İnsanlara hürriyət, millətlərə istiqlal!

Plyajlar hasarlanmalıdır

Hər il olduğu kimi, bu il də hökumətin uğurlu təbiət siyasəti nəticəsində ölkəmizə yay gəlmişdir. Özü də yüksək dəqiqliklə. İyunun 21-də Şamaxı rəsədxanası bu haqda xəbər açıqladı, yayın 18:57-də Azərbaycana daxil olması vurğulandı.

Başqa ölkələrdə yay heç də dəqiq vaxtda girmir. Məsələn, Avstraliyada hətta yay dekabrda başlayır. Nəticədə əhali çaş-baş qalır, ictimai asayiş pozulur, kenqurular koalara qarışır, millətin evinə hörümçək daraşır, meşələr yanır-alışır. Bu isə yerli hökumətin fərasətsiz olduğunu göstərir. Yayın girməsini özbaşına qoymaq olmaz.  

Əslində hələ dəqiq bilmək olmaz kim kimə daxil olmuşdur, ya da türkün sözü, girmişdir. Yay fəsil olaraq nədir? Elmi dildə yazsaq, yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq yaradır və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır. Bunu bilmək ona görə vacibdir ki, əvvəl-axır hökumətin iqtisadi islahatları sayəsində hamımız 3-ün kruqundakı qul bazarında fəhlə ştatında işə düzələcəyik, 73 dərəcə hündürlük olanda adamın beyni yanır, gərək günün altında çox durmayasan. Əlbəttə, bu haqda Nazirlər Kabinetinin zəhləmgetmiş sözlə yazsam “müvafiq”, insan dilində yazsam “uyğun” qərarı vardır.

Bu baxımdan, bəlkə də xəbərlərdə “Azərbaycana yay gəlmişdir, daxil olmuşdur, girmişdir” yerinə, “Azərbaycan yaya girmişdir” yazmaq daha doğru, daha elmi, respublikamızın inkişafı baxımından qat-qat filoloji olardı, axı bu halda məhz bizim seçilmişliyimiz vurğulanır. Lakin çoxdandır məktəblərimizdə astronomiya elminin tədrisi ləğv olunubdur, ona görə bu işi dəqiqləşdirməkdə çətinlik çəkirik. İnşallah, cavabı öyrənəndə sizə də yazarıq.

Yayın elmi araşdırılması bizi mövzudan uzaq saldı, mövzu isə budur: niyə hər il yay gələndə zəhmətkeşlərimiz plyajda avtoşluq edir? Təzəlikcə bir heyvərəni bu işin üstündə 15 sutka həbsə saldılar, 1 illiyə sürücülük vəsiqəsi alındı.

Bəzi analitiklərin, ekspertlərin fikrincə xalqımızın plyajda avtoşluq etməsi üzməyi bacarmadığımızdan irəli gəlir. Məktəblərdə üzgüçülük dərsi keçilmir, ictimai hovuzlar yoxdur, üzmə dərsləri çox bahadır, pulumuz çatmır və sairə. Nəticədə plyaja gedirik, bilmirik nə edək. Nə qədər qarğıdalı gəmirəsən? Neçə saat xalqı seyr edəsən? Bəzilərimiz dərhal suya girib batmağa üstünlük verir. Bəziləri qumda ağnayır. (Qumda qaralmağın əks versiyasıdır). Qalanları da məcburən avtoşluq edir.

Təklif var ki, hökumət yerdə qalan dəniz sahilini də tamamən hasarlasın, plyajlarda avtoşluq edənlərə son qoyulsun. Yuxarıda yazdığım kimi (sonradan axtardım, məlum oldu heç yerdə yazmamışam), xalqı heç bir şəraitdə özbaşına qoymaq olmaz. Həyatın bütün sferaları üzrə qanun, qayda, qərar, sərəncam, fərman, hasar, kamera, təcridxana olmalıdır. Bu dəqiqə quru sərhədlərini açsalar, xalqımız gedib xaricdə avtoşluq edəcək.

O baxımdan, yaxşı olar Xəzərin sahili Xaçmazdan Astaraya hər yerdə hündür hasara alınsın, bəzi yerlərdə adam boyu səviyyəsində deşiklər açmaq şərtiylə. Çünki müəyyən adamlar var, dənizə baxıb şeir yazmalıdır.  

Təzəlikcə xəbər lentində meyxana məclisində uşaqların söyüşlərə qulaq asdığı tənqid olunmuşdu. Müəllif haqlı olaraq yazırdı ki, niyə hökumət buna tədbir görmür, meyxana deyənlər söyüş işlədəndə onları tutub 15 sutka (məsəl üçün – bunu mən özüm təklif edirəm) vermir.

Təbii, cəza mexanizmləri hərtərəfli olmalıdır. Məsələn, məclisdə aş yeyəndə ağzını mırçıldadanları da tutmaq lazımdır. Xəngəl yeyib gəyirənlər, kababdan sonra dişini çəngəllə, qulağını maşının açarıyla qurdalayıb təmizləyənlər cəzalanmalıdır. Çayı hortuldadıb içənlər isə yaxşı olar vətəndaşlıqdan məhrum olunsun.

Nəhayət biz özümüzü aparmağı öyrənməliyik. Hər şeyi dövlətdən gözləmək olmaz.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024