İnsanlara hürriyət, millətlərə istiqlal!

Plana düşmək arzusu

“Harama ağzını bulaşdırdın, kəşkülünü doldur götür”

(Azərbaycan atalar sözü)

Şəhərsalma idarəsinin müdiri Bakının Baş planı xalqa təqdim edilərkən diqqətimi çəkən bir cümlə səsləndirdi: “Bakının Baş planında əsas hədəflərdən biri şəhərin istənilən hissəsində yaşayan insanların həm işlədikləri, həm də təhsil aldıqları yerə 15-20 dəqiqəyə çatmasıdır”. Sitatın sonu. Deyir hazırda dünyada məhz bu “15 dəqiqəlik şəhər” prinsipindən istifadə olunur. 

Şəxsən, öz adımdan, həmçinin bütün Binəqədi rayon zəhmətkeşləri adından dərin minnətdarlığımızı çatdırmağı zəruri borc hesab edirəm. Gör hökumət bizim qayğımıza necə qalır, hər gün xalqa yeni sözlər, ifadələr, terminlər öyrədilir. “15 dəqiqəlik şəhər” prinsipini bilirdinizmi? Bilmirdiniz. Hələ sabah bizə hansı sözlər öyrədəcəklər, Allah bilir... Bu da onun nəticəsidir ki, məmurlarımız müasirdir, xaricdə oxuyub gəlirlər, yeni prinsipləri bizə başa salırlar. Əsas odur biz də xalq olaraq hökumətimizə layiq olaq, onun öyrətdiyi sözləri əzbərləyək, unutmayaq. Yoxsa yadınıza gələr, bir dəfə hökumət təzə orfoqrafiya lüğəti düzəltmişdi, orada söz ehtiyatımızı 150 min ədəd göstərmişdi. 3-4 il keçdi, idarənin (bizdə söz idarəsi var, müdiri də şairə Afaq xanımdır) başçısı lüğətin təzəsini buraxdı, orada söz sayı artıq 90 minə düşmüşdü. Xalq qısa vaxtda 50-60 min sözü yadından çıxarmışdı. Dəhşətdir. Belə getsə, hamımız ana dilində Çingiz Abdullayev kimi danışacağıq. Onda gərək utanmıxdan ölək. 

Bəli, yeni plana görə şəhərimiz 2040-cı iləcən əsaslı surətdə yenidən qurulacaqdır. (Lənət şeytana, hər dəfə “əsaslı surətdə” yazanda Surət Hüseynovun dövlət çevrilişini xatırlayıram; görünür mənim yaddaşımda destruktivləşmə gedir, başımda da yeni baş plana ehtiyac yaranmışdır. İnşallah. Onsuz hökumət zərurət yarandıqca hər bir vətəndaşına da əl gəzdirir). Velosiped yolları, metrolar, uçan qatarlar, qaçan səkilər, üzən çəkilər... (axırıncını qafiyə üçün yazdım, planda yoxdur). Sözgəlişi, bu plan məsələsi Bakıda həmişə aktual olubdur, paytaxtın harasına getsən iynə üstündə oturmuş kimi yaşayan adamlar, ailələr, nəsillər görə bilərsən. Onlar daim düşünürlər ki, görəsən, bizim məhəllə haçan plana düşəcəkdir, söküb başqa yerdən ev versələr canımız qurtarardı və sairə. Yaşadığı gecəqondunun söküləcəyini gözləyən yeddi arxadan dönmə nəsillər, tayfalar vardır. Hamımız plana düşmək arzusundayıq. 

Amma haşiyə çıxaraq qeyd edim ki, şəhərə bu cür söküntülü münasibətin tarixi kontekstdə mənfi nəticələri də vardır. Ara yerdə paytaxtımızın yaddaşı korlanır, tarixçəsi itir. Məsələn, indi Bakıda elə bir restoran tapa bilərsinizmi ki, çox demirəm, 30 il çalışsın? Yoxdur belə yerlər. Məşhur, hamının adıyla tanıdığı yerləri də əcaib şəkildə dəyişirlər. Dünənəcən bütün Bakının “Aqava” (məsəl üçün) adıyla tanıdığı restorana gedirsən, görürsən adı olub “Yeni qanqalotu” (bu da məsəl üçün). Hətta bəzən internet axtarış motorları həmin yerləri köhnə adlarıyla göstərir. İnternet unutmur, xalq isə unudur. Niyə biz öz tariximizi öz əlimizlə silirik? Nəsillər arasında əlaqəni niyə yox edirik? 

Qayıdıram yazının əvvəlinə - “15 dəqiqəlik prinsipinə”. Bu ifadə məni niyə təsirləndirib, onu yazmaq istəyirəm. Çünki bu ölçü vahidini heç özüm də bilmədən çoxdandır tətbiq edirdim. Sırf təsadüf üzündən. 

Mən Biləcəridə yaşayıram, qohumlarım isə Ayna Sultanovanın heykəli tərəfdə. 2003-cü ildə bir dəfə o istiqamətdə gedən 67 saylı avtobusda zamanı ölçmüşdüm, 15 dəqiqəyə çatdığım yadımda qalmışdı. 20 il keçib və indi mən o məsafəni eyni marşrutla (hərçənd keçmişdə onun nömrəsi 267 idi - bunu da dəyişməyə imkan tapıblar) ən yaxşı halda 40-50 dəqiqəyə gedirəm. 

Belə çıxır şanlı hökumətimiz mənə 2040-cı ildə 2003-cü ildəki kimi yaşayacağımı vəd edir. Nə olar, min bərəkət... 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024