Onlayn ictimai-siyasi qəzet
"Göydə ulduzlar,
Şaxtalı buzlar,
Cehizsiz qızlar,
Bu balama qurban".
(milli folklorumuzdan oxşama)
“Boinq” şirkətinin buraxdığı bir təyyarə markası var, artıq onu uçaqlar arasında “Prius” hesab etməyin vaxtıdır. Nə qədər qəzaya uğramaq olar? İndoneziya və Efiopiyada yerə düşüb camaatı qırmışdı, təzəcə ABŞ-ın özündə də uçduğu yerdə qapısı qopub. Əcaib video idi: təyyarədə yekə bir deşik, eniş yapır, camaat da sakitcə oturub. (“Bizdə olsa qışqırışma qopmuşdu” yazmıram, siz də hesab eləyin oxumamısınız, çünki çox klişe temadır). Ekspertlərin fikrinə görə, ehtiyat qapının qopmağı - deşik o üzdən yaranmışdı - uçaq havaya qalxarkən, cəmi 5 kilometr hündürlükdə olduğundan və məhz qalxış zamanı bütün sərnişinlərin kəməri bağlaması səbəbi ilə ölüm-itim olmayıb. Adətən uçaqlar 11 kilometr hündürlükdə uçur, orada salonda təzyiq dərhal dəyişər, salondakıları bayıra sovurardı. Üstəlik, havasızlıq və şaxta. Sağ çıxmaq ehtimalı çox az olardı.
Dünən isə bu əhvalatla bağlı bir xəbər oxudum, qıdığım tutdu. Yazmışdılar ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının rəyinə görə, təyyarənin hermetikliyinin pozulmasına səbəb ehtiyat qapının qopmasıdır.
Qapı qopub, yerindəki heyvərə deşiyin videosu var, amma şura araşdırma aparıb, səbəbi tapıb. Halal olsun. Çox əziyyət çəkiblər. Mövzumuza (guya) dəxli yoxdur, deyir bir gün kimsə Qədir Rüstəmovdan soruşub ki, Alim Qasımov necə oxuyur, Qədir müəllim demişdir: “Sağ olsun, çox əziyyət çəkir”. Şair demişkən, mən məhv oluram, nəhayət, xəbərin yoxdu sənin, çəkirəm əzab-əziyyət, xəbərin yoxdu sənin. Prinsipcə, dünyada rahat heç zad yoxdur. İnsan əməklə ucalır.
Amerikalılar uçağın qopan qapısını tapıblar. Güman edirəm təzədən yerinə yapışdırıb hansısa kasıb ölkəyə satacaqlar. Bizdə adətən belə düşüncə Yaponiyada zəlzələ, sunami-filan olanda yaranır, millətimiz dükan-bazarda müzakirəyə başlayır ki, yəqin orda sudan çıxan, ağacın altında qalan, nə bilim, dərəyə düşən maşınları tezliklə gətirib Bakıda satacaqlar. Uca millətimizin təsəvvürlərinə görə yapon avtomobilinin hansısa salamat üsullarla ölkəmizə varid olması qeyri-mümkündür. Atalar sözündəki kimi, əgər kasıb evində toyuq bişibsə, ya toyuq xəstələnib, ya kasıb.
Əlbəttə, yaxşı olardı o qapı uçub gəlib Biləcəridə düşərdi, metalloma satardıq. Tarixən belə hadisələr olmuşdur. Məsələn, Amerika aviadaşıyıcı gəmisindən, Hind okeanından Səddamın sarayları vurulan vaxt, 2000-ci illərin əvvəlində, qəzetdə yazmışdılar ki, ora atılan “Tomahavk” raketinin 1 dənəsi 1 milyon dollara başa gəlir. Bizim qonşu deyirdi ki, kaş onun bir dənəsi səhvən gəlib həyətimizə düşərdi, satıb varlanardıq.
İnsanın belə cahillikləri çoxdur. Keçən həftə Putin Ukraynaya raket-bomba yağışı yağdırmışdı, hesablamışdılar ki, tək bir gecədə Rusiyanın atdığı bombaların dəyəri 1 milyard dollara yaxın olub. Moskvanın altında Podolsk şəhərində camaat 5 gündür 40 dərəcə şaxtada donur, istilik sistemləri partlayıb, qayıran yoxdur, bunlar isə ancaq haranısa işğal eləmək, kimisə öldürmək, hansısa şəhərə bomba atmaq haqda düşünürlər. Dünyanın altıda biri bəs eləmir.
Axırdan-axıra əski deputatlarımızdan birinin qapı şirkəti yadıma düşdü. Findifüruş ad da qoymuşdu şirkətə: “Avropa qapıları”. Görəsən, onun axırı necə oldu? Belə çağlar vardı bizdə. Hər şey “evropeyski” idi. Liseydən remonta, qapıdan bacaya qədər. Axırda məlum oldu Avropanı istəmirik. Şair demiş, mən istərəm bəlanı, çün istər bəla məni. İndi bizim xəta-bəlasız, öz yolumuz vardır. Göydən də təpəmizə uçaq qapısı yox, uçan xalça düşür. Qapı dükanları isə “Qapı dünyası” kimi romantik ad daşımağa başlamışdır.
Uzun sözün qısası, Allah hamının qapısını açsın, bircə göydəki uçaqlardan başqa.
26 Noyabr 2024
24 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ