Onlayn ictimai-siyasi qəzet
Qarabağın yerdə qalan hissəsində suverenliyimizin bərpasından dolayı işlər sürətlənib. Əlbəttə ki, hazırda dövlətimizin 1 nömrəli prioriteti ərazimizin qanunsuz silah-sursatdan və quldurlardan tam təmizlənməsidir. Çünki erməni sakinlərin cəmiyyətimizə re-inteqrasiyası böyük ölçüdə bundan asılıdır.
Aydın məsələdir ki, separatçı-xuntaçılar məhz qanundan kənar hərbi strukturlar və resurslar vasitəsilə erməni əhalini on illərlə qorxu altında saxlayıb. Buna isə daha yol vermək olmaz. “Divin canı şüşədə” olduğu kimi, onların canı da əllərindəki silahlardadır. Daha dəqiqi idi.
Re-inteqrasiyaya növbəti güclü təkan erməni əhalisinin yaşadığı bölgənin enerji (qaz, işıq), su, internet təchizatının, kommunikasiyaların Ermənistandan ayrılaraq, bütünlüklə Azərbaycana qoşulması, bir də “boz zona”nın Ermənistandan maliyyələşməsinin kəsilməsi olacaq. Artıq dünəndən Xankəndində bizim işığımız yanır. Davamı da gələcək...
Təbii ki, proses yağ kimi getməyəcək. Bunu gözləmirik də. Ona görə ki, arada 35 illik ədavət, qan-qada, şəhidlər var. Üstəlik, terrorçu ünsürlər əllərindən gələni edəcək, yeri gələndə hətta öz dinc soydaşlarına qarşı belə, amansız aktlar, həmlələr həyata keçirəcək ki, proses tormozlansın. Necə ki, bu gün Xankəndi yaxınlığında yanacaqdoldurma stansiyası partladılıb. Çoxlu ölən və yaralının olduğu deyilir. Çünki orada Ermənistana getmək istəyənlərin uzun maşın növbəsi olub.
Çox vacibdir ki, Azərbaycan hüquq-mühafizə orqanları belə təxribatları ərazidə nəzarət həyata keçirən Rusiya qüvvələri ilə birgə nəzarətə götürüb günahkarların qanunlarımız əsasında məsuliyyətə cəlb olunmasını vaxtında təmin eləsin. Bu, həm də dövlətimizin suveren gücünün nümayişi və xaricdəki erməni havadarlarını susdurmaq üçün vacibdir...
Sözsüz ki, heç kimi zorla saxlamaq fikrimiz də yoxdur. Hər halda, təməl insan haqları sırasında yaşayış yerini sərbəst dəyişmək hüququ da var. Azərbaycan bayrağı altında yaşamaq istəməyənlər üçün yol həmişə açıqdır. İstəyirlər Ermənistana, istəyirlər də “böyük bacı” Fransaya köç edə bilərlər. Hərçənd bu gün bəlli olub ki, Makron onları qəbul eləməyə hazırlaşmır.
Paralel surətdə yəqin ki, vaxtilə bölgədə demoqrafik durumu dəyişmək üçün qanunsuz yerləşmiş ermənilərin Qarabağdan çıxarılması, yeni siyahıyaalma və amnistiya həyata keçiriləcək...
Bişəkk, radikal-revanşistlərin və onların dəstəkçilərinin, xüsusən də erməni lobbisi və erməni katolik kilsəsinin tezliklə kiriyəcəyini və sərt reallıqla barışacağını gözləmək sadəlövhlük olar. Azərbaycana qarşı ən azından güclü informasiya savaşı dayanmayacaq. Ancaq Ermənistan Azərbaycanla qısa zamanda Bakının 5 məlum baza prinsipi əsasında bir səhifəlik həcmdə də olsa, sülh müqaviləsi və ya anlaşma sənədi imzalayarsa, onda lobbi də, “miatsum” havadarları da bir qələt edə bilməyəcək.
Məntiqlə Paşinyan iqtidarı Ermənistanın 29.7 min kv km-lik ərazidə qalmasını istəyirsə, o zaman sülh sazişi imzalamağa məhkumdur. Artıq özləri də etiraf edir ki, tarixi şans yaranıb. O zaman buyursunlar, fürsəti qaçırmasınlar.
Sülh sənədi həmçinin Qarabağda hələ də tərəddüd içində olan erməni əhalinin qeyri-müəyyənlikdən qurtuluşu üçün vacibdir. Çünki istisna deyil ki, Qarabağda bəzi haylar “bəlkə də qaytardılar” ümidi ilə yaşayır. Bu düşüncədə olan sakinlər isə terrorçu-separatçılar üçün potensial “yem” materialı, “xammal”dır. Odur ki, iki xalq arasında barışıq və düşmənçilik səhifəsinin çevrilməsi prosesinin geridönməz olmasında rəsmi İrəvan da maraqlı olmalıdır...
Rusiyalı tanınmış jurnalist və analitik Maksim Şevçenko bu xüsusda haqlıdır deyəndə ki, əslində Ermənistan da işğaldan əl çəkməklə özünü qalib tərəf saya bilər. Zira, onun itirdiyi bir şey yox. Keçmiş Dağlıq Qarabağ onsuz da Ermənistana məxsus deyildi.
Sitat: “Qarabağ Azərbaycan ərazisidir. Ermənistan bu məsələdə heç də uduzmayıb. Qərb tərəfindən bu manipulyasiya ehtimalının aradan qaldırılması əla nəticədir. Erməni məsələsindən pul qazanan və regionda geosiyasi manipulyasiyalar aparmağa çalışan erməni lobbisi məğlub oldu. Ermənistan isə işğaldan əl çəkməklə qalibdir”.
Qalır indi bu “qələbə”ni maddiləşdirmək. Yəni sənəd halına salmaq. Paşinyan və hökuməti bacaracaqmı?..
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ