İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onu burax, bana gəl!..” – Paşinyanın qəliz seçimi

Ermənistan hələ də Rusiyanın “əli”ndən möhkəm yapışıb. Hərgah, onun Qərbə sarı boylanmaları, reveransları da bitmir. Ancaq belə reveranslara nə düşər, əgər ABŞ-ın öncüllük etdiyi Qərbin özü sidq-ürəkdən İrəvana əl uzatmağa hazır deyilsə.

Əslində hazırdır, ancaq şərti var: Ermənistan ən azından Putin layihəsi olan hərbi-siyasi bloku – KTMT-ni (“Rus NATO-su”) tərk etməlidir. Bu da ki, Kərbəlayi İsmayılın sözü olmasın, Nikol Paşinyan iqtidarı üçün çox çətindir...

Reverans demiş, fevralın 1-dən Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olub. Həqiqətdə isə hamı bilir ki, bu, həm də Rusiyanı “sancmaqla” Qərbə (ABŞ + Avropa Birliyinə) növbəti jest, sonuncunun xoşuna gəlmək və ondan daha bir “thank” (“təşəkkür”) almaq cəhdi idi.

Çünki BCM Ukraynadakı qırğınlara görə Rusiya liderinin həbsinə order verib və haqqında beynəlxalq axtarış elan edib. Başqa sözlə, Kreml rəhbəri satellit Ermənistanda peyda olarsa, artıq saxlanmalıdır. Həmçinin Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belova...

İndi Putin də etməyə tənbəllik, acığa durub gedə İrəvana. Məsələn, KTMT və ya MDB dövlət başçılarının sammitini Ermənistana salmaqla. Məgər Rusiya prezidenti o halda tutuqlanacaq? Əlbəttə, yox. Bunu Qərb də bilir.

Əks halda, Ermənistan özünü-intihara imza atmış olardı. Rusiyanın bazarından, maliyyəsindən, iqtisadiyyatından, qazından, sərhədçilərindən tam asılı olan kapitulyant ölkə o halda qısa zamanda çökər. Heç hərbi çevrilişə, sui-qəsdə, “5-ci kolonçu”larln üsyanına ehtiyac qalmaz...

Beləcə, Nikolun iki gün qabaq söylədiyi bir bənzətməni azca dəyişsək, belə yazmaq olar ki, Ermənistan sanki “qırmızı paltar”da hər iki tərəfində öküzlərin olduğu” yolla sağ-salamat mənzil başına çatmağı xəyal edir. Alınmayacaq. Zira, erməni xalqı üçün təhlükəsiz yol başqadır. Nə barədə ki, zaman-zaman xəbərdarlıq etmişik.

Bəs Paşinyan niyə qərar verə, seçim edə bilmir? Ona görə ki, obrazlı desək, ölkənin “arxası” möhkəm deyil. Arxanın möhkəm olması üçün isə ən əvvəl qapıbir qonşularla dil tapmalı, onlar sarıdan arxayın olmalısan. Necə ki, adam uzaq səfərə sıxanda ən qiymətli əmanətini, ev-eşiyini inandığı qonşusuna etibar və həvalə edir, təxminən o cür.

Ermənistanın isə belə qonşusu və ya qonşuları yoxdur. Nədən ki, özü yaxşı qonşu deyil, ola bilməyib, olmaq istəmir. Xəbisliyi, xainliyi, nankorluğu, oğru xisləti və məkri qoymayıb, qoymur...

Söhbət əlbəttə ki, Azərbaycan və Türkiyədən gedir. Dədələrlə yazmışıq, yenə haylara xatırlatmağın yeri var ki, Ermənistan ən güclü təhlükəsizlik zəmanətini məhz bu iki ölkə başda olmaqla bölgə dövlətləri verəcək. Lap dəqiqi, Bakı və Ankara.

Daha bir səbəbə: kapitulyant ölkənin iqtisadi inkişafı, logistikası bütünlüklə Azərbaycan və Türkiyədən asılıdır. 35 ilin blokada durumu bunu bir daha təsdiqlədi. Ötən müddətdə Ermənistan Rusiyanın, İranın hesabına təcdiddən çıxıb tərəqqi tapa, xalqı rifaha, dinclik və təhlükəsizliyə qovuşa bildimi? Bilməyəcək də. Dərs olmadımı?

Əslində gerçək vəziyyətdən ABŞ və “böyük bacı” Fransa daxil, kollektiv Qərb də halidir. Məgər xəritəyə baxmırlar.
Boş hay-küylərinə fikir verməyin, Qərbin “beyin mərkəzləri” reallığı əla bilir...

Yəni məşhur mahnıda deyildiyi kimi, İrəvana israrla “onu (Rusiyanı – Z.S.) burax, bana (Qərbə - Z.S.) gəl!..” çağırışı etməklə iş bitmir. Sonrası məsələsi var. Ermənilərin ağlı olsa nə Rusiyadan, nə də Qərbdən yapışarlar, nə qədər gec deyil, onların hər ikisini “buraxıb” Azərbaycan və Türkiyəyə “gələrlər”.

Xilas və qurtuluş yalnız bunda! “Velosipedi” təzədən kəşf etməyə nə lüzum. Resept, formul çoxdan bəlli. Keşkə, “Qafqaz qaraçıları” bir azca da başları ilə düşünsəydilər.

Rəsmi İrəvan isə əfsus ki, BCM-yə qoşulmasını axmaqcasına Azərbaycanı “hərbi cinayətlər”də suçlamaq niyyəti ilə əlaqələndirir. Məntiq harda qaldı bəs? Öz millətinə qənim kəsilmək necə olur ki.

O zaman “qırmızı paltarda” kənarlarında “öküzlərin” durduğu yolla gedin. Sonunu görəcəyik...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

19 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

11 Noyabr 2024

06 Noyabr 2024

29 Oktyabr 2024

23 Oktyabr 2024

21 Oktyabr 2024

16 Oktyabr 2024

14 Oktyabr 2024

09 Oktyabr 2024

04 Oktyabr 2024

26 Sentyabr 2024

25 Sentyabr 2024

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024