İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün kim döyüşsün? – Tatar, çeçen, başqırd, buryat, kalmık...- bir alay

Dünən saytımızda “Ruslar bu ölkəyə qaçır” başlığını görəndə məqalənin içini oxumamş əmin oldum ki, “bu ölkələrin” siyahısında bu ölkənin, yənin Azərbaycanın da adını görəcəyəm.

(Onu da deyim ki, “Filankəs bunu da etdi”, “Bu ölkə o ölkəyə raket atdı”, “Xalq artistinin bu xasiyyəti başına bəla oldu”, “Aktirasının sevgilisi bu məşhur imiş” kimi başlıqlar maarifçilik xarakteri daşıyır, saytlar belə başlıq qoymasa, çox adam xəbəri açıb oxumaz).

Elə də oldu, xəbəri açıb oxuyanda gördüm ki, son üç il yarımda rusların axışdığı ölkələrin içində bizim ölkə də var. O birilər isə bunlardır: Ermənistan, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, BƏƏ və Monqolustan.

O da qeyd olunur ki, Moskvanın “xüsusi hərbi əməliyyatı”nın ilk ilində 500 000-1.3 milyon arasında insan Rusiyanı tərk edib. Haqq-hesab üsə üç il yarımdan çoxdur davam edir. (Bu, başqa söhbətdir ki, “xüsusi əməliyyat” 23 saat çəkər, uzağı, 40 gün çəkər, ta 3 il 8 ay çəkməz. Belə çıxır ki, 1941-45 müharibəsi də xüsusi əməliiyat olub, 3 il 11 ay davam edib).

Lakin Rusiyanı 1 milyon civarında adamın tərk etməsi barədə iddia inandırıcıdır. Mən özüm, yalan olmasın, elə yüz min rusu Şıx çimərliyində görmüşəm – özü də azı 15 dəfə.

Hərçənd ola bilər, onların arasında ukraynalılar da olub. Qıraqdan baxanda seçmək olmur. Anadolu türkləri ilə biz, Şimali Koreya camaatı ilə Cənubi Koreya xalq, uruqvaylılarla paraqvaylıları bir-birinə necə oxşayırsa, ruslar və ukraynalılar, eləcə də beloruslar bir-birinə o cür oxşayır.

Yalnız zənni iti olan və uzun müddət bu iki qövm ilə ünsiyyətdə olanlar onları gendən ayıra bilir. Bir oxumuş, gəzmiş simsar var, deyir ki, ukraynalı kişilər əsasən sifətdən keçmiş futbolçu Şevçenkoya və boksçu Kliçkoya oxşayırlar, ruslar isə Dima Bilana. Bəs qızlar? “Ukraynalı qızlar daha qəşəngdir” – cavab belədir. Amma bu təsbit mötəbər deyil, çünki zövq məsələsidir, subyektiv baxışdır.

Mənim Şıx şimərliyində gördüyüm ruslar çimməyə ailəli-uşaqlı gəlirlər. Ailə başçılarının çoxu gənc (35-40 yaş) kişilərdir. Yəni hərbi komissarlıqdan çağırış vərəqəsi alacaq yaşdadırlar. Amma eləsi var ki, baxırsan, artıq topa mərmi qoyan yaşı keçib, hərbi işə yaramır. Ola bilər, belələri müharibədən qaçmayıblar, turist kimi gəliblər, qayıdacaqlar.

Amma orası da var ki, hərbi mükələfiyyətli, yəni gənc ruslar niyə narahat olurlar? Kreml “xüsusi hərbi əməliyyat”a eyzən RF-də yaşayan etnik azlıqların oğullarını basmırmı?

Onlar çoxdurlar, 60-dan çox. Yadıma düşənləri sayıram: tatarlar, çeçenlər, başqırdlar, inquşlar, çərkəzlər, altaylılar, kalmıklar, kumıklar, noğaylar, udmurtlar, ləzgilər, çuvaşlar, darginlər, laklar, avarlar, qaraçaylar, balkarlar, osetinlər, kabardinlər, yakutlar, buryatlar, tuvalılar, xakaslar, mansılar, xantılar və başqaları. Ürkütməsən, sanamaq olmur.

Hazırda Kreml onları ürküdüb, amma qaçası yerləri yoxdur. Ruslara baxmayın, ruslar imkanlıdır, əllərindəki pulla 3-4 il xarici ölkələrdə yaşaya bilərlər. Amma yazıq xantıların qonşu kənddəki mansılara qonaq getməyə pulları yoxdur, onlar məcburdurlar müharibəyə getsinlər.

Rusiyanın iri şəhərlərində yaşayan həmvətənlər var, soruşmuşam, and içirlər ki, kafe-barlarda, diskotekalarda gecə yarıya qədər cavan-cavan rus pasanlar “çal-oynasın, vur-partlasın” pəstəhası çıxarırlar. Xüsusi təyinatlılar 3-4 disko-kluba reyd eləsə, dinməz bir batalyon əsgər yığar.

Ancaq niyə reyd etsinlər ki? Orda kimlərin balalarının əyləndiyini bilmirlərmi?

Yeri gəlmişkən, Rusiyanın iri və orta şəhərlərindəki xüsusi təyinatlıların orta boyu 190, çəkiləri 90 kilodur. Harda cantaraq adam var, seçib yığıblar XTPD-yə. Yəni kələ-kələ gədələr arxa cəbhədə əliyalın miqrantlarla əlləşir, etnik azlıqların arıq-uruq uşaqlarını isə basıblar od-alovun içinə.

Bir ara, yadınızdadırsa, çeçen batalyonları qızışıb irəli getmişdilər, sonra gördülər ki, “xüsusi hərbi əməliyyat” ölümlü-itimli şeydir, itki verdilər, əsir düşənlər oldu, onlar da sonra geri qayıtdılar. İndi ya cəbhə xəttindən 50 kilometr aralıdakı meşəliklərdə “döyüş klipləri” çəkdirirlər, ya da “elə əsgərəm, belə əsgərəm” mesajı verərək, ukraynalıları hədələyirlər.

Xüləs, söhbəti məşhur şairimizin sözlərinə əl gəzdirərək bitirək: “Gün o gün olsun ki, qurtarsın xüsusi əməliyyat, dağılsın buludlar, açılsın hava”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Sentyabr 2025

30 Avqust 2025

28 Avqust 2025

26 Avqust 2025

24 Avqust 2025

22 Avqust 2025

20 Avqust 2025

18 Avqust 2025

16 Avqust 2025

14 Avqust 2025

12 Avqust 2025

10 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

05 Avqust 2025

03 Avqust 2025

02 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025

28 Iyul 2025

26 Iyul 2025

24 Iyul 2025

23 Iyul 2025

21 Iyul 2025

19 Iyul 2025

17 Iyul 2025

15 Iyul 2025

13 Iyul 2025

11 Iyul 2025

09 Iyul 2025