İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Azərbaycan əleyhinə “arayış” yığır – Sülh üçün yalvarmaq əvəzinə...

İşğalçı ordusu cəmi 44 günə darmadağın edilmiş Ermənistan “quyruğu yanmış siçan” kimi üç ildir ora-bura vurnuxur. Eyni zamanda, özünü yeni obrazda dünyaya sırımağa çalışır: miskin, ağzı-burnu əzilmiş, ağzı yanmış, yardıma və təsəlliyə hamıdan çox ehtiyacı olan yazıq qismində.

Di gəl, bu “yazıq Ermənistan”ın rəhbərliyi öz xalqının bəlli səbəblərdən aldığı yaraları sağaltmaq üçün təcili Azərbaycanla sülh müqaviləsi imzalamaq, bizimlə düşmənçilik səhifəsini həmişəlik qapatmaq, sülh üçün yalvarmaq əvəzinə, - sağlam məntiq məhz bunu deyir, - çıxmadığı, çıxarmadığı oyun qalmayıb. Qonşularla anlaşmaq yerinə, az qala hər gün əlində dəstə-dəstə şikayət bir beynəlxalq qurumun qapısını döyür. Azərbaycan əleyhinə “arayış” toplayır. Sonuncu belə instansiya AŞ PA oldu. Yəqin ki, hamını bezdirib...

Hələ harasıdır, təki sülh müqaviləsi imzalanmnasın deyə, bu yoxsul və miskin Ermənistan altdan-altdan hücum ordusu planları qurur, gələn ilə hərbi xərclər üçün rekord həcmdə - 1.5 milyard dollar vəsait ayırır. Qonşularla sülhdən, əməkdaşlıqdan qaçmaq üçün kollektiv Qərblə (ABŞ) Rusiya arasında təhlükəli “iki stul” siyasətini davam etdirir. Hələ də ümid edir ki, Azərbaycana qarşı onun bir əlindən “Sem dayı”, o birindən də “rus İvan” tutacaq. Pul-parası, silah-sursatı qıt olmayacaq.

Bunu baş nazir Nikol Paşinyanın yerli TV-yə dünənki müsahibəsi bir daha təsdiqlədi. Bəlli oldu ki, hələ də bir gözünü Qərbdən çəkməyən və artıq neçənci dəfədir özünü “bazarlığa” çıxaran Ermənistan heç də Rusiya ilə bütün körpüləri yandırmağa hazırlaşmır. Yəni Gümrüdəki rus hərbi bazası da yerində qalacaq, kapitulyant ölkənin Türkiyə və İranla formal sərhədlərini də yenə Rusiya FTX-sının (FSB) sərhədçiləri qoruyacaq, ucuz təbii qazı da həmişəki kimi Rusiyadan alacaq (Diqqət: Rusiya mavi yanacağı bu gün də ermənilərə daxili bazar qiymətinə satır)...

Beləcə, bir şou bitir, yenisi başlayır. Nikol yenə xarici siyasətdə Fransa ilə qol-boyun olmaqla yanaşı, utanmazcasına Rusiya orbitində qalıb hansısa əlavə dividentlərə ümid edir. Bu isə gözlənilmir. Ona görə ki, arada qalan hər iki tərəfin zərbələrini yeyir. Çünki belə vəziyyətdə nə bu, nə də o tərəfin etimadını qazana bilirsən, hər ikisi sənə şübhəli nəzərlərlə baxır. Amansız Qərb-Rusiya qarşıdurması isə bu zərbələrin daha ağrılı olacağını vəd edir.

Ancaq bu bizim problemimiz deyil. Özləri bilər. Hərgah heç Paşinyana da bilmir nə istəyir. Qoy bolluca şillə-təpik yesinlər. Ümid edək ki, N-ci zərbədən sonra ağla, kamala gələcəklər. Nəhayət, anlayacaqlar ki, dağa-daşa çıxmağın mənası yoxmuş. “Xoşbəxtliyin düsturu” lap yaxında - ərazi iddiası olmadan qonşularla dinc-yanaşı var olmağa bağlı imiş!..

Hələliksə Ermənistanın ona yaxşı heç nə vəd eləməyən “dəvəquşu siyasəti” haqlı olaraq, hətta Belarus lideri A.Lukaşenkonu da özündən çıxarıb. “Batka” MDB-nin bugünkü Bişkek sammitində çıxışı zamanı görün nə deyib.

Sitat: “MDB-dəki durumu daha tənqidi qiymətləndirmək lazımdır. Başımızı qumda gizlətməməliyik. Nəzərinizə çatdırım ki, Birliyin yaradılmasında əsas məqsəd Sovet İttifaqının dağılmasından sonra əlaqələrin kəsilməsinin qarşısını almaq idi. Bu, bizim rəqiblərimizi – Qərbi qane eləmirdi, indi də eləmir. Hansı ki, bu günə qədər bizi sarsıtmağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə çalışır. Əvvəlcə Gürcüstan bizim Birlikdən çıxdı. De-fakto, Ukrayna da bizimlə deyil. Moldova ilə bağlı ciddi suallar var. Təəssüf ki, Ermənistan da həmişə özünü tərəfdaş kimi aparmır”.

O, qonşu ölkə haqda, Paşinyan barədə sözsüz ki, çox yumşaq ifadə işlədib. Amma bir azdan Qərbdə, lap elə Fransada da cırtdan Ermənistanın əsl mahiyyətini dərk edəcəklər. Başa düşəcəklər ki, öz hikkə-ədaları və yersiz tələbləri ilə İrəvan Qərbi, sadəcə, barmağına sarıyıb. Bir şey qalmayıb...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024