İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya ilə saziş” – Opponentlər tarixi fürsətin və misilsiz şücaətin adını belə qoyur

Bu günlərdə sosial şəbəkələrdə ordumuzun keçirdiyi lokal antiterror əməliyyatının səbəbi və nəticələri ilə bağlı yazılan çoxsaylı status və şərhlərin içində bir xətt gözə çarpır.

Bu, Qarabağın tam nəzarətə götürülməsi məqsədi daşıyan və böyük ölçüdə hədəfinə çatan əməliyyatın gözdən salınması, əhəmiyyətsiz bir şeymiş kimi səciyyələndirilməsi, bu aktın Rusiya ilə gizli saziş nəticəsində baş tutmasının vurğulanmasından ibarətdir.

Növbəti qələbəyə ağız büzənlər ordumuzun verdiyi şəhidlərin “həddindən çox” olmasını dönə-dönə yazır, bəzən real rəqəmləri 2-3 dəfə şişirdir, az qala bu hərbi zəfəri “Pirr qələbəsi” adlandırırlar.

Əsas zərbəçi arqumentlər təxminən belədir: “Rusiya Paşinyanı devirmək üçün Azərbaycandan istifadə etdi”; “Rusiyanın erməniləri əlində saxlamasından ötrü 200 əsgərimiz qurban getdi”; “İqtidar Rusiya ilə sazişə gedərək hərbi əməliyyata başladı” və sair və ilaxır.

Deyilənlərin bir hissəsi həqiqət ola bilər, məsələn, yəqin ki, Xankəndi ətrafında lokal antiterror əməliyyatının keçirilməsi Kremllə, Putinlə razılaşdırılıb. Çünki bölgədə rus sülhməramlıları var və onlar əməliyyata mane ola bilərdilər, ən azı tərəfə çevrilərdilər, bu isə prosesi yanlış məcraya yönəldərdi.

O da istisna deyil ki, son dərəcə gərginləşmiş Rusiya-Ermənistan münasibətlərinin fonunda kiminsə ermənilərə “qulaqburması” verməsi Moskvanın işinə yarayırdı. Bununla ruslar ermənilərə onlar üçün nə qədər vazkeçilməz olduqlarının mesajını verirdilər.

Bu amillərin prosesdə rol oynaması mümkündür. Amma bu tarixi fürsət idi axı.

Son 35 ildə daima rusların ermənilərin tərəfini tutmasından, onlara açıq və gizli şəkildə qahmar çıxmasından gileylənmirdikmi?

preview_df54efab6ad0b2815773f2ff73da6e2a.jpg (351 KB)

Mixail Qorbaçovun vaxtında ermənilərin Raisa Qorbaçovaya nadir brilyant bağışlayaraq, onu ələ almaları, ona görə də SSRİ-nin birinci xanımının açıq-açkar erməniləri müdafiə etməsi barədə real fakta söykənən söhbətləri xatırlayırsınızmı?

95-076_55INKMh.jpg (130 KB)

                                           Yeltsin və Ter-Petrosyan saziş imzalayır

Boris Yeltsinin prezidentliyi dövründə Rusiyanın Ermənistana 1 milyard dollarlıq ağır silahı təmənnasız verdiyi barədə xəbərin qisas hissinə dolmuş xalqımızın qolunu necə soyutduğu nə tez unuduldu?

Demirdikmi Rusiya aradan çəkilsin, ermənilərlə bizi təkbətək buraxsın, biz qısa müddətdə onlara dünyanın neçə coğrafi cəhətdən ibarət olduğunu başa salaq?

Deyirdik, yazırdıq, düşünürdük. Ən böyük arzularımızdan biri Allahın bizə belə bir fürsət yetirməsi idi, biz o fürsətdən necə yararlanacağımızı çox götür-qoy etmişdik və səbrlə gözləyirdik.

3 il öncə bu vaxtlar o fürsət yetişdi, biz ondan yararlandıq, tarixi ədaləti və ərazi bütövlüyümüzü böyük ölçüdə bərpa etdik. Rusiya yenə araya girdi və Qarabağın üzərində dövlət suverenliyimizi bərpaetmə prosesi ləng tempə keçdi, amma dayanmadı. Bu ilin bu ayında proses sürətləndi. Nəticəsi ortadadır: separatizm yuvası, qan çanağı darmadağın edilib, silahlar təhvil verilir, qaçan qaçır, qalanlar isə Azərbaycan vətəndaşlığı üçün müraciət edirlər.

İndi bu nailiyyətin əldə olunmasında Rusiya ilə saziş rol oynayıb, yaxud ABŞ-ın rabitə şifrələmə proqramını bağlamaması kömək edib, İsrail və Türkiyədən alınan silahlar həlledici olub – bütün bunlar hamısı təfərrüatdır və artıq əhəmiyyətsizdir. Əsas məsələ düşmən üzərində qələbə qazanmaq idi.

esriyesir.jpg (14 KB)

Guya 1988-94-cü illər arasında gedən, adı I Qarabağ müharibəsi qoyulmuş savaşda ermənilər bizimlə “kişi kimi təkbətəkə” çıxmışdılar? Elə şey yox idi. Onlar erməni diasporunun ayırdığı milyardlar hesabına təmas xəttinə muzdlular da cəlb etmişdilər, xarici ölkələrdən və Rusiyadan bizdə olmayan silahlar da almışdılar. Əsgərlərimiz tərəfindən ələ keçirilən erməni səngərlərində Fransada, Almaniyada, Belçikada, Hollandiyada istehsal olunmuş konservlər, kolbasalar, digər azuqələr tapılırdı. Hətta o vaxt bununla bağlı lətifəvari bir ifadə də yayılmışdı, biri “erməni p.. yeyir” deyəndə ona deyirdilər: “Vallah, elə şey yemirlər, Fransa konservi yeyirlər”.

Yadınızdan çıxıbmı erməni hərbçilər necə qaydasız və namərdcəsinə savaş aparırdılar? Əsirləri kütləvi şəkildə güllələyirdilər, basqınlar edib mülki əhaliyə qarşı qətliam törədir, bir xeylisini də girov götürüb zorlayırdılar. Onların verdiyi zülmün, işgəncənin ah-naləsi ərşə dirənirdi? Unudulubmu?

Biz bütün bu məşəqqətlərə, ağrı-acılara dözdük, durduq, şansımızı qovduq, axır ki, onu yaxaladıq. Bu, bir xeyli dərəcədə erməni liderlərin ağılsızlığı üzündən oldu, amma oldu. Nəyi gözləyir, xəyal edirdiksə, o baş verdi və 35 ilin problemini 45 (44+1) günün içində əsasən həll etdik.

untitled881695396254-768x387.jpg (80 KB)

İndi bunun nəyi pisdir? Buna niyə ağız büzürük? Həmişə zərərçəkən durumunda biz olmalıydıq? Yalnız mənəvi qələbələr qazanmalıydıq?

Təcrübə göstərdi ki, orta əsrlərdəki müharibə qayda-qanunları ilə indikilər çox fərqlənir. İndi ordu başçıları təkbətək döyüşə çıxmır, nə də ona gecəykən düşmənə hücum etmək təklifi verən sərkərdəyə “mən karvanbasan quldur deyiləm” cavabı vermirlər. İndi bütün əməliyyatlar elə gecə başlayır.

Uğurla nəticələnmiş hərbi kampaniyaların 99 faizi hansı tərəfin öz ətrafında uğurlu koalisiya qurması, müttəfiqlər toplaması, düşmənin tərəfdarlarını neytrallaşdırması hesabına başa gəlir.

Ona görə də bu “Rusiya ilə saziş” söhbətini birdəfəlik yığışdırmaq lazımdır. Bizə Qarabağ və xalqımızın təhlükəsizliyi lazım idi və onu təmin etmək yolunda sonuncu addımı atmağa qədər gəlmişik. Əsas məsələ budur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024