Onlayn ictimai-siyasi qəzet
Gərək biz iqtisadi-siyasi proseslərimizdə novatorluq edək, yeniliklərə açıq olaq. Hökumətin buna hər cür imkanları var. Hətta düşünürəm Sinqapur modelini həyata keçirmək artıq mümkündür. YAP qurucularından rəhmətlik Sirus Təbrizlinin o modeldən çox xoşu gələrdi, vaxtaşırı Li Kuan Yu-nun apardığı islahatları misal çəkərdi. Mənə zəng vurub danışardı, indi zəng vurmasın.
Ancaq elə bizim özümüzə məxsus, Azərbaycan modeli də qurmaq olar. Örnək üçün, ölkədən pul çıxaranları, oğruları deyil, ölkəyə hansısa üsulla olur-olsun, pul gətirənləri tutmağı dayandırmalıyıq. O cümlədən real pul yaratmağa qadir alimləri niyə saxta pul üstündə tuturuq? Şəffaf, rəqabətli, liberal bazar iqtisadiyyatını bizdən yaxşı kim qurar? Dünyanın hansı tərəfinə getsən, orada bazarları həmyerlilərimiz fırladır. Bu sahədə bizim anadangəlmə qabiliyyətimiz vardır. Təəssüf ki, xaricdə bazar quran oğlanlara ölkə daxilində köşk işlətməyə imkan verilmir. Buna son qoyulmalıdır.
Dünən başlıq gördüm, yazmışdılar ki, Azərbaycanda süni intellekt yaratmaq imkanları yoxdur. Deyir bizdə elə gücü olan super kompüterlər yoxdur. Nəyimizə lazımdır axı!? Qoy süni intellekti ağlı olmayan ölkələr axtarsın. Bizdə intellektin təbiisi, GMO-suz olanı vardır! Maşallah, akademiklərimiz turp kimidir. Eynşteyndə səhv tapmaq bizdə vurma cədvəli əzbərləmək qədər adi haldır. Tektonik silah kəşf edənlər, dəvə dırnağı ilə xərçəngi, arı penisi ilə kataraktanı, nə bilim, eşşək südü ilə qızılcanı müalicə edənləri də hamınız tanıyırsınız. Dünya səlis məntiqi çözməyə imkan tapmamış, biz artıq qeyri-səlis məntiqin üzərində işləyirdik.
Ancaq bu sahədə biliklərimiz özümüzə də xoş gəlmədi, alimə axırda “fındıqbaş” adı qoyduq. Nəyə görə? Çünki milli kökünü unudub süni işlərlə məşğul olmuşdu, soyuducu, paltaryuyan-zad qayırırmış. Paltarı arvad yumalıdır, o zaman təbii olur. Son illərdə ailə münaqişələri, boşanmalar, qanlı məişət davaları niyə artıb? Çünki arvadlar paltar yumur! Bekar qalıb dodaqlarını böyüdürlər, sonra tik-toka, vatsapa daraşırlar, milli əxlaqımıza uyğun gəlməyən saytlara soxulurlar, nəticə də məlum və məlundur.
Son günlər toyuq yumurtasının qiymətində inanılmaz endirimlə üzləşirik. Hətta mən dükanda yumurtanın 15 dənəsini 1 manata görəndə həyəcandan titrədim, göz yaşlarımı saxlamağa çətinlik çəkdim, istər-istəməz satıcı qıza qoşuldum, ağlaşdıq, hər gözümdən yumurta boyda qanlı yaşlar axdı. Fürsətdən istifadə edərək bizə yaradılan bu şərait üçün əlaqədar orqanlara dərin minnətdarlığımı bildirirəm. Həmişə tənqid etmək olmaz. Yaxşı işləri görməliyik, yaxşı işlər görənləri də görməliyik. Həyat ağ və qara rənglərdən ibarət deyil, yumurtanın sarısı da var.
İndi, sizcə, yumurtanın ucuzlaşması nəyin təsiridir? Azadlığın. Başqa səbəb yoxdur. Hər bir zəhmətkeşimizə toyuq saxlamağa icazə verilibdir. Heç kim zorla kiminsə evinə girib “nə üçün bu toyuğu burda saxlayırsan” soruşa bilməz. Konstitusiyamızda hər kəsin toyuq-cücə saxlamaq hüququ var.
Bu yaxında bir qahımın həyət evindəydik, hökumət verəndən bir qismət əppəyimizi yedik, axırda qahım süfrəni yığışdıranda ərzaq qalıqlarını ayrıca qaba yığdı, dedi aparım toyuqların qabağına töküm, yesinlər. Nağıl dili yüyrək olar, az keçmədi, qahım əlində 2 ədəd yumurta təzədən məclisə varid oldu, qürurla söylədi: “Yeməklərini verdim, onlar da mənə dərhal iki yumurta verdilər”. Hamımız mat qaldıq. Bir nəfər dinc sakinin dili qurudu.
Gör nə qədər mükəmməl iqtisadi modeldir! Buradan yemi ver, o yandan yumurta çıxsın. Açığı, məndə maraq oyanıb, bəlkə uşaqları evdən qovub onların otağında toyuq saxladım - daha sərfəlidir.
O cümlədən şəhərimizdə toyuq saxlamağa çoxlu, geniş yerlər vardır. Bunlardan saya bilərəm Axundov adına kitabxananı, Bəhramov adına stadionu, nəşriyyatı və sairəni. Kitab oxumağın bizə nə xeyri var? Min ildir kitab oxuyurlar, hələ də bilmirlər toyuq əvvəl yaranıb, yoxsa yumurta. Stadionun otu isə toyuq-cücə yemi kimi faydalıdır. Toyuq ot yeyəndə yumurtasının sarısı daha rəngarəng olurmuş.
Qaldı nəşriyyat, onun da mənası qalmayacaq, çünki mən qəzetçiliyi buraxıb toyuqçuluq işinə girirəm. Mən o binanın daxilində olmuşam, əsl broyler fabriki məkanıdır.
Tezliklə 5 qəpiyə yumurta alacaqsınız.
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ