İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyutonun davamçısı

 “Danışmaq gümüşdürsə, susmaq qızıldır”
(Azərbaycan ata sözü)

Təbii ki, deputatın rəhmətə getməsi seçicilər üçün ağır hadisədir, növbəti dəfə bir parlament üzvünü itirməyimiz yaddaşlarda dərin izlər buraxmışdır. Üstəlik, deputatın hələ müstəqillikdən qabaq Ali Sovetdə oturması, bir növ kresloda can verməsi hadisəni daha dramatikləşdirir.

İndi hamı onun deputat işlədiyi 40 il ərzində cəmi bircə dəfə çıxış eləməsini yada salır. Həqiqətən 15-20 il qabaq deputatımız işverənlər haqda hansısa qanun müzakirə ediləndə buna etirazını bildirmişdi, söyləmişdi ki, işverən pis səslənir.

Burada işverən sözünün iqtisadi mənası ilə jarqon mənası toqquşur, deputat buna işarə vurmuşdu. Lakin işverən sözü qanunlarımızda qalmaqda davam edir. Deməli onun sözünü eşidən olmamışdı.

Elə deputatın 40 il susması məhz bu cür elementlər üzündən idi. Onu qınamaq olmazdı. Səni eşitmirlərsə, sözünün dəyəri bilinmirsə, danışmağın mənası nədir? Bu mənada Hacı Madəri görkəmli sufi şairi, Nəsiminin qardaşı Şahi Xəndanla müqayisə edə bilərdik. Rəvayət edirlər ki, Xəndan Nəsimi qədər, bəlkə ondan güclü şair olsa da şeir-qəzəl yazmaqdan könüllü əl çəkmişdir və Nəsimiyə üz tutaraq demişdir:

“Gəl bu sirri kimsəyə faş eyləmə,
Xani-xası aməyə aş eyləmə”.

Mənası “sirli sözləri, irfan yiyələrinin söhbətini avam adamlarının süfrəsinə qoymaq olmaz” deməkdir.

Təxminən yadımda qalıb, bəlkə başqa əsərində idi, Əkrəm Əylislinin də hələ sovet dövründə çap olunmuş “Dəhnə” uzun hekayəsində (povest) qəhrəmanlardan biri lal olurdu. Daha doğrusu, kənddə hamı elə zənn edir ki, Filankəs kişi laldır. Qırx il sonra isə bu kişi dil açır danışır. Əkrəm bəy hazırda xalq düşməni çıxıb, ona görə əlaqədar təşkilatlardan xahiş edirəm istinadı boş versinlər.

Buna oxşar bir anekdot da var, pis çıxmasın, mən bunu şəxsən rus yazıçısı Sorokindən eşitmişəm. Uşaq 8-9 yaşa çatanacan danışmır, evdəkilər də bunun nitq qüsuru olduğunu zənn edirlər. Bir gün naharda şorba yeyəndə uşaq deyir: “Mənə duz verin”. Ata-ananın gözü kəlləsinə çıxır, deyirlər, a bala, sən danışa bilirmişsən?! Uşaq deyir, hə, nə olub ki. Deyirlər bəs niyə indiyəcən danışmırdın, uşaq deyir: “Çünki şorbanın duzu qaydasında olurdu”.

İndi bizdə də şorbanın duzu qaydasındadırsa, deputatın nitq irad etməyinə nə ehtiyac vardır? Maşallah, ümumi daxili məhsulumuz hər gün artır. Bu yaxında Mehdiabad tərəfdən keçirdim, gördüm yolun qırağında, tutun altındakı “qul bazarında” xeyli fəhlə yığışıb iş gözləyirlər. Dəhşət isti idi, kölgəyə çəkilmişdilər. Hazırda Bakıda və Abşeron yarımadasında hava sərindir. İstəsən tutun altından çıx. Hökumət daima xalqın qayğısına qalır.

O cümlədən, ünlü fizik alim İsaak Nyutonun 1700 neçənci ildəsə Britaniya deputatxanasına üzv seçildiyi məlumdur. Deyirlər deputatlığı müddətində Nyuton cəmi bir dəfə çıxış yapıb: “Pəncərəni bağlayın, yelçəkər olduq”. Araşdırsan rəhmətlik deputatımızın da müəyyən fiziki qanunlar kəşf etməsini öyrənərik. Yəqin bu istiqamətdə deputat komissiyası yaradılar.

Rəhmətliyin irsindən öyrəniləsi elementlər çoxdur. Məsələn, yeganə adam idi ki, heç vaxt seçki prosesində iştirak etməzdi. Bunu bir növ “zapadlo” sayırdı. Divarları fotolarıyla ləkələməz, camaatı yığıb baş-beynini aparmaz, görüş-zad keçirməzdi. Lakin həmişə axırda qutudan o çıxardı. Qeyri-adi, mistik hadisə idi. Rəvayətə görə bunun sirrini heç Məzahir müəllimə də açmamışlar.

Lakin maraqlıdır ki, son seçkidə əhaliylə bəzi görüşləri olmuşdu. Bu da axırı. Deməli görüş keçirmək ona düşmədi. Uzaqgörən imiş.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024