İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarlotlu İsfənidyar Şərurlu Trampdan varlı olardı...

Dünən sosial şəbəkələrin gündəmini iki mövzu zəbt etmişdi, Allah tərəfi, ikisi də önəmli, aktual, sovet adamları demişkən, taleyüklü söhbət idi.

Biz belə söhbətləri sevərik. Ölkənin problemlərini, beynəlxalq vəziyyəti-filanı qoyun qırağa, bizə içində arvad almaq, ərə getmək, boşanmaq felləri olan mövzular ver, gör, nə polemikalar aparır, həngamələr qoparırıq.

Bu üzdəndir ki, mollalarımız eyzən qadınlardan, qadın müğənnilərimiz isə kişilərdən (ərə gedib-boşanmaqdan, hacı tapıb saxlanılmaqdan və s.) danışırlar. Amma biz mətləbə keçək.

Birinci mövzu teleaparıcı xanımın dilindən səslənmiş “mən oğluma atasız qız almaram” fikriydi. Adını ilk dəfə eşitdiyim, üzünü isə bir dəfə də görmədiyim “məşhur” aparıcının xalq tərəfindən linç edilməsi kampaniyasına qoşulmaq istəmirəm, amma qısaca onu deyim ki, xanım düz deməyib.

Oxumuş adamların təbirincə desək, həyatda karma deyilən bir şey var - ümumbəşəri səbəb-nəticə qanunu. O qanuna görə, insanın saleh və ya günahkar hərəkətləri onun taleyini həll edir.

Bir az dərinə varanda mistikaya-filana gedib çıxır, ona görə də getməyək. Rusların da bu mövzuda bir atalar məsəli var, tərcüməsi belədir: “Dilənçi torbasından və türmədən heç kəs sığortalanmayıb”.
İndi onun sözü olmasın və qarğış etmək kimi çıxmasın, adama deyərlər, ay xanım, nə bilirsən, sənin qızının ərə gedən vaxtı çatanda atasız qalmayacaq? İraq olsun, elə bir şey olsa, bunu sənə xatırladacaqlar, ortandan qılınc kimi keçəcək. Ona görə də söz deyəndə ölçüb-biçmək lazımdır.

Bu, heç. Keçək ikinci söhbətə, bu daha maraqlıdır. “Şərurlu İsfəndiyar” adı ilə tanınan tikinti maqnatının dediyi “mən çoban, oturmuşam, alimlər mənə işləyir, pullar da gəlir” deməsi və sözü deyəndən sonra xüsusi intonasiya ilə gülməsi qədirbilən xalqımıza çox yer edib.

Adamın özünə çoban deməsi, savadsızlığı, oxuyub-yazma bilməməsi ilə artıq neçənci dəfə fəxr etməsi yeni leveldir. Əvvəllər camaat MDU-nu, BDU-nu, Harvard, Kembric universitetlərini bitirməsi ilə fəxr edərdi.
İsfəndiyar kişi isə ona görə fəxr edir ki, özünü savadlı adamlardan daha ağıllı, daha fərasətli sayır. Bu, doğrudan da belədir. Adamda fəndgirlik, ütüklük, hiyləgərlik olmasa, bu qədər pul qazana bilməzdi. Heç nəyi bilməsə də, o, üst-üstə gəlməyi, toplamağı, çıxmağı, əlindəki rəqəmləri, ikiyə, beşə, ona vurmağı, daha sonra bölməyi (əsas budur) yaxşı bilir. Adam orta məktəbi yaxşı qurtarmasa da, həyat universitetindən fərqlənmə diplomu ilə məzun olub və artıq fərqlənir.

İsfəndiyar kişinin “alimlər” dediyi adamlar isə, sözsüz ki, fəlsəfə doktorları, professorlar olmayıblar, öz işlərini bilən savadlı mütəxəssislər olublar. Maqnat ona görə onlara elmi titul bəxş edir, böyüdür və özünü kiçildir, “çoban” adlandırır ki, arada kontrast yaransın və həmin kontrastda onun uğurlu biznesmen obrazı bütün əzəməti ilə görünsün.

Pul belə şeydir. Ölüm-zülüm 9-cu sinifi bitirmiş, o 9 ildə bir dəfə lövhə qabağına çıxıb dərs danışmamış, amma uğurlu makler kimi əməliyyatlar edə-edə, həyət evləri tikib sata-sata yarım milyon manat pul qazanmış birinin toylarda “nəslin ziyalısı” kimi təqdim olunduğu, bəy-gəlinə xeyir-dua verməsi üçün mikrofona çağırıldığı ölkədir, niyə nervilənirsiniz?

Fərasət elə şeydir ki, o, hər adamda yoxdur. 20 şagirdin 20-si də yaxşı oxuya, 20-si də ali məktəbə girə bilər, amma onların yalnız bir-iki, uzağı, beş fərasətlisi gələcəkdə böyük vəzifə tutacaq və varlı adam olacaq.

Əslində “Şərurlu İsfəndiyar” ABŞ-də, məsələn, Şarlottda yaşasaydı, yenə də milyonçu olardı. O, Trampdan əskik kişi deyil. Bəlkə də ondan üstündür. Məncə, daha ağıllıdır. Baxın, o, ölkənin reallıqlarını necə gözəl bilirsə, Tramp kimi cırtqozluq edib irəli atılmır, seçkiyə-filana qatılmır, heç deputat da olmaq da istəmir, başını aşağı salıb pulunu qazanır. Ancaq Tramp o ağılla ölkəmizdə olsaydı, indi nəinki milyarder, heç milyonçu da deyildi və türmədə oturub Bəxtiyar Hacıyevlə dərdləşirdi ki, mən də universiteti Pensilvaniyada qurtarmışam. Bəxtiyar da ona deyərdi ki, amma sən bakalavrsan, mən – magistr, üstəlik, Hillari Klinton sənə nifrət edir, məni isə çox istəyir.

Xüləs, İsfəndiyar müəllim düzgün yoldadır. Bircə minusu var ki, bəzi epizodlarda bir mənzili beş adama satıb, amma deyilənə görə, o işlərin hamısını bağlayıb.

P.S. O gün rayonda yaxın adamlardan vəziyyəti, dolanışığı soruşuram, yeniyetmə qardaşoğlu deyir ki, əmi, burda cibində 2 manatı olana müəllim deyirlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

12 Avqust 2025

10 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

05 Avqust 2025

03 Avqust 2025

02 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025

28 Iyul 2025

26 Iyul 2025

24 Iyul 2025

23 Iyul 2025

21 Iyul 2025

19 Iyul 2025

17 Iyul 2025

15 Iyul 2025

13 Iyul 2025

11 Iyul 2025

09 Iyul 2025

07 Iyul 2025

05 Iyul 2025

03 Iyul 2025

30 Iyun 2025

28 Iyun 2025

26 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

20 Iyun 2025

18 Iyun 2025