Onlayn ictimai-siyasi qəzet
Belə olmaz, artıq heç kəsə etibar qalmayıbdır. Falçıya gedirsən, saxta dua yazırlar. Həkimə gedirsən, yalandan dərman verirlər. Hər yer plagiat, hər yan plasebo. Bircə ümidimiz müxalifətə idi, artıq o da itmək üzrədir. Təsəvvür elə, müxalifətçilərin ev-eşiyindən saxta dollar çıxır. Dəhşətdir. Yaddaşım məni aldatmırsa, müstəqillik və siyasi partiyalar tariximizdə saxta dollar qayırmaqda suçlanan müxalifət lideri ilə ilk dəfə üz-üzə gəlirik.
Halbuki qabaqlar müxalifətçilərimizdən təmiz, halal, birbaşa Amerika bankında kəsilmiş, yağlı, Bayden qoxulu, Tramp ətirli pullar çıxardı. Millət də həmin müxalif liderlərin dalınca düşərdi, meydanlara axışardı, “istefa”, “azadlıq”, “bazarlıq” şüarlarının biri bir qəpikdən, daha dəqiqi, bir sentdən olardı. Saxta pula kim gələr? Müxalifətin reytinqi bu baxımdan azalmışdır. İndi xalq iqtidarın ardınca mətin addımlarla kommunizm quruculuğuna doğru irəliləyir, çünki istənilən valyutanın gerçəyi, əsli bu dəqiqə yalnız şanlı iqtidarımızdadır. Biz saxta müxalifətdən bezmişik! Bəsdir! Yetər, söz millətin! İş, çörək, Qarabağ! Bu məsələyə Vüqar müəllimdən rəy gözləyirəm.
Qayıdaq mövzumuza, çünki əslində siyasətə qarışmırıq, çirkin peşədir. Dəyərli dostum, elm xadimi, cəddinə qurban olduğum Yalçın İslamzadə danışır ki, COVİD-in qızğın vaxtında bir el həkimindən məsləhət oxuyubmuş: “Hər gün iki qaşıq bal yeyin, koronavirusa qalib gəlin”. Ərinməyib, həkimin sosial şəbəkədəki populyar səhifəsinə baş vurub, onunla mübahisəyə girib. Həkimə sübut etmək istəyirmiş ki, arı balı COVİD dərmanı ola bilməz. Uzun müddət bir-birini qırıblar, axırda həkim Yalçın bəyi bloka atıb. Xülasə, işin üstündən bir az keçəndən sonra bəy təsadüfən öyrənib ki, həmin həkim eyni zamanda... bal satırmış.
Hazırda həkimlərimiz ətrafında maraqlı əhvalat cərəyan edir. Hansısa lotular onların internet, xüsusən Vatsap profillərinin saxtasını yaradır, sonra həmin profillərdən həkim həmkarlarına yazıb babat pul qoparırmış. Texniki olaraq profildə tanış həkimin fotosunu görəndə nömrəyə kim baxır? Heç kim. Dərhal pulları verilən hesaba göndərirmişlər. “Mənə təcili 400 manat lazımdır, bir saata sənə qaytarıram” - bu tip mesaj gəlsə, kim dostunu darda qoyar?
Düşünürəm bizim təbabət aləminə bu da azdır. O qədər uydurma reseptlər yazıblar, insanları bədbəxt edib pul qazanıblar ki... Haçan ekran-efirə baxsan sürü ilə saxtakar həkim görmək mümkündür. “Balın şirəsinə” Türkiyədən, İrandan axışıb gələn saxta loğmanlar da var. İndi lotular bu oğurluq pulların bir qismini əkişdirməyi bacarıbsa, nə gözəl...
Ancaq mən bu söhbətə də çox inanmıram. Yəqin saxtakarlıq edirlər. Bizim həkimlərə kələk gəlmək o qədər asan deyil. Böyük ehtimalla bu əhvalatı düzəldiblər ki, həmkarlarının sosial şəbəkə üzərindən imdad diləməsinə rədd cavabı vermək üçün əllərində əsas olsun. Kimsə borc istəyəndə, artıq verməyəcəklər, deyəcəklər saxtakarlıq çoxdur, qorxuruq pul it-bata düşsün. Heç kimə etibar qalmayıb. (Deyəsən, bu cümləni artıq yazmışam. Baxdım, yazmamışam. Saxtakarlıq edə bilmərəm). Atalar demişkən, camaat dəli olanda mollaya gedir, molla dəli olanda hara getsin...
İndi söz əlaqədar təşkilatlarındır. Saxtakarlıqla mübarizə üçün dövlət proqramı yaradılmalıdır. Müxalifətin üstündən gerçək dollar tapmalıyıq. Bütün dünyada belədir - müxalifətin üstündə gerçək dollar olur. Saxta pulla tutulan müxalifətə malik olmaq həmin ölkənin iqtidarı üçün də, açığı, yaxşı hal deyildir.
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ