İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl qələmin sındırılması

“Əri döyən arvadı, it də tutdu bir yandan”

(Azərbaycan ata sözü)

Cəbəllütariq Aralıq dənizindən Atlantik okeana çıxışda, İngiltərəyə tabe balaca bir dövlətcikdir. Əslində böyük qaya parçası demək olar. Ərazisi bizim Pirallahı adasının yarısından belə azdır. Hətta mən dünənəcən orda stadion olduğunu ağlıma gətirməzdim. Ancaq necəsə yerləşdiriblər. 5 min azarkeş tuturmuş. İngilis ölçü-biçisi deyək... Və dünən Fransa futbol yığması həmin bu Cəbəllütariqi qoyub qabağına, necə deyərlər, çiləyib. 14:0. Bəlkə, yalan olmasın, Makron da Cəbəllütariqə top vurubdur. 

Bu nə görməmişlikdir? Əlinə özündən qat-qat zəif düşəndə, onu mütləq əzib keçmək lazımdırmı? 2-3, lap 5-6, cəhənnəm, 7-8 top vurdun, çəkil müdafiəyə, özün üçün zarafatlaş, nə bilim, qapını boş burax... Yox, mütləq “ölü” üzərində məzələnmək lazım imiş. Bu genosidə baxmağa vaxtım olmayıb, ancaq deyir Mbappe xet-trik elədiyi üçün atlanıb-düşürmüş. Çingiz müəllim demişkən, utanmığdan ölmür...

Bax, məncə Fransa-Cəbəllütariq oyununun nəticəsi hazırkı dünyamızın kiçik modeli sayıla bilər. Güclülər zəifləri parçalayır, didik-didik eləyir. Amansız dünyadır. Günah heç Fransada da deyil, bəlkə, Cəbəllütariqi onunla eyni ranqda yarışa çıxaran futbol idarəçilərində - FİFA, UEFA, nə bilim, daha hansı dələduzlar yığınındadır. (Hərçənd, insafən Cəbəllütariq də az aşın duzu deyil, 2018-ci ildə Ermənistanı İrəvanda 1:0 udub. Bəlkə Fransa indi o sensasion biabırçılığın qisasını alırmış. Hökumətimizin diliylə desək, ermənilərin “böyük bacısıdır”). 

Dünyanı bürüyən ədalətsizliklərdən biri də bu günlərdə Milli Elmlər Akademiyamızda müzakirəyə çıxarılıb. Qurumun Rəyasət Heyətinin təşkilatçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkəmizə qarşı ikili standartlar, xaricdə alimlərimizə paxıllıq, ədiblərimizi, yazıçı-şairlərimizi görməzlikdən gəlmək müzakirəyə çıxarılmış və qəsdən bizimkilərə Nobel ödülü verilməməsi pislənmişdir.

Doğrudan da, Anar müəllimin “Beş mərtəbəli evin altıncı mərtəbəsində yazıçılar arasında mənzil bölgüsü” romanına niyə Nobel verilməyib, anlaşılmır. Hələ də gec deyil. Lakin bəzi sahələrdə artıq gecdir. Məsələn, bizim bir fizik alim var idi, mələyin uçma sürətini hesablamışdı. Ona tərtəmiz Nobel düşürdü. Ancaq alim 5-10 il qabaq rəhmətə gedərək şəxsən mələklərə qovuşmuşdur, Nobel ödülündə isə bir axmaq prinsip var – onu ölənlərə vermirlər. Mütləq diri olmalısan. (Bu prinsiplə alim və yazıçılarımızın şansı ümumiyyətlə sıfıra yaxındır, çünki onların çoxu ölüb, xəbərləri yoxdur, ancaq şər deməsən xeyir gəlməz. Əgər Bob Dilan Nobel alıbsa, Elza Seyidcahan niyə almasın?)

Hörmətli oxucularımıza sirr açım, belə getsə biz nəinki beynəlxalq, yerli ödüllərsiz də qalacağıq. Vaxtilə jurnalistika, yazı-pozu sahəsində “Qızıl qələm” adlı mükafat var idi. KİV həmkarlar idarəsinin qılıncının altından keçib o qələmi alan çoxlu laureatlarımız olmuşdur. Məsələn, mən bir dəfə rayona reportaj yazmağa gedirdim, Kürdəmirdə kabab yedik, məlum oldu kafenin aşbazı “Qızıl qələm” mükafatının sahibidir. Lüləni birbaşa qələmə taxırdı. Antrikotu qızıl kimi parladırdı. Böyük usta idi. “Qızıl qələm” sahibləri arasında taksi sürücüləri, həkimlər, müəllimlər, zavmaqlar, qaz idarəsinin müdirləri, sauna işlədənlər, masajistlər, seks işçiləri və sairə hər cür zəngin peşəyə rast gəlmişdik, bircə yazı yazanlar olmurdu. Ancaq əsas bu deyil ki? Əsas mükafat idi. Müdriklər demişkən, əsas məsələ prosesin özü idi, nəticə yox. İndi isə Mətbuat Şurasının qərarıyla “Qızıl qələm” mükafatının rəsmən ləğv edildiyi xalqa açıqlandı. Mən bunu söz və mətbuat azadlığına birbaşa təzyiq hesab edirəm. Nobel vermirlər, Qızıl qələm vermirlər, ev vermirlər... Hətta qızıl diş qoydurmaq da dəbdən düşüb. Yaradıcılıq üçün heç bir maraq, həvəs qalmır.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024