İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim müəllim haqda fikirlərim

Öncə mən Rasim Balayev mövzusunda... Zarafat eləyirəm, qorxmayın, bu gün həmin söhbətə qatılmaq fikrim yoxdur.

Əslində, “ümumiyyətlə fikrim yoxdur” yazsam, bəlkə, dəqiq olar. Fikir nəyimizə lazımdır? Fikirdən hələ heç kəs xeyir görməmişdir. Atalarımız demişkən, birini gör şükür eylə, birini gör fikir eylə. Biz şükür eləyənlərdən olmalıyıq. Bütün müsəlman aləminin hazırkı xoşbəxt vəziyyəti məhz şükür etməyinə görədir. İmkan olsa bu yay Nigerə, ya da Əfqanıstana mühacirət etmək fikrindəyəm. Dünyanın ən gözəl ölkələridir.

Misal üçün, Taliban Əfqanıstanda hakimiyyətə ikinci dəfə möhtəşəm qayıdışını ilk növbədə hansı əməli addımlarla, islahatlarla yaddaşlara yazdırdı? Ay sağ ol: qadınları islah etməklə. Onlara oxumaq-yazmağı, üzlərini bəzəməyi, işləməyi qadağan ediblər. Zənən xeylağı evdə oturub kişiyə xidmət göstərməlidir. Yoxsa bəzi ölkələrdə qadınlara azadlıq verilib, onlar da ərlərindən şikayətlənib videoya çəkirlər, hətta bəzən sirkə içib intihara cəhd göstərirlər!

Gör nə qədər yoldan azmış hərəkətlərdir. Axırda yazıq ər dözmür, vurur bu arvadı öldürür. Sonra camaat da internetdə donquldaşır: “Polis hara baxırdı? Niyə şikayətə vaxtında münasibət bildirilməyib? Arvad-uşaq və ana komitəsi nə üçün vəzifəsinin öhdəsindən gəlmir?”

Təsəvvür elə. Həyasızlıq baş alıb gedir. Nə yaxşı bizim ölkəmizdə belə mənfi hallara təsadüf olunmur. Bizdə, yeri gəlmişkən, heç vaxt təsadüf olunmur. Nə olunursa, zəruri olunur. Təsadüf Almaniyada, Amerikada - inkişaf etməkdə olan ölkələrdə olur. 

Şair məhz bu vəziyyəti hələ 100 il qabaq əsərlərində qeyd etmişdir, ancaq medal almağa taleyi imkan vermədi, vərəmləyib öldü:

Vay, vay! Deyəsən bəşər deyil bu!

Bir şəklə uyan təhər deyil bu!

Allahı sevirsən, ər deyil bu!

Ərdodu, qabandı, qoyma, gəldi!

Didarı yamandı, qoyma, gəldi!

Sözgəlişi, ötən nömrələrimizdən birində “Zapı” maşını haqda yazdığım köşə nədənsə oxucular arasında böyük maraq doğurmuşdur. Hələ də çoxsaylı oxucu məktubları almaqdayam. Dəyərli yazarlarımızdan Vüsal Bağırlının məktubundan bir parça: “Zapı haqda o vaxtlar bir tapmaca vardı: O hansı maşındır ki, motoru arxasındadır. (Müəllif tapmacanı bir az epataj formada yazmışdı, məcburən düzəltdim - Z.H.). Başqa bir ünlü şairimizin Zapı haqda şeirində deyilirdi: Zapı, yoxdu dalında qapı. Zapı ümumiyyətlə çox maraqlı avtomobil idi. Özü balaca olsa da gedəndə elə gurultu salırdı, adamın bağrı yarılırdı. Avtomobilin motoru arxada idi deyə, tez-tez qızırdı. Xarab olurdu. Tələbə vaxtı atışıb qrupumuza yüz dollara bir köhnə Zapı almışdıq. Növbə ilə sürürdük. Dənizə-filana gedirdik. Belə...”

Gözəl xatirələrdir, bizimlə bölüşdüyü üçün müəllifə təşəkkür edirəm. 

Bu arada qadınlarla bağlı başqa maraqlı, məzmunlu xəbər də almışıq. Saxlayıb 8 martda dərc eləmək istəyirdim, lakin məhərrəmliyə görə məcburam indi verim: “Sevgi evi” qadın və uşaq sığınacağının əməkdaşı Nazxanım Məmmədovaya 2 il həbs verilib. O, sığınacaqdakı balacalara əzab, işgəncə verməkdə suçlanırdı.

Əlbəttə, sevgi evində belə şeylər ola bilməz. Üstəlik əzab verən Nazxanım adlanırsa. Bizim ölkədə əzab və işgəncəyə yer yoxdur. Ona görə də məhkəmə Nazxanım xanımın himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq cəzanın qüvvəyə minməsini uşağın 14 yaşına çatmaq vaxtınacan təxirə salıbdır. Qəribə hadisədir.

Ona görə də Rasim Balayev... 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

30 Sentyabr 2025

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025

25 Sentyabr 2025

24 Sentyabr 2025

23 Sentyabr 2025

21 Sentyabr 2025

20 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

17 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

13 Sentyabr 2025

12 Sentyabr 2025

10 Sentyabr 2025

09 Sentyabr 2025

07 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

04 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

30 Avqust 2025

29 Avqust 2025

28 Avqust 2025

27 Avqust 2025

26 Avqust 2025