İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyun-Erdenenin oğlunun oyunu - cananla hovuzda çimməsi atasına baha başa gəldi

Dünən saytımızın xəbər lentində “Oğlunun dəbdəbəli həyatı baş nazirin istefasına SƏBƏB OLDU – FOTO” başlıqlı informasiya görəndə gümanım dərhal nəinki ölkədən, hətta postsovet məkanından da qırağa getdi.
Açığı, şübhələndim ki, belə işlər Finlandiya, Niderland, Danimarka, nə bilim, İslandiya kimi ölkələrdə olar. 39-42-ci paralellərdə belə, türkün sözü, nazik davranışlara rast gəlməzsən.

Amma başlıqda ölkə adı yox idi deyə məcburən xəbəri açdım. (Bu, jurnalistika bicliyidir, başlıqda ölkənin və ya istefa verən baş nazirin adı olanda çox adam ta xəbəri oxumur, başlıqdakı informasiya bəs edir). Ona görə də, necə deyərlər, xəbərin içinə girdim və gördüm ki, oğlunun dəbdəbəli həyatına görə istefa verməyə məcbur olmuş baş nazir qardaş Monqolustanın nazirlərinin lideri olan Luvsannamsrayn Oyun-Erdene imiş.

Namxuda, erhem ee-nin (“cənab” deməkdir) adı çox dilə yatımlıdır, gərək üç dəfə, özü də hecalayıb oxuyasan: Luv–san-nam-srayn... Amma keçmiş baş nazirin soyadına söz yoxdur, hətta Oyun-Erdene adamın qulağına şirin gəlir.

Bəs, oğluna görə istefa verməli olan baş nazirin finlandiyalı, islandiyalı yox, monqol olması müəllifi təəccübləndirdimi? Əsla. Çünki bu birinci dəfə deyil. Yumjagiyn Sedenbaldan (1974-1984-cü ildə Monqolustanın rəhbəri olub) bəri Monqolustanın siyasi həyatını izləyən biri kimi bilirəm ki, o ölkədə belə hadisələr vaxtaşırı olur. 10-15 il öncə hətta yanacağın qiymətinin 5 tuqrik artmasına görə 7 nazir birdən istefa vermişdi.

Monqollar belədirlər, xalqın söyüşünü, tənqidini götürmürlər, camaat üzlərinə qayıdanda çıxıb dururlar qıraqda.

Oyun-Erdene də təxminən elə edib. Sadəcə, oğlunun sevgilisi ilə birlikdə keçirdiyi lüks həyatla bağlı sosial şəbəkələrdə paylaşımlar yayılanda , o, əvvəlcə “ata oğula cavabdeh deyil” arqumentinə sığınmaq istəyib. Amma istifadəçilər ağız-ağıza verib, cənabı tulasifət edəndə parlamentdə də qımıldanmaar baş verib və baş nazirə etimadsızlıq məsələsi qoyulub. Bu dəfə deputatlardan cəmi 44 nəfəri onu dəstəkləyib, qalanları təxminən belə fikirləşib: “Oyun-Erdenenin oğlu öz xayrtı (“sevgili” deməkdir) ilə lüks-lüks keflər edəcək, xarta-xart pul xərcləyəcək, xalqın söyüşünü bizmi götürəcəyik?”.

Ona görə də dəstəyinə ümid edilən 20 deputat monqol baş naziri quru yurtda qoyub və o, istefa verməyə məcbur olub.

Vikipediya məlumatlarına baxıram, Oyun-Erdenenin cəmi 45 yaşı var, özü də Harvard universitetini bitirib.

Heç rəvadırmı ki, bu gənc yaşda o boyda adam bir əhlikef oğulun öz sevgili-cananıyla hovuzda çimişməsinin güdazına getsin? Gərək prezident Uxnaagiyn Xurelsux bu işə qol qoymayaydı, gənc baş naziri müdafiə edəydi və onun qanacaqsız oğlunu cəzalandıraydı. Bəlkə də onun sələfi Xaltmaaqiyn Battulqa elə edərdi.

Əslində nə olub ki? Uşaqdır, bilməyib, şəkil-filan çəkdirib. Gədəni TV-yə çıxıb üzr istədər, xalqın qəzəbini yatırda bilərdilər. Ya da paylaşımları saytlardan, hesablardan sildirərdilər.

Yazıram, yadıma düşür ki, Zakir Qaralovun dövründə bir prokuror oğlu Yasamalda “Gelandevaqen” markalı avtomobilini elə aşırmışdı, maşının təkərlərinin dördü də göydə qalmışdı, biz də bu barədə bir replika yazmışdıq. Əməkdaşımızı Bakı prokurorluğuna dəvət edib, danlamağa cəhd etmişdilər, demişdilər ki, guya aşan “Qalik” prokuror oğluna aid deyil. Əməkdaşımız da demişdi ki, o qədər də fərqi yoxdur ki, aşan maşın kimindir, bəlkə hansısa santexnikin oğluna məxsusdur, deyin, yazaq. Santexniki satmamışdılar.

Başqa ölkələrdə olsaydı, baş nazir çıxıb deyərdi, mənim o adda oğlum yoxdur, ya da “ad-soyadları oxşayır, amma mənim oğlum hazırda xaricdədir”. Hətta oğlan özü də çıxıb “mən baş nazirin oğlu deyiləm” deyərdi və məsələni birtəhər yat-yut edərdilər.

Amma işin altında, əl-əlbət, görməmişlik var. Zalım oğlu, pulun var, sevgilin var, hovuzlu villan var, gərək şəklini çəkib, paylaşasan, camaata yanıq verəsən? Birinin varıdır, beşinin yoxudur. Sənin var, yaşa də, ta nə artistciklik edirsən ki, ara yerdə papanı işdən çıxarırlar.

Bax, bəzi ölkələrdə sosial şəbəkləri ona görə qadağan edirlər. Xalqın ovqatını pozur. Sabitliyə zərbə vurur. Monqolustanda sosial şəbəkə olmasaydı, Oyun-Erdenenin oğlu oyun durğuza-durğuza gedərdi, bir monqolun da xəbəri olmazdı.

Yeri gəlmişkən, Monqolustanın 4-cü prezidenti Saxiaqiyn Elbeqdorjun 25 övladından heç biri belə hərəkət eləməyib (o, bu uşaqların 20-ni övladlığa götürüb, adam balası kimi tərbiyə edib).

P.S. İndi kimsə bu yazını oxuyub deyəcək ki, monqol onlar deyil e, bizik. Xeyr, biz hələ monqol qardaşlara çatmalıyıq, sonra “he-he-he” bölümünə keçməliyik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Avqust 2025

20 Avqust 2025

18 Avqust 2025

16 Avqust 2025

14 Avqust 2025

12 Avqust 2025

10 Avqust 2025

08 Avqust 2025

07 Avqust 2025

05 Avqust 2025

03 Avqust 2025

02 Avqust 2025

31 Iyul 2025

30 Iyul 2025

28 Iyul 2025

26 Iyul 2025

24 Iyul 2025

23 Iyul 2025

21 Iyul 2025

19 Iyul 2025

17 Iyul 2025

15 Iyul 2025

13 Iyul 2025

11 Iyul 2025

09 Iyul 2025

07 Iyul 2025

05 Iyul 2025

03 Iyul 2025

30 Iyun 2025

28 Iyun 2025