Onlayn ictimai-siyasi qəzet
Bu dünyada çox şeyə şəkk etmək olar, amma gərək “Gellap”ın sorğularının həqiqiliyindən quşqulanmayasan. Uzun illərdir ki, kişinin uşağı bütün dünyada dürüst sorğular keçirirlər, hansı ölkədə vəziyyət, düşüncə nədir, öyrənirlər, yayırlar.
Axırıncı dəfə “Gellap” belə bir sorğunu dünyanın 57 ölkəsində keçirib və insanların yaşadıqları ölkədən başqa ölkəyə köçmək istəyib-istəmədiyini soruşub.
Bəri başdan deyim ki, həmin sorğuya dair informasiyalarda ölkəmizin adı çəkilmir. Bu da o deməkdir ki, biz nə “vətənindən köçmək istəyənlər”in ilk onluğuna giririk, nə də “vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” deyə dirəşib qalanlara aidik.
Amma dünyada elə ölkələr var ki, sakinlərinin 80 faizdən çoxu çamadanlarını qablayıb vətəndən qaçmaq arzusundadır, sadəcə, gedəcək yerləri yoxdur.
Məsələn, Afrikanın qərbində Syerra-Leone adlı, 8 milyon əhalisi olan bir ölkə var, əhalisinin 84 faizi aradan çıxmaq istəyir. Syerra-Leone çevrilişlər, qiyamlar ölkəsidir, kasıbçılıq, işsizlik xirtdəkdəndir, ona görə hər 10 adamdan 8-i vətənindən qaçmaq istəyir.
Nigeriya və Qana da o gündədir. Bu ölkələrin də əhalisinin 70-80 faizi “qürbətdə xan olunca, vətənində dilən, gəz” mövqeyini bölüşmürlər, hətta vətəndə dilənməkdənsə, məhz qürbətdə dilənməyi üstün tuturlar, çünki öz ölkələrində onlara qara qəpik sədəqə verən yoxdur, yenə firavan ölkələrdə qara işlər görüb, 5-10 dollar qazana bilərlər.
İndi elə çıxmasın ki, Avropanın yaxşı güzəranlı ölkələrinin əhalisi yüzdəyüz patriotdur və öz ölkələrindən köçmək istəmir. Elə deyil, Macarların 46, slovakların 44, yunanların 40 faizi başqa ölkəyə köçmək, orada xoşbəxt olmaq istəyir. İtalyanların da 36 faizi xəritədə uzunboğaz qadın çəkməsinə oxçayan, 3 tərəfi isti dənizlər olan ölkədən bezardırlar. Görünür, ölkənin dörd bir tərəfinin kurort zonası olması insanların hamsını xoşbəxt etmir, onlar daha rahat və təhlükəsiz yaşamaq istəyir.
Heç demə, bizdəki informasiya yanlış imiş, hindistanlıların hamısı, hətta yarısı başqa ölkəyə köçmək fikrində deyil, cəmi 4 faiz insan bu arzudaymış. Amma bu 4 faiz hindlini rəqəmə çevirəndə, bilirsiniz, nə qədər adam edir? 57 milyon. Məhz bu qədər hindli yuxarı zümrələrin zülmündən başqa götürüb ölkədən getmək fikrindədir.
Ruslar bu dəfə də vətənpərvərlik ediblər. Ukraynada müharibə başlayanda milyonlarla adamın aradan çıxmağına baxmayın, “Gellap”ın sorğusuna cavab verən rusların 65 faizi deyib ki, “gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı”. 15 faiz respondent cürətli çıxıb, deyib, imkan olsa, köçərik. Amma rəyi soruşulanların 20 faizi susub. Güman ki, susanlar fikirləşiblər ki, nə bilmək olar, birdən hökumətin başı çönər, başqa ölkəyə köçmək istəyənləri də “xarici agent” elan edər, basar içəri.
Ümumiyyətlə, deyəsən, bir ölkədə babat yaşayanlar elə bilirlər ki, başqa ölkələrdə tez-tez yel əsir və qoz tökülür. Elə olmasa, əksər Avropa ölkələrinin, eləcə də dünyanın 200 ölkəsindən olan insanların can atdığı ABŞ və Kanadanın əhalisinin üçdə biri başqa ölkəyə köçmək istəməz. Amma onlar da köçmək istəyir.
İndi gələk özümüzə. Biz əlbəttə, Banqladeş benqalları kimi 300-400 nəfər birdən bərələrə, rezin qayıqlara minib ölkəni tərk etmək fikrinə düşmürük. Amma xaricdə yaşayan qohum-qardaşa, dayoğlu, biboğlu, əmoğlu və xaloğlu kimi ərkimiz ötən simsarlara sifariş göndəririk ki, oralarda bir yer edin, gələk.
Onlar da daş-qaya deyil ha, ikisi “vallah, burda da dolanışıq yoxdur” deyəndə, o biri ikisi “çamadanını yığ, gəl, kak raz bayevoy uşaqlar lazımdır burda” deyir. Beləcə, cavan-cavan uşaqlar 40 dərəcəlik aran istisindan varıb gedirlər şimalın 40 dərəcəlik şaxtasının ortasına. Çünki təbiətin isti-soyuğunun adama dəxli yoxdur. İnsana lazım olan birinci şey güzərandır. O da şimal elindədirsə, ya Avropadadırsa, nə etmək olar.
Guya o vaxt (2-3 əsr əvvəl) ingilislər, irlandlar, şotlandlar Amerikaya, Avstraliyaya, Yeni Zelandiyaya kefdən getmişdilər? Onları da oraya çörək dərdi aparmışdı. Getdilər, küləklə sovruldular, günəşdən yoruldular, amma adam balası kimi dövlət qurdular və indi də yaxşıca yaşayırlar.
Böyük şairimiz Əliağa Vahid çörəyin insanları nəyə möhtac etdiyi barədə iki misra irad edib, yazardım, amma eldən ayıbdır. Ona görə də nə Syerra-Leone xalqını qınayaq, nə də dünyaya neft məhsulları satsa da, acından qırılan Nigeriya xalqını.
Uzun sözün kəsəsi, dünyanın hər yerində kasıbın gücü çamadanına çatır.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ