Onlayn ictimai-siyasi qəzet
“Xınalı əli cibə qoymazlar”
(Azərbaycan ata sözü)
Ölkəmizin həyatında mühüm hadisələr hər gün olmaqdadır. Bəzən bir günə iki hadisə düşür. Hətta elə gün olur mühüm hadisələr səhərdən başlayır, gecəyə qədər davam edir. Sən yıxılıb yatırsan, lakin mühüm hadisələr davam edir. Bu da hökumətimizin xalq qarşısında nə dərəcədə yüksək məsuliyyət daşıdığını növbəti dəfə bariz şəkildə isbat edir.
Heç yadımdan çıxmır, bir dəfə mən gecə qəfil yuxudan oyandım. Ağlınıza pis şeylər gətirməyin, su içməyə durmuşdum. Yoxsa bizdə millət gecə yuxudan oğurluğa, çapqınlığa-zada görə durmaz. Elə işlərlə müqəddəs xalqımızın qəti məşğuliyyəti olmaz. Nəsə, durub su içdiyim müddətdə telefonu açdım, gördüm mən yatdığım 2-3 saat ərzində 5 dənə mühüm hadisə olubdur. Vallah. Az qaldım çeçəyim. Hətta sizə deyim, suyu içdiyim bir neçə saniyə ərzində də 1 mühüm hadisə oldu.
İndi isə son günlərin bəzi mühüm hadisələrini əhalinin nəzərinə çatdırmağı özümə borc bilirəm.
İlk növbədə, Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə edilməsində sahə mülkiyyətçiləri ilə yanaşı kirayəçilər də iştirak edə biləcəklər.
Hardan, kimin pəncərəsindən baxsan möhtəşəm qərardır. Əvvəllər çoxmənzilli binaları yalnız ordakı evlərə mülk kağızı, ana dilimizdə yazsaq, kupçası olanlar idarə edirdi. Çoxmənzilli binaları idarə etmək məsuliyyətli, şərəfli, ağır işdir. Kirayəçilər də bu baxımdan neçə illər idi yalvar-yapış edir, çoxmənzilli binaların idarə edilməsi proseslərinə qatılmaq üçün hökumətdən icazə istəyirdilər. Təbrik edirəm. İndən belə kirayəçilərin komendanta ayda 100 manat, liftə görə 20 manat vermək hüququ yaranıbdır. Bundan başqa, kirayəçilər də balkondan zibil ata, blokun ağzında oturub qeybət qıra, pilləkənlərə tüpürə bilərlər.
İkinci qərar fövqəladə hallara aiddir. İndən belə kosmosdan Azərbaycan ərazisinə kimsə düşsə, onun xilas olunması Fövqəladə Hallar Nazirliyimizə tapşırılır. Bu haqda sərəncam avqustun 4-də verilibdir. Sitat: “Azərbaycan ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilası üçün Fövqəladə Hallar Nazirliyi tədbirlər görməlidir”. Sitatın sonu.
Bu da çox gözəl qərardır, çünki indiyəcən kosmosdan Azərbaycana düşənləri əsasən bələdiyyə, kənd soveti, uçaskovı və Müsavatın yerli dayaq dəstəsi qarşılayırdı. Nəticədə ölkəmiz barədə bəzən kosmik kəhkəşanlarda mənfi, neqativ, uyğun olmayan rəylər yaranırdı. Mənim yaxşı xatirimdədir, 1990-cı illərin axırlarında Qəbələ tərəfdə, Nohurgöldən su götürmək üçün bir uçan boşqab enmişdi. Onun şəxsi heyətində bir marsiançik şortik geyindiyi üçün camaat tutub ağaca bağlamışdı. Böyük Andromeda dumanlığında və Halley kometinin quyruğunda kosmik imicimiz zədələndi, neçə illər ölkəmizdə orbital stansiyalar nəinki qəzaya uğramaq istəmirdilər, o cümlədən bulvarda çayniki 18 manatdan at sidiyi içmək üçün Yupiterdən gələn turist sayında da ötən ilin müvafiq dövrünə nisbətən böyük azalma vardı. Bunlara gərək biz öz gələcək fəaliyyətimizdə fikir verək.
Mən getdim fikir verəm, salamat qalın.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ