İnsanlara hürriyət, millətlərə istiqlal!

Midasın çörəyi

Birdən görürsən hansısa kredit təşkilatımız Sankt Peterburqda hotel alıbdır. Qalırsan mat-məəttəl. Haçan aldılar, niyə aldılar... Heç kimə məlum deyil. Rus agentlikləri yazmasa xəbərimiz də olmaz. Üstəlik, hotel ünlü “Ermitaj” muzeyinin böyründəymiş, elə onun adını daşıyırmış. Hətta bir-iki şovinist urus balası xəbərin altında mırıldanmışdılar ki, nə üçün tarixi obyektlərimizi azərbaycanlılara satırıq. Sankt Peterburqun meri Beqlovu buna görə söyürdülər. Sanırlar barmağımız bala batmışdır.

Məsələnin tragikomik detalları bununla bitmir və ümumiyyətlə, hoteli hansısa biznesmenimiz alsa, nə vecimizəydi? Sən demə obyekti Maliyyə və İqtisadiyyat Nazirliklərimiz, Beynəlxalq Bank və “Aqrarkredit” QSC birləşərək almışlar. Bunların hamısının adı keçirdi, deyəsən pulun çoxunu “Aqrarkredit” vermişdi.

Yəqin Gədəbəy kəndlilərinə kredit verib qurtarmışıq, indi Peterburqa maya qoyuruq. Varlığa nə darlıq? Hərçənd, dəli şeytan böyürdən mızıldanır ki, bütün tərəqqipərvər dünyanın embarqo qoyduğu, gələcəyi dumanlı Rusiyaya bu vurhavurda hansı ağılla investisiya qoymuşuq? Ruslar özü ölkədən qaçır, pullarını xaricə daşıyır. Rusiyanın daşınmaz əmlak bazarına, konkret Moskvaya qoyulan pulların, alınan mənzillərin son illərdə dəyərdən düşməsi dərs olmayıbmı?

Kənddə qızıl çıxarılır, kəndlidən soruşan olmur, bunu başa düşdük. Neft-qaz pulları şübhəli projelərə investisiya edilir, bunu da başa düşdük. Bəs başa düşmədiyimiz nədir? Məsələn, Cahangir Hacıyev niyə hələ də türmədədir?

Qaz demişkən, elə dünən şanlı dövlət neft şirkətimizin “Şahdəniz” yatağındakı payını hansısa “ÇQD” şirkətinə satdığı məlum olmuşdu, azərbaycanlılar özlərinə əl qatıb həmin şirkətin nəmənə olduğunu axtarırdılar. Lakin heç zad çıxmırdı. O boyda qaz yatağından 14 faiz payımızı qapazlayan şirkətin adını heç Google da tapa bilmirdi. Hətta “çıkkıdı-çıkkıdı” yazanda cürbəcür mahnılar çıxırdı, ÇQD yazsaq çıxmırdı.

Qədim zamanlarda bəzən belə müqavilələr parlamanda müzakirə edilib oyun olsa da səsə qoyulardı. Görünür özünü buraxandan ora heç yada düşmür.

Əlbəttə, qızıl suyuna çəkilmiş ölkədir, yuxarıda yazdığım kimi, varlığa nə darlıq, qoy bütün dünya sərvətlərimizdən agah olsun. Camaatın yadından çıxıb, Meydan hərəkatı vaxtı rəhmətlik Elçibəy və onun bandası onları elə bu qızıl-mızılla tovlayardılar. Haçan Azadlıq meydanına getsən, görürdün bir saqqallı yoldaş tribunaya çıxıb ərz edir: “Əgər müstəqil olsaq neft-qazın puluyla bütün Azərbaycanı 5 santimetr qalınlığında qızıl təbəqə ilə örtmək olar”. Hamı da “hurreyy” deyib çapan çalırdı. Yalnız təbəqənin qalınlığı məsələsində müəyyən fikir ayrılıqları vardı, Müsavat və AMİP elə bu cür yaranmışdı. AXCP deyirdi qızıl örtük 5 santı olacaq, Müsavat 3 deyirdi, AMİP lap millimetrlə ölçürdü, bəlkə də sədr Etibar Məmmədova çox pay ayırmışdılar, ona görə. (“Çeşmə” qəzeti o vaxt AMİP-in açmasını belə yazmışdı: Azərbaycan Mafiozlarının İctimai Pulxanası).

Hazırda altı-üstü qızıldır, Gədəbəydə camaat qızıl suyu içir, lakin şadlığımıza şitlik eləyirik. Bir yunan mifi var, o yadıma düşdü. Midas adlı çar olur, tanrı Dionisə yaxşılığı dəyir, əvəzində Dionis deyir: “Dilə məndən, nə dilərsən”. Midas deyir ki, istəyirəm əlim dəyən hər şey qızıla çevrilsin. Arzusu yerinə yetir, əlini vurduğu, daş, ağac, hər şey qızıl olur. Ancaq az qalır acından ölsün, çünki əlinə aldığı çörək, bütün ərzaq da qızıla çevrilir! Bundan sonra Dionisə yalvarır ki, qadan alaram, bu vergini mənim canımdan çıxart.

Maraqlıdır, mifə görə Midasın uzun qulaqları varmış. Bunu cidd-cəhdlə gizlədirmiş. Bir gün bərbəri bu sirri quyuya danışır, ordan qamış bitir... Ardını hamınız bilirsiniz.

Mənə o da maraqlıdır ki, bu qədər pul varsa, Sergen Yalçının “Neftçi”yə baş məşqçi gəlmək üçün istədiyi 2 milyon dolları niyə vermədiniz? O xəsisliyin mənası nə idi? “Şapkada” razılaşma alınmadı?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

29 Iyun 2025

28 Iyun 2025

27 Iyun 2025

26 Iyun 2025

25 Iyun 2025

24 Iyun 2025

22 Iyun 2025

21 Iyun 2025

20 Iyun 2025

19 Iyun 2025

18 Iyun 2025

15 Iyun 2025

14 Iyun 2025

13 Iyun 2025

12 Iyun 2025

11 Iyun 2025

10 Iyun 2025

09 Iyun 2025

08 Iyun 2025

07 Iyun 2025

06 Iyun 2025

05 Iyun 2025

03 Iyun 2025

01 Iyun 2025

31 May 2025

30 May 2025

29 May 2025

28 May 2025

27 May 2025

25 May 2025