İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəfəqli günlər

Zəhmətkeşlərimiz telekanallarda müzakirə edilən məsələlərdən bəzən haqsız yerə narazılıq edirlər. Deyirlər haçan baxırıq, manıslar gəlinləri, qayınanalar qudaları, psixoloqlar boşanmaları və sairə bu qəbildən bazar mövzularını müzakirəyə çıxarmışlar. Sanki bu, pis haldır.

Bəs nə edək? İstəyirsiniz bizdə də gündəm bomba yağışı, dağılan evlər, zəbt edilən hava limanı kimi mövzular olsun? İnsan gərək xoşbəxtliyinə şıllaq atmasın. Təklif edirəm özümüzə yığışaq. Gəlinlərin 3 min manatlıq emosional ehtiyacını dartışmaq, 3 min günahsız insanın bomba altında emosional qırılmasını müzakirə etməkdən 3 min dəfə yaxşı haldır.

Başqa tərəfdən, bizdə də ictimai-siyasi məsələlər müzakirəyə çıxarılır. Sadəcə, siz fikir vermirsiniz. Buna hökumət neyləsin?

Məsələn, təzəlikcə Milli Məclisin qərarı ilə Sumqayıt və Bakı arasında Şəfəq kəndi salındı. Bu obanın ismi məni birbaşa cocuqluğuma qaytardı. Mən ilk dəfə ağcaqanadla Şəfəq kəndində tanış olmuşam. Uşaq idim, atamla indiki Beyləqan, o çağın Jdanov rayonunda, Şəfəq kolxozunda yaşayan əmimgilə qonaq getmişdik. Sovetlərin elə atişləməz metodları vardı, palçıqlı, xaraba, yolu-yolağası olmayan kəndə bəzən “Yeni yol”, gündə iki saat işığı yanan obaya “Mayak” adı qoyardı. Əmimgil yaşayan Şəfəq kəndi də təxminən elə bataqlıq, toz-torpaq, hər tərəfi zəhərli pambıq sahələri ilə örtülü bir yer idi. Gecə ağcaqanad sürüsü qanımı elə içmişdi, uşaqlıq travması olaraq heç yadımdan çıxmır.

Ancaq əsas odur kəndin adı Şəfəq idi. Güman edirəm Sumqayıt yaxınlığındakı Şəfəq belə yer olmaz, həqiqətən üzərində bahar şəfəqləri oynaşar.

Nəinki hökumət, müxalifət daxilindəki işlər də ümumxalq müzakirəsinə çıxarılır. Deyirlər gələn il Müsavat Partiyasının qurultayı olacaq, Arif Hacılı başqanlıqdan gedəcək. Bəzi insanlar hələ də elə düşünür İsa Qəmbər orada başçıdır. Səyavuş Novruzova görə, Rəsulzadə başqanlıqda qalır. Şəxsən mən Qubad İbadoğlunu türmədən azad edib Müsavat başqanı qoymaq tərəfdarıyam. O vaxt imkan vermədilər, indi olsun. Bunun kimə ziyanı var? Hamıya şans tanımaq lazımdır. Şair demişkən, bəsdir suladıq gülləri göz yaşlarımızla...

Yeri gəlmişkən, bəzən söz azadlığının pozulduğundan dəm vururlar, geniş yayılmış fikir müxtəlifliyini isə görmək istəmirlər. Elə o 3 min manatlıq emosional müzakirə söz azadlığının isbatı deyildimi? Adam efirdə sözünü dedi, hamı danışdı, lakin Milli Teleradio Şurası kanala gözün üstdə qaşın var da demədi. Çünki bizdə söz, fikir azaddır. Müzakirə mədəniyyəti formalaşıbdır. Vaxtaşırı Elza xanımın şeirlərini, psixoloqların çıxışlarını, deputatların maşın və maaşlarını müzakirə edirik. Hər kəs sözünü deyir, video çəkir, paylaşır, hönkürür, hayqırır, fışqırır, od püskürür və sairə. Gör heç bu mərəkələrə hökumət hər hansı çəpər çəkirmi? Əksinə, xalqı fikirlərini bölüşməyə təşviq edir. Buna görə minnətdarlığımızı bildirirəm. Tik-tok açılsın, ora qoşulub qısa minnətdarlıq videosu da çəkəcəyəm.

Bir yoldaş isə müğənni Manaf bəyin şəklini öz başına çəkdirmişdi. Cümlə daha aydın olsun deyə, izah edirəm: dəllək saçı elə qırxmışdı ki, adamın başının arxasında Manaf bəyin qara eynəkli məşhur siması əks olunmuşdu. Mükəmməl incəsənət nümunəsiydi. Bəlkə, bəlkə nədir, lap dəqiqi, Luvrda elə rəsm yoxdur. Amerikada gündə bir müğənni öldürülür. Elə bu yaxında bir artist cakuzidə boğuldu. Bu şəraitin qədrini bilməliyik. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024