İnsanlara hürriyət, millətlərə istiqlal!

Sədrin müalicəsi - Zamin Hacının hadisə kimi yazısı!

Öncə qonşudan bir xəbər. Ermənistanda sorğu keçirilib, camaatın 76 faizi azərbaycanlılarla dinc yanaşı yaşamağa hazır olmadığını söyləyibdir. Görünür erməni xalqının reallıq hissinə qayıtması hələ uzun çəkəcəkdir. Bəlkə də min il. Axı onlarda ölçü vahidi minimum min il olur. Min ildir filan yerdə yaşayırıq, min ildir behmankəslə dalaşdıq... Sanki uzunömürlülük iksiri kəşf edilib, qonşumuzda hamı min il yaşamağa başlayıbdır. 

Məncə bir az aşağı düşməyin vaxtıdır. İlk olaraq 500 ildən başlasınlar. Sonra 200, 100, 70-80 ilə - orta insan ömrünə düşmək mümkündür. Ondan sonra bütün qonum-qonşularla münasibətlər düzələcəkdir. 

Bəzən özləri də bilmədən yalanlarını ifşa edirlər. Qazaxın Xeyrimli kəndinin işğal edilmiş ərazisi qaytarılır. İnternetdə bir video rastıma çıxdı, orta yaşlı erməni qadın deyirdi ki, mənim evimin ərazisini Azərbaycana verirlər, bəs mən harda yaşayacağam, 20 ildir bu evi tikmişəm və sairə. Evi də göstərirlər, həqiqətən uzağı 20 il yaşı olan yapalaq bir tikilidir. Reportajdan belə çıxırdı ki, orada evinin ərazisi Azərbaycana qaytarılacaq yeganə adam məhz bu arvaddır. Lakin müxbirin ağlına gəlmədi (belə hesab edək) soruşsun: “Anam-bacım, bəs 20 il qabaq sən harda yaşayırdın?”.

Əlbəttə, işğal edilmiş ərazidə ev tikib, indi təpəsinə döyür. Başqa nə gözləyirdi ki? Bəlkə biz onun evini xüsusi qurğu ilə sürüşdürməyə borcluyuq? 

Borc demişkən, Gədəbəydəki Başkənd ərazisi üzrə mübahisələrə mən də mövqeyimi yazıram. Belə mövqelər var ki, bunu Kərki ilə dəyişmək mümkündür. Ya da heç dəyişməmək, ikisi də bizdə qalsın. Məncə Başkənd bizdə qalmalıdır. Ermənistanın işğalının ödüncü, əvəzi, qan pulu kimi. Nasistlər qovulandan sonra Sovetlər də Köniqsberqi almanlara qaytarmadılar. İndiyəcən adı Kalininqraddır.

Əlbəttə, bütün yıxılanların əlindən tutub qaldırmaq lazımdır. Bu işdə hökumətimizin böyük həyat təcrübəsi formalaşmışdır. Yəqin sərhəd işlərini də yoluna qoyarlar. Ancaq bəzən iş uzanır. 

Məsələn, bugünlərdə məhkəmədə prokuror Masallının baş həkimi işləmiş Cəlil Nəzərova 12 il 6 ay həbs cəzası istədi. Köməkçisi Təranə xanıma isə 9 il həbs istəyibdir. Baş həkim mənimsəmə, rüşvətxorluq kimi cinayətlərdə suçlanır. Onu 3 il qabaq tutmuşdular, lakin xəstə olmasını nəzərə alıb məhkəmə müddətində içəri basmırdılar. İndi də deyirlər baş həkim prosesə başqalarının yardımıyla gətirilir. Belə çıxır bunun həkimliyindən heç özünə xeyir gəlməyibdir, çünki cəmi 68 yaşı var. 

Ancaq işin tragikomik tərəfi başqadır. Cəlil doxturu 3 il qabaq tutanda hökumət onun yerinə Eşqin Əliyevi Masallı rayon mərkəzi xəstəxanasına baş həkim qoymuşdu. Və hələ Cəlil doxturun prosesi yekunlaşmağa imkan tapmamış bu dəfə Eşqin doxturu içəri basdılar. Təxminən eyni ittihamlarla: dələduzluq, rüşvətxorluq... Eşqin doxtur artıq 8 il yarımını alıb, hazırda hansısa türmədə qoluna zəhər qusan ilan tatusu - doktorluq rəmzi döydürür. 

İndi çox ləzzətli olardı ki, Cəlil doxturun hökmü oxunmağa imkan tapanacan Eşqin doxturun yerinə qoyulanı da tutsunlar. Əcəb gülərdim.

Bu da onunla əlaqədardır ki, bizdə səhiyyə islahatları lazımdır. Təzəlikcə bir şair AYB-yə üzv olanda uşaq-muşaqlar onu qınadılar. O da açıq danışdı, dedi mən xəstələnmişdim, heç biriniz yadınıza salmadınız, palatama fındıq alıb gələn olmadı, lakin Anar müəllim hər gün baş çəkirdi, hətta yanıma iynə vururdu, bəs mən niyə onun təşkilatına üzv olmayım?

İlk hal deyil. İndiyəcən bir çox şair-yazıçılar xəstələnəndən sonra özlərinə gələn kimi AYB-yə üzv olublar. Açıqlama verəndə də təşkilatın səhiyyəmizdə rolundan danışıblar. Hətta keçmişdə biri demişdi ki, məni Əzrayılın əlindən Anar müəllim dartıb aldı. Orda sözü keçirmiş.

İndi söz əlaqədar təşkilatlarındır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024