhmədağa Muğanlının, Rafiq Tağının povest və hekayələrinə imza qoyub yenidən xalqa təqdim edə bilməzlər. Ona görə də yeni əsərləri özləri yaratmalıdırlar. Bunu etmək əvəzinə bütün enerjilərini “klassik sovet babaları”nı, “sovetdənqalma yazıçı-şairləri” tənqid, ittiham, bəzən də təhqir etməyə sərf edəcəklərsə, ortaya bir şey çıxmayacaq.
Dünən adının çəkilməsini istəyib-istəmədiyini bilmədiyim eloğlu Orxan Saffarinin etiraz statusuna yazdım ki, tənqid etmək hüququ təkcə gənc nəslə aid deyil, yaşlılar da sizi tənqid edə bilər, amma sizdə elə bir qənaət var ki, tənqid edə-edə getməlisiz, kimsə sizi tənqid edəndə isə, bu, artıq gənclərə təzyiqdir.
Belə bir ədalət varmı?
Anar və Ramiz Rövşənin tənqid olunmasına etirazıma gəlincə, elə bir etirazım yoxdur, hər kəs onları istədiyi qədər tənqid edə bilər. Yazıçı Anarla şəxsi tanışlığım, üz-üzə gəlmişliyim yoxdur, AYB üzvü də deyiləm. Ramiz Rövşənlə isə iki dəfə hüzr yerində üz-üzə oturmuşuq, onda da molla nəsə oxuyurdu, biz də əlimizi kitab kimi açıb qulaq asırdıq, o imkan verəndə 1-2 kəlmə ixtilat elədik. Vəssalam. Deyirəm, sadəcə, tənqid edəndə ədalətli olaq, həm də eyni adamlara fokuslanmayaq, o qədər başqa yazıçılar, şairlər var ki.
Sovet dövründə şairlərin başına gəlmiş bir əhvalatı (artıq ən azı ikinci dəfə) yazım, söhbəti bağlayaq. Bir qrup şair qatarla Naxçıvana, yaradıcılıq tədbirinə gedirmişlər. Kupedə yeyib-içirlər, sonra uzun yola körpü salmaq məqsədilə başlayırlar “şair kimi tanınan, amma bir qəpiklik şairliyi olmayanlar”m siyahısını tutmağa. Təbii ki, kupedəkilərdən heç birinin adı siyahıya salınmır. Amma onlardan hansı kupedən çıxır, öz kupesinə, yatmağa gedir, adını dərhal adını “şairliyi sıfır” olanların siyahısına əlavə edirlər. Axıra üç nəfər qalır, uzun müddət heç biri perrona çıxmır, nəhayət, biri durub tualetə gedəndə, kupedə qalan şairin biri o birinə deyir: “Bunun da adını sal o siyahıya”.
Uzun sözün kəsəsi, yaradıcı adamlar gərək daima öz üzərlərində işləsinlər, çox oxusunlar imlan varsa, çox gəzsinlər, çox yazsınlar, püxtələşsinlər, çayxana qeybətindən uzaq olsunlar. Bax, bu da “klassik sovet əmisi”nin daha bir tövsiyəsi.
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ