Onlayn ictimai-siyasi qəzet
“Aşıq minaya dəyər,
Qurban minaya dəyər,
İl var bir günə dəyməz,
Gün var min aya dəyər”.
(Sarı Aşıq)
Yaxından tanıyanlar bilir, heç vaxt dövlət anlayışına rəğbətlə yanaşan biri olmamışam. Mümkün qədər özünü idarəçilik, fərdi azadlıqlar tərəfdarıyam. Bələdiyyə seçkilərini prezident seçkilərindən vacib hesab edirəm. Hardasa məni anarxist saymaq mümkündür. İnsanların, millətlərin öz aralarındakı münasibətləri haçansa başqalarının qarışacağı olmadan həll edə biləcəyinə - bu romantik ideyaya inanmaq istəyirəm. Hansı tərəfdən baxırsan, bax, istənilən dövlət aşağı-yuxarı bir zorakılıq aparatıdır.
Srağagün evimizə gələn qazı (burda daha dəqiq olsun deyə yəqin “mavi yanacaq, təbii qaz xətti” kimi ifadələr işlətməliydim) kəsmişdilər. Səhər saatlarından kəsilən qaz bir sutkadan çox verilmədi. Dəqiq ölçməyə həvəs olmadı, ancaq bütün hallarda 24 saatdan artıq çəkdi. Açığı, son illərdə yaşadığım ərazidə bu qədər uzun müddətə qaz kəsintisi yadıma gəlmir. Qaz idarəsinin mətbuat xidmətində köhnə tanışlarımızdan, bəlkə indiki gənclərin fəaliyyətini canlı görmədiyi gözəl jurnalistlərimizdən biri Eldəniz Vəliyev çalışır, onu tapıb şikayət eləmək mümkün idi. Ancaq bunu eləmədim, çünki qazın kəsilmə səbəbini xəbərlərdən, daha öncə oxumuşdum. İdarə xəbərdarlıq eləmişdi və bu, o qədər gözəl xəbərdarlıq idi ki!..
Xəbər belə idi: “Bu gün saat 8:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Xırdalan” magistral qaz kəmərinin 25,6-cı və 27,3-cü km-lər arası hissəsində yeni çəkilmiş qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi, saat 9:00-dan yeni çəkilmiş “Böyük Bəhmənli-Şuşa” yeraltı magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi, həmçinin “İvanovka” Qaz Paylayıcı Stansiyasında kranların dəyişdirilməsi ilə əlaqədar “Xocasən”, “Alatava”, “Sulutəpə”, “Horadiz” və “İvanovka” QPS-lərdən, “Fərəh MMC” və “Füzuli Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir müddətində Füzuli (şəhəri daxil olmaqla), İsmayıllı, eləcə də paytaxtın Yasamal, Nəsimi, Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.
Füzuli ilə Binəqədinin qazı eyni gündə kəsilmişdi. Mən bu xəbəri oxumaq üçün 30 il gözləmişəm.
Füzulidə doğulub, böyüdüyüm kənd artıq yer üzündən silinib. Amma 80-lərin axırlarında ora qaz çəkilmişdi. Qaz idarəsində bu işlərə əmim baxırdı. Füzulinin ucqar dağ kəndlərinə qədər çox obalarına qazı əmim çəkmişdi. O, rayon işğal ediləndən sonra çadır şəhərciyində, qaçqın düşərgələrində yaşadı, əgər ona yaşamaq demək mümkün idisə. Nə qədər elədik, Bakıya ayağının ucunu qoymadı. 2011-də öldü. 58 yaşı var idi.
Uzun eyvanımızda, aynabənddə qaz sobası qoymuşduq. O sobanın ətrafında qızındığım uzun qış gecələri yadımdadır. 2020-ci ildə bacımla evimizin xarabasını güclə tapdıq. Dekabrın 7-si idi, ancaq soba yanmırdı.
Füzuli və Binəqədinin qaz xətləri eyni gündə kəsilir, mən bundan dilxor olmuram. Bir günlük problemdir, keçəcək – bilirəm.
Ötənlərdə bir dəfə də buna oxşar hisslər yaşamışdım. Cəbrayıl işğaldan azad ediləndən az sonraydı, hansısa təmir-bərpaçılarımızın avtomobili orada qəzaya uğramışdı. Qəza pis xəbərdir. Ancaq onun Cəbrayılda olması necə?
İnsanlar bəzən əhd edərlər: “Filan iş olsun, filankəs sağalsın, yaxud xoş xəbəri gəlsin, qabağına sürünərək gedəcəyəm”. Yaxud, ayaqyalın. Əhd edib uzun məsafələri piyada gedənlər də olur. Bəzi dinlərdə inancı naminə özünə xəsarət yetirənlər var. Onları indi elə yaxşı başa düşürəm ki...
Dünənəcən (şərti “dünəndir”) o ünlü bayatımızdakı ifadəni də bəzən yumorla, satirayla qarşılardıq: “Ölməyə vətən yaxşı”. Həyat adamı dığırlayıb elə vəziyyətə gətirə bilərmiş ki, ölmək üçün yurduna dönməyə də burnunun ucu göynəsin.
Xankəndində Azərbaycan dövlət polisi işə başlayanda post-patrul xidmətinin ordakı avtomobilinin fotosunu mənə ilk olaraq qazi dostum, həmkəndlim Şükran yollamışdı. Fotoya, necə deyərlər, layk işarəsi qoydum.
Sonra ağlıma gəldi ki, mən həyatımda ilk dəfədir bir PPX avtomobili fotosunu bəyənirəm.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ