İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzuniyyətdən qayıdan dustaqlar

“Abad kənd tüstüsündən bəlli olar”

(Azərbaycan ata sözü)

Yayda penitensiar xidmətin, el dilində yazsaq, türmələrin rəisi dəyişdirildi. 2-3 ay keçmişdir, lakin vətəndaşlarımız bu qısa zaman kəsiyində qazamatlarda baş verən dəyişiklikləri görürlər. Nəinki görürlər, həm də eşidirlər. Nəinki görür, eşidir, həmçinin bu haqda oxuyurlar. Və alqışlayırlar (kəsədən gedək, söhbəti uzatmağın mənası yoxdur).

İlk növbədə, təzə rəisin seyid nəslindən olduğunu qeyd etməyə borcluyuq. Cəddi köməyimiz olsun. Çünki rus ata sözündə deyilən kimi, heç kəs türmədən və dilənçilikdən sığortalanmayıbdır.

Rəis penitensiar sistemdə uzun illər müxtəlif vəzifələr tutmuşdur, bir növ, oraya yad adam deyildir. Bunun özü diqqətləri cəlb etmişdir, çünki bizdə bəzən dəxli olmayan şəxsləri vəzifələrə təyin etmək təcrübələri olubdur. Məsələn, bir ara diplomatı mədəniyyət naziri qoymuşdular, xalq artistləri alov püskürürdü, az qalmışdı mədəniyyətimiz əldən getsin, birtəhər saxladıq. Hüquqşünası kənd təsərrüfatı naziri qoyanda isə məlum olmuşdu hörmətli nazir quzunu qucağına alıb şəkil çəkdirməyi bacarmır. Bu isə, vacib faktordur. Bizdə kənd təsərrüfatına məsul şəxslər bu kimi işləri ustalıqla bacarmalıdır: quzunu yazdım, buğda tarlasına girib sünbül qırmaq, təzə şumlanmış ərazidə sapoq geyinib kotanın dalıyca gəzişmək, üzüm salxımını əlində tutmaq, almanı sığallamaq, pambıq qozalarını yoluşdurmaq və bunları fotoya aldırmaq. Əks halda istehsal ola bilməz. Yuxarda saydığım səbəblərdən, nəticədə Beyləqanda ət istehsalı aşağı düşdü və biz naziri Ali Məhkəməyə - öz ixtisasına uyğun tarlaya göndərməyə məcbur olduq.

Bəzi ekspertlərin fikrincə, türmə rəisinin həm öz sahəsindən, həm də seyid nəslindən olması daha bir incə məqsəd güdür. Axı bildiyiniz kimi, hazırda İranın-filanın çoxlu agentləri tutulmaqdadır. Türmələrimizdə hər iki dustaqdan, yalan olmasın, üçü dindardır. Belə bir kontingentə seyidi rəis qoymaq olduqca uzaqgörən addımdır.

Təzə rəisin islahatlarına gəlsək, bu sırada ilk növbədə sentyabr ayında 889 nömrəli çağrı mərkəzinin yaradılması qeyd olunmalıdır. Bu telefon nömrəsinə nəinki dustaqların azadlıqdakı qohum-əqrəbaları, yaxınları, elə dustaqların özləri də zəng vura, sorğu və şikayətlərini ünvanlaya bilərmiş. Açıq yazsaq, bizim qazamatlarda heç vaxt belə söz azadlığı şəraiti olmamışdır!

Türmələrimizin sosial şəbəkə hesabları yaradılıb, korrupsiya və rüşvətxorluqla mübarizə güclənib. Mən güman edirəm yaxın vaxtlarda bizim türmələr Norveç türmələrindən heç də geri qalmayacaqdır. Yəqin məlumatınız var, orda 90 nəfəri öldürmüş Breyviki saxlayırlar və keçən il Breyvik kompüter oyununu yeniləyə bilmədiyi üçün türməni məhkəməyə vermişdi.

Ancaq, şübhəsiz, ən maraqlı islahat dustaqlara məzuniyyət verilməsidir. Əslində belə hüquq bizim qanunlarda dövri-qədimdən nəzərdə tutulurdu, lakin kimin vecinəydi... Təzə rəis isə keçən ay bəzi dustaqlara şərait yaratdı, onlar məzuniyyətə çıxdılar, evlərinə getdilər. Bir neçə gündən sonra isə hamısı geriyə, türməyə qayıtdı.

Məndə olan məlumata görə məzuniyyətə çıxan dustaqlardan qaçan, qayıtmaq istəməyən heç kəs olmamışdır. Niyə də qaçasan, əgər qazamatda şərait azadlıqdakından fərqlənmirsə? Hətta bəzi kateqoriyalara görə daha yaxşıdırsa? Məsələn, bugünlərdə bir dükanda kassirdən soruşdum, dedi 400 manat maaşla, həftədə 6 gün, gündə 9 saat ayaqüstə işləməyə məhkumdur.

Və haçansa məzuniyyətə çıxdığı heç yadına gəlmirdi. Ümumiyyətlə, bizdə zəhmətkeşlərin çoxu məzuniyyət sözünün mənasını belə bilmir. Türmədə isə o vardır.

Məncə oranı bu qədər maraqlı, xoş, ürəkaçan etməyin də nəsə düşər-düşməzi ola bilər. Cinayətkarlıq artar. Nəsə cəzalar fikirləşməliyik.

Məsələn, qoy dustaqlar məzuniyyətə çıxanda bir neçə saat kassir işləsinlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

16 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024