İnsanlara hürriyət, millətlərə istiqlal!

“Peycer” və “peysər” terminlərinin yaxınlaşması

 

İndiki cavanlar da bilər, dünənin-srağagünün söhbətidir. Yadınızdadırsa, 6-7 il öncə türkiyəli komediyen (indi kimsə deyəcək ki, komediyen nədi, dilimizi korladın) Cem Yılmazın dillərə düşmüş bir zarafatı vardı, daima izləndiyini düşünənlərə ironiya ilə deyirdi: “Si-ay-ey peşimizdədir, hepimizi izliyorlar”.

Cem Yılmaz CİA deyəndə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsini nəzərdə tuturdu. Geniş yayılmış qənaətə görə, MKİ dünyada hamını izləyir – hətta bütün telefonları dinləyir, kimin harda nə yeməsindən də xəbərdardır. Usta komik də lağlağıyla deyirdi ki, hə, MKİ istəsə, hər kəsi manqal yellədiyi yerdə gicgahından vurar.

Bu zarafat dillərə düşmüşdü, açığı, izləndiyindən şübhələnən adamlara mən də bu zarafatı eləmişəm, demişəm, hə, hə, Si-Ay-Ey səni izləyir, ehtiyatlı ol. Sonra da əlavə eləmişəm ki, ay eloğlu, sənin üçdə alacağın, beşdə verəcəyin yoxdur, dünyadakı 7 milyard+ adamdan birisən, səni niyə izləsinlər, izləyib nə edəcəklər.

Amma Livanda birdən-birə 3 minə yaxın peycer cihazının partlaması göstərdi ki, Cem Yılmaz da səhv edib, biz də texnoloji cihazların mahiyyətindən xəbərsiz olmuşuq, bilməmişik, həqqənəsi, hamı nəzarətdəymiş. Heç demə, istənilən birimizi manqalı yellədiyi yerdə partlada bilərmişlər.

Görəcək işdir. Kimin ağlına gələrdi? Livanlılar da srağagünə qədər dinlənilməmək üçün müasir mobil telefondan istifadə etmirmişlər ki, salamatı peycerdir. Al sana, salamat cihaz. Part, paaat, partapart. Peycer işlədənlərin cibində, əlində, masasında qarğıdalı dənəsi kimi partlayıb bu cihazlar, 3 minə yaxın adam yaralanıb, ölənlər var.

Yenə cihazı masada, otağın o biri başında partlayanların işi yaxşıdır, bəs əlində, daha pisi, cibində partlayanlar nə etsin? Heç nə şikəstlik, bədbəxtçilik. Araşdırsaq, bu işi aparıb soyqırımacan çıxarmaq olar. Kişi xeylağının cibində partlayış olması nə deməkdir...

Bu, adı bizim məşhur, dildə-ağızda gəzən və hər gün N qədər davaya səbəb olan peysər sözünə oxşayan cihaz bu tərəflərdə ötən əsrin 90-cı illərində dəb idi. O vaxt heç hələ qozsındıran mobil telefonlar da çıxmamışdı, çıxsa da, tək-tük adamda vardı, camaat bir-biriylə peycerlə xəbərləşir, mesajlaşırdı.

Sonradan yazılı, səsli, görüntülü mesajlaşma üsulları icad edildi, ta peycerə lüzum qalmadı. Amma, belə anlaşılır ki, bəzi ölkələrdə peycerlərdən tam imtina etməyiblər. Bu, o cihaza sədaqətdən, duyğusallıqdan-filandan olmayıb, peycer işlədənlər əməliyyat adamları, özləri demişkən, cihadçılar olublar, düşünüblər ki, belə etsələr, CİA bunların peşinə (dili yenə korladım) düşə bilməz.

Amma işə bax ki, CİA düşməsə də, “Mossad” peycerlərin dalını (burada dilimizin daha ifadəli bir sözü ola bilərdi, amma onda da qınağa tuş gələcəkdik) buraxmayıb.

Əslində, peycerlərin partlamasına görə heç kəs öz üzərinə məsuliyyət götürməyib, ona görə də xalqın məxfi xidmətinin adını çəkmək düz deyil (bu yerdə müəllif hər ehtimala qarşı mobil telefonunu yazı masasının siyirməsinə qoyur). Amma belə hadisələrdə o təşkilatın adını çəkmək həm dəbdir, həm də insafən, başqa vaxt qırx ünvana cuman gümanı nə qədər bizləyirsən, heç hara yerə getmir.

Müharibədir də, lənətə gəlsin, nə etmək olar. Kimin əlində imkan var, düşməni partladır.

Ən qəribəsi odur ki, srağagünkü partapartdan sonra dünən yenə də yerdə qalan peycerlər partladılıb.

Habil Əliyevin “görürsən, qatar gəlir, yoldan çıx dəə” söhbəti olmasın, zalım uşağı, siz də görürsünüz, bu andırı kütləvi şəkildə partladırlar, atın bir qırağa dəə. Gərək bu qumbaranı üstünüzdə gəzdirəsiniz?

İndi heç bir ölkə boynuna almır ki, o partlayan cihazları kim istehsal edib. Axırda Çinin boynuna qoyacaqlar və deyəcəklər ki, cihazlar keyfiyyətsizlikdən partlayıb. “İstidən partlayıb” söhbəti alınmadı. Çünki bu cihaz istidən partlayan idisə, avqustda partlayardı, ta havalar sərinləyəndə, payız ağzı niyə partlayır?

Hələ baxaq. görək bu işin axırı necə olacaq. Peyceri partlamış “Hizbullah”çıların liderləri “tutarlı qisas” vəd ediblər. Əgər bir şey etsələr, bu cavab sayılacaq, yox, etməsələr, növbəti dəfə peysərə atmaq məsələsi olacaq. O zaman “peycer” və “peysər” terminləri bir-birinə çox yaxınlaşacaq.

Qoy həmişə sülh olsun.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024