İnsanlara hürriyət, millətlərə istiqlal!

Qış yuxusu

Uzun istilərdən sonra Bakıda payız-qış havasına oxşar iqlim görünməyə başlayıb. Yoxsa təbiət də çaşqın durumdadır, dekabr gəlib, hələ bəzi ağacın yarpağı üstündədir. Küçədə üzərində qara tut olan ağac görmüşəm iki gün qabaq. Biləcəri parkındakı ayı yata bilmir, dünən məktəblilərdən toyuq dönəri dilənirdi. Əgər ağaclar və heyvanlar qış yuxusuna getməsələr, yazda hansı təbiətin oyanmasından danışacaqdıq? Novruz bayramı, Keçəl və Kosa, Bahar qız ixtisara düşə bilərdi. Şükür olsun, bu bəladan qurtulduq. Novruz bayramında rəsmi tətil haradasa ay yarıma qədər olur, xalqımız uzun əməkdən sonra dincəlir, yumurta döyüşdürür, tonqal qalayır. Nişanlı qızlar qapı dalından qulaq falına çıxır, ərgən oğlanlar papaq atır... Uzun sözün qısası, fəsillərin dəyişməsi çox mühümdür. Hətta bələdiyyə seçkiləri qədər vacibdir.  

Düşünürəm ki, təbiətin əsl simasına, fəsillərin yerinə qayıtmasına Dubayda keçirilən beynəlxalq iqlim konqresi müsbət təsir etmişdir. Hərçənd bəzi ağzıgöyçək mənbələrin iddiasına görə ərəb şeyxləri həmin iqlim iclasını... təzə nöyüt müqavilələri bağlamaq üçün düzüb qoşmuşlar. Nöyüt və qaz isə havanı ən çox korlayan maddələr sırasındadır. Ancaq ərəb dindaşlarımızı suçlaya bilmərik, həyatın qaydası budur. Bir yandan verirsə, o biri yandan alır. 

Biz planetar termodinamik qanunların tətbiqatına uzun zaman sevinə bilmədik - hava soyuyan, şimal küləkləri cövlan etməyə başlayan kimi işıqlarımız keçdi. Sutka ərzində düz iki dəfə. Bu da maraqlı səbəb-nəticə əlaqəsidir, Bakıda hamı bilir ki, yağış yağsa tıxac olacaq, külək əssə işıq keçəcək, qar yağsa su boruları donacaq. Külək əsəndə niyə işıq keçir, hələlik mən bunun elmi səbəblərini bilmirəm. Orta məktəbdə fizika müəllimimə buradan salam göndərirəm. 

İndinin özündə də bu cür dəqiq və qeyri-dəqiq elmlərin tədrisi sahəsində vəziyyətimiz o qədər müsbət şəkildə deyil. Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PİSA) adlı bir zad var, dünyanın 81 ölkəsində şagirdlərin biliklərini yoxlayıb. Bizimkilər mətn oxumaq qabiliyyəti üzrə 69-cu, təbiət elmləri üzrə 68-ci, riyaziyyatda isə 56-cı yeri tutublar. Deyirlər nəticələr qabaqkı illərə nisbətən pisləşməyə doğru gedirmiş, hərçənd qabaqlar bəzi illərdə Misir Mərdanov bu proqramı Azərbaycana heç buraxmırdı, guya bizə qarşı qərəzli olduqlarını söylərdi. Misir müəllimin “ört üstünü, qoxusu çıxmasın” siyasəti daha uğurluymuş. 

Bir detalı xüsusi qeyd edək: hesabatda ölkələrin adları yazılsa da, bizimki “Bakı (Azərbaycan)” kimi göstərilib. Nəyə görə? Çünki qiymətləndirmə bütün ölkə üzrə yox, yalnız Bakıda aparılıb. İndi təsəvvür edin bu yoxlama ucqar məktəblərimizdə də aparılsa neçənci yeri tutardıq. 

Əslində təsəvvür eləməyə də böyük ehtiyac yoxdur. Şagirdlərimizin mətn oxumaqda çətinlik çəkdiyini ən yuxarı - nazirlik səviyyəsində etiraf etmişik. Bu başqa cür ola da bilməz, çünki mətnlərimiz, dəftər-kitabımız hansı moltanı dilində yazılır, məlum deyil. Əgər bir ölkədə “Məmməd narkotiklə tutulub” cümləsi rəsmi idarədən “Məmmədin üzərində narkotik maddə aşkar edilərək tərəfimizdən götürülmüşdür” şəklində aləmə car çəkilirsə, orda nə ana dili, nə fisincan-plov?.. Heç biri qalmır. 

Göründüyü kimi, bir az babatı riyaziyyatdır, o da repetitorların hesabına. Uşaqlar döşənib riyazi formulları əzbərləyir, çoxunun mənasını başa düşməsələr də. Məna anlaşılmadığı üçün ölkənin az qala hər deşiyində “kompüter mühəndisliyi” fakültəsi var, lakin bir fərli proqram yazan yoxdur. Necə ki, bir ara hər yerdə “beynəlxalq münasibətlər” fakültəsi açırdıq, axırda heç kimlə münasibətimiz qalmadı. 

Təbiət elmləri sahəsində vəziyyət daha ağlamalıdır. Vaxtilə böyük kimya sənayesi olan ölkədə indi adi duru sabunun keyfiyyətlisini tapanda sevinirik. Yəni heç sevinmirik. 

İnşallah, gələn Novruza qədər vəziyyət düzələr.    

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024