İnsanlara hürriyət, millətlərə istiqlal!

Raketlərlə mesajlaşma

 

Hər dəfə yekə bir hadisə olanda, məsələn, hardasa bir partlayış törədiləndə və ya yüksək mənsəbli biri öldürüləndə milli politoloqlarımız ortaya dərin analizlər qoyurlar. Bu mülahizələrdə ortaq bir fikir olur və çox təkrarlanır: “Bu, filan yerə mesajdır”.

HƏMAS-ın lideri İsmayıl Haniyənin raketlə vurulması zamanı da çoxlu belə fikirlər səsləndi. Biri yazdı ki, bu, Tehrana mesajdır. O biri mesajın Ərdoğana ünvanladığını qeyd etdi. Başqa biri mesajın ABŞ-yə göndərildiyini bildirdi və s.

Məncə, ekspertlərimiz haqlıydı, Haniyənin vurulması gerçəkdən də mesaj idi. Amma ilk növbədə onun özünə. İsrailin başbilənləri onun yerləşdiyi iqamətgaha raket tuşlamaqla təxminən belə bir mesaj veriblər ki, son vaxtlar çox problem yaradırsan, cənab, məsləhət görmürük, indən belə elə şey eləmə. Vəssalam.

Gerçək budur ki, bir neçə min ildir, o bölgədə müharibə gedir, düşmən tərəflər bir-birini öldürür, yəüin ki, hələ 1-2 min il də bu qırğın davam edəcək. Yəni Yaxın Şərqdə sülh heç vaxt olmayacaq. Kim inanmırsa, bu abzası skrinşot eləsin, saxlasın, 1-2 min ildən sonra danışarıq. Bu heç.

İndi xəbər var ki, İsmayıl Haniyədən qabaq Mohammed Deyf də öldürülübmüş. Adamın inanmağı gəlmir. Yada İŞİD-in lideri Əbubəkr əl-Bağdadi düşür. Onu da ayda bir dəfə öldürürdülər. Gah raketlə vururdular, gah maşınını partladırdılar. O da hər dəfə çıxıb açıqlama verirdi ki, ölümü barədə xəbərlər şişirdilib. Ancaq axırıncı ölüm xəbərindən sonra əbu-ibn daha brifinq keçirmir, hiss olunur ki, axır ki, ABŞ və İsrail öz məkrli niyyətinə çatıb.

Mohammed Deyfə isə indiyə qədər 3 dəfə sui-qəsd cəhdi olub. Hər dəfə də onun böyür-başındakılar ölür, özü sağ qalırmış. Oddayanmaz, sudabatmaz birisiymiş. Dördüncü sui-qəsddən sağ çıxmayıbsa, demək, atalar, istisna olaraq onun üçün dörddən deyibmiş. Gözləyək, görək, adamdan “yıxılmadım, ayaqdayam” mesajı gələcəkmi.

Hazırda dünya birliyi də gözləyir ki, görsün, İsraildən mesaj almış Tehran Tel-Əvivə hansı cavabı verəcək. Maraqlıdır. Bu cavabı olimpiadada milli idmançının çıxışını gözləyən azarkeş ehtirası ilə gözləyənlər var.

Ancaq, deyəsən, heç bir cavab olmayacaq. İranın ağıllı siyasətçiləri anlayıblar ki, aprelin 1-də general Zahidinin, avqustun 31-də isə Haniyənin vurulması təhlükəli mesajdır, tələdir, təxribatdır, nə bilim, sataşmaqdır, duelə çağırmaqdır, ən yaxşısı belə vaxtlarda təmkinli, soyuqqanlı olmaq, sağdan üçüncü pəncərəyə fikir verməməkdir. Məişətdə belə hərəkətlərin adı pisdir, amma dövlət hər mesajı ciddiyə alıb qızışmamalıdır, dövlətin peysəri yoğun olmalıdır – ta bir yerə qədər.

Bax, apreldə də hamı deyirdi, İran bu işi belə qoymayacaq, Dəməşqdəki konsulluğun İsrail tərəfindən vurulmasının, generalın öldürülməsinin qısasını tezliklə alacaq. Yeri gəlmişkən, o hadisə İsrailin İrana və Suriyaya mesajıydı. Təl-Əviv konsulluğu vurmaqla Bəşər Əsədə mesaj verirdi ki, istəsək, Dəməşqini dağıdarıq, farağat dur. Eyni zamanda bu, İrana da mesaj idi ki, generallarını ölkədən qırağa çıxmağa qoyma, təhlükəlidir.

İran isə öz qisasını tezliklə aldı, İsrailə doğru xeyli raket atdı. Dünya qəzetləri “Müharibə başladı!!!” manşetləri ilə çıxmağa hazırlaşırdı ki, müharibə bitdi, təzədən manşet dəyişdirdilər. Bir çox qəzetlər elə bu manşetlə çıxmışdı: “İran-İsrail müharibəsi başladı və bitdi”. Salamatı buydu.

Əslində bu, müharibədən çox mesajlaşmaydı. İsrail deyirdi, mənim çoxlu raketim var, istəsəm, vuraram. İran da deyirdi ki, mənim də uzağa uçan raketlərim var, istəsəm, elə ataram, çölə-biyabana düşməz. Beləcə, tərəflər qarşılıqlı şəkildə ortaq məxrəcə gəldilər.

Ekspertlər düşünür ki, İsmayıl Haniyənin məsələsi də elə olacaq. Hələ isti-istidir, zərbə alan tərəf qeyzlidir, hirslənib qırmızı qisas bayrağını dama qaldırıb, amma sonra ara səngiyəcək, Tehran düşünəcək ki, bir adama görə yüz min adamı raket daşıyan dronların qabağına vermək düzgün olmaz. Ən yaxşısı, hədə dolu mesajlar göndərməkdir. Qoy xroniki əndişə yaşasınlar, bilsinlər ki, qisas qiyamətə qalmayacaq.

Hələ Tramp ABŞ-də prezident seçilsə, dünya daha maraqlı olacaq. Yeri gəlmişkən, onun başına atılan, amma qulağına dəyən güllə mesaj deyildi. Adamı hikkəli olması, danışarkən başını ora-bura davraması xilas edib. Sonra da deyirlər, hirsli başda ağıl olmaz. Tramp azca sakit adam olsaydı, Metyunun gülləsi onun başındakı beyini asfalta dağıdacaqdı, nəticədə 2024 seçkisi maraqlı olmayacaqdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Noyabr 2024

25 Noyabr 2024

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024