İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynadakı səhvini Ermənistanda etsə... – Bakı üçün unikal şans

Bölgəmiz üçün yetərincə taleyüklü, həlledici bir dönəmə, bəlkə də aya girmişik. Ən əvvəl də ona görə ki, Nikol Paşinyan hökumətinin Qərblə Rusiya arasında “geosiyasi rəqsi” bitmək üzrədir. Bəs kritik gözlənti nədir?

Ondan başlayaq ki, Azərbaycan və Türkiyə ilə sülh anlaşmalarından hələ də od sudan qorxan kimi qorxan, o səbəbə Bakı və Ankaranın barışıq əllərini 4 ildir havada saxlayan Ermənistan və onun rəhbərliyi faktiki öz axırıncı şansını da axmaqcasına xərcləməkdədir. Böyründəki xoşbəxtliyi görməzlikdən gəlib də onu yenə uzaqlarda, dağda-daşda axtaran bir xalqın və onun hərdəmxəyal iqtidarının ağıllanacağına bəslənən ümidlər isə sürətlə əriməkdədir...

Əlbəttə, Qərbin, öncəliklə onun aparıcı, lokomotiv dövləti olan ABŞ-ın İrəvandan nə istədiyini “məxməri” baş nazir Paşinyan yaxşı bilir. Postsovet məkanında əməkdaşlarının sayına görə (2 min) Amerikanın ən böyük (dünyada dördüncü) səfirliyinin məhz 2 milyonluq Ermənistanda olması boşuna deyil. Aydındır ki, səfirlikdəkilərin heç də hamısı diplomat funksiyası daşımır.

Vaşinqtonun 1 nömrəli tələbi isə məlum: Rusiyanı Ermənistandan, ardınca bölgədən çıxarmaq, İrəvanın Tehranla işbirliyinin, xüsusən də hərbi sahədə əməkdaşlığını minimuma endirmək...

Şübhəsiz, çox şeyi Ermənistanın Rusiyanın qurduğu iqtisadi bloklarda (Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı) təmsilçiliyi yox, məhz Kremlin dominant olduğu yeganə hərbi blokda - KTMT-də qalıb-qalmaması həll edəcək. Çünki məhz KTMT Putin üçün “qırmızı xətt” və reputasiya məsələsidir. Moskva belə itkiləri çox ağrılı qəbul edir.

Yəni İrəvanın məhz “Rus NATO-su”nu tərk eləməsi ilə artıq yeni situasiya yaranmış olacaq və cavab qaçılmaza çevriləcək. Hansı cavab?

Təbii ki, hamını indi Ukraynaya başı qarışan və genişmiqyaslı əks-hücuma hazırlaşan Kremlin Nikol Paşinyan hakimiyyətinə qarşı əl atacağı rıçaqlar maraqlandırır. Amma Moskva yəqin ki, Ukraynadakı səhvini təkrarlayıb “üsyankar” satelliti əleyhinə açıqca hərbi gücdən istifadəyə getməz. O halda Ermənistanda onsuz da güclü olan anti-Rusiya ovqatı bir az da alovlana bilər ki, bu da elə Qərbin marağındadır.

Kapitulyant ölkədə Rusiyayönlülər vasitəsilə çevriliş, hətta Nikola qarşı terror isə mümkündür. Hərgah, indi Levon Ter-Petrosyanın devrildiyi 1998-ci il deyil. Heç devrilən Ter-Petrosyanın özü də Qərb sevdalısı deyildi. Moskva həmin vaxt, sadəcə, onu daha sadiq biri ilə - Robert Köçəryanla əvəzləmişdi. Üstəlik, o zaman Azərbaycan torpaqlarının 20 faizi işğalda qalmaqda idi və erməni toplumu buna görə Moskvadan məmnun olmağa davam edirdi.

Amma indi Rusiya çevriliş qarşılığında vəd verə bilməz ki, “artsax”ı təzədən, zor gücünə ermənilərə qaytaracaq. Belə bir cəhd Şuşa Bəyannaməsinin işə düşməsinə gətirər, Putin birdən-birə önündə daha iki mühüm dövləti – Azərbaycan və Türkiyəni görər, onları özünə düşmən edər. Qərb də bunu arzulamırmı? Qərb (ABŞ + AB)-Rusiya münasibətlərinin uzun müddətə korlanması fonunda bu, Moskvaya lazımmı? Əsla. Əksinə, Bakı və Ankara ilə tərəfdaşlıq Moskvaya hava-su kimi hələ çox gərək olacaq...

Qalır Ermənistana təsir etməyin iqtisadi yolu, yaxud “yumşaq güc” tətbiqi. Söhbət ilk növbədə Ermənistana ucuz (daxili) qiymətə satılan qazı bahalaşdırmaqdan, Rusiyada ailələrinə çörək qazanan yüz minlərlə erməni miqrant üçün dözülməz şərait yaradıb onları geri dönməyə vadar eləməkdən, Ermənistanda istehsal olunan məhsullara, o sırada kənd təsərrüfatı məhsullarına qadağalar qoyulmasından gedir. Yarım-blokada şəraitində olan cırtdan ölkə üçün bütün bunlar fəlakət olardı.

Deyilə bilər ki, İrəvan təbii qazı İrandan və ya Azərbaycandan da ala bilər. Ancaq Qərb, ələlxüsus ABŞ İran variantına razı olarmı? Kapitulyant ölkənin şimal asılılığından qurtulub cənub qonşudan asılılığa düşməsinə Vaşinqton izn verərmi? Axı Amerikanın bir hədəfi də Ermənistan daxil, bölgəni İranın təsirindən uzaq saxlamaqdır.

Azərbaycana gəlincə, biz Ermənistanı nəinki mavi yanacaqla, neft məhsulları və elektriklə də ilə təmin eləmək potensialındayıq. Üstəgəl, ora böyük sərmayələr yatıra bilərik, amma şərtimiz var: 5 prinsip əsasında sülh müqaviləsi. Di gəl, rəsmi İrəvan elə bundan qaçmaq və “artsax” məsələsini təzədən beynəlxalq gündəmə gətirmək üçün Qərbə sığınmaq yolu tutub...

Nəhayət, Kremlin “yumşaq güc” tətbiqi böyük ehtimalla, Zəngəzur dəhlizi və 8 kənd məsələsində Azərbaycana “yaşıl işıq” yandırmağı da özündə ehtiva edəcək. Ayrı sözlə, Bakının bu yöndə lokal güc tətbiqinə Moskva neytral qalacaq. Unutmayaq ki, Paşinyanın imza atdığı 10 noyabr kapitulyasiya sənədi (9-cu bənd) bunun üçün hüquq əsas yaradır. 8 kənd isə onsuz da bizim qanuni ərazimizdir və 86.6 min kv km-ə daxildir.

Odur ki, seçim həmişəki kimi İrəvanın. Gerisayım bitir. Əgər o, həqiqətən Rusiyanın hərbi və digər asılılığından qurtulmaq istəyirsə, bunu yalnız Azərbaycan (+ Türkiyə) ilə hərtərəfli siyasi-diplomatik əlaqələr qurmaqla edə bilər, nəinki Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hesabına. Yoxsa Ermənistan olan-qalan dövlətçiliyi ilə də vidalaşmalı olacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024