İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhvətli deputat

İranda qadınları örtüb-bürümək dövlətin əsas vəzifələrindən sayılır, çünki orada bir qrup molla hakimiyyəti ələ keçirəndən sonra belə qəti qərara gəlmişdir ki, əgər zənənlərin kəkili yaylığın altından çıxsa, yaxud bir balaca qız uşağının topuğu sıfır tam onda beş millimetr görünsə, erkəklərdə şəhvət oyanar, namus-qiryət əldən gedər. Sanki manyak və seksual xəstədirlər, qadın saçından ehtirasa gəlir, özlərinə nəzarəti itirirlər. Bununla işimiz yox. Qoy İranın dərdini yazıq iranlılar çəksin, necə ki, çəkirlər, vaxtaşırı bu biabırçı çadra rejiminə etiraz aksiyalarına qalxırlar, mollalar da onları gülləbaran edir. Keçən il idi, yanılmıramsa, 500-dən çox zənəni yaylığı açdığı üçün gizli və açıq polisin əli ilə vurub öldürdülər. İranda insan həyatına qıymaq, adam öldürmək kəkilin görünməyi qədər ağır cinayət sayılmır.

Ancaq o cür sarsaq, insanlıq düşməni təfəkkürün bizim ərazidə də daşıyıcıları var. Təəssüf ki, onlardan bəziləri hətta deputatlığa girmişdir. Bəzisi guya sosioloqdur. Adını çəkmək istəmədiyim həmin deputat vaxtilə oyuncaq əjdaha ilə yumruqlaşırdı, indi də deyir tələbə qızlar mini yubka geyinir, nəticədə dərs pozulur. Sosioloq da ona züy tutur.

Burada ilk növbədə onu qeyd edim ki, azərbaycanlı qadınların geyim-keciminə irad tutanların, ağız büzənlərin nə geyimdən xəbəri var, nə mədəniyyətdən. Azərbaycan qadınları, qızları mikro istisnaları çıxmaq şərtilə, olduqca gözəl geyinirlər, hər geyimin yerini də deputatlardan min dəfə yaxşı bilirlər. Bunu mən havadan yazmıram. Xaricilərin, Bakıya gələn əcnəbilərin, turist, diplomat, jurnalist və sairə müşahidəçi peşə yiyələrinin qeydlərini vaxtaşırı oxumuş adam kimi yazıram. Onların az qala hamısı azərbaycanlı qadınların gözəlliyinə və zövqlə geyinməsinə heyranlıqlarını açıqlayıblar. Yox, kiməsə İran, Ərəbistan rejimi maraqlıdırsa, zəhmət çəksin, külfətini də yığışdırıb o istiqamətlərdə uçsun.

Əgər sizə azərbaycanlı tələbə qızların problemləri maraqlıdırsa, ey hörmətsiz deputat-sosioloq bəylər, buyurun, bir-ikisini yazıram.

Tələbə qızlarımız normal təhsil almaq üçün universitet, birtəhər oxuyub bitirəndə isə iş yeri tapmırlar. Nəticədə ya axmağın birinə ərə verilirlər, oturub onun əlinə baxırlar, ya da yekəqarın dükan yiyəsinin kassası başında gündə 12 saat ayaq üstə dayanıb aylıq 400 manat maaş alırlar.

Azərbaycanlı oğlan tələbənin problemi yoxdurmu? Var. Amma tələbə qızın problemi ikiqat ağırdır. Çünki üzərində cəmiyyət basqısı, din təzyiqi, daha ağır sosial-iqtisadi şərtlər var. Elə bilirsiniz bu körpə qızların ətəyinə baxıb şəhvətə gələnlər təkcə deputatlardır? Yox. Maşallah, manyak çeşidləri baxımından zənginik.

Hələ sizə “din gəldi, qızları diri-diri quma basdırmaqdan qurtulduq”, “cənnət filankəsin ayağı altındadır” kimi riyakar nağıllar oxuyarlar, ancaq UZİ-də qırğına verilən qızlar üzrə dünya lideri olduğumuz bir gün ortaya çıxar. Guya UZİ-də baxıb kökünü kəsmək, sonra öldürməkdən daha humanist imiş. Ay sizi, lotular... Şeyxiniz necə demişdi əsərdə? “Bacılar hanı, bacıları görmürəm”...

Bu yaxında nəşriyyat direktorlarından biri sosial şəbəkə hesabında tragikomik şəkil paylaşıbmış. Şəkildə Əzimzadə adına Rəssamlıq Akademiyasının qrafik dizayn fakültəsinin 20 tələbəsi əks olunubmuş. Tələbələri özəl nəşriyyata praktikaya göndəriblər ki, kompüterdə işləməyi öyrənsinlər. Sən demə, o cür zırıltı adı olan (akademiya e!) ali məktəbin tələbəyə dərs keçməyə adi kompüteri belə yoxdur. İllik 800 manat təhsil haqqı da ödəyirmişlər. Axırıncı kursda “oxuyurmuşlar”!

Buyur. Problem budur. 21-ci əsrdə saxta “qrafik dizayn” diplomu verilir, çünki kompütersiz necə dizayn öyrənmək olar?

Görəsən, kompütersiz ali məktəblər həmin deputatda şəhvət oyatmağa qadirdimi? Nə biləsən...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Iyun 2025

27 Iyun 2025

26 Iyun 2025

25 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

21 Iyun 2025

20 Iyun 2025

19 Iyun 2025

18 Iyun 2025

15 Iyun 2025

14 Iyun 2025

13 Iyun 2025

12 Iyun 2025

11 Iyun 2025

10 Iyun 2025

09 Iyun 2025

08 Iyun 2025

07 Iyun 2025

06 Iyun 2025

05 Iyun 2025

03 Iyun 2025

01 Iyun 2025

31 May 2025

30 May 2025

29 May 2025

28 May 2025

27 May 2025

25 May 2025

24 May 2025