Onlayn ictimai-siyasi qəzet
“Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz”.
Prezident İlham Əliyev bu sözləri dünən Bakıda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra səsləndirib.
“Azərbaycan uzun illər işğaldan əziyyət çəkmiş və öz ərazi bütövlüyünü, suverenliyin bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edib”, - dövlət başçısı əlavə edib.
Bu, əlbəttə, yalnızca “yarımcan” Gürcüstana yox, üç ildir öz ərazi bütövlüyü uğrunda çarpışan Ukraynaya da verilən dəstəkdir. Eyni zamanda, Azərbaycan dövlətinin prinsipial, ədalətli mövqeyinin təzahürüdür. Rusların qulağına xoş gəlməsə də, rəsmi Bakının ərazi bütövlüyü məsələsində dünyanın, qardaş Türkiyənin, lap elə Qərbin yanında olduğunun açıq və birmənalı mesajıdır. Hansı adla olur-olsun, işğalçılığa və işğalçı müharibələrə qarşı çıxdığımızın aydın ismarışıdır.
Kollektiv Qərbdə bu mesaj lazımınca qiymətləndirilməli, Azərbaycanın bölgədəki rolu, çəkisi bir daha düzgün hesablanmalıdır...
Yəni istəyimiz budur ki, bizimlə oxşar tale ilə üzləşən Ukrayna müharibədə uduzmamalıdır. Bu, bütün postsovet ölkələrinin neo-imperialist Rusiya önündə məğlubiyyəti anlamına gələrdi. Çünki o halda Kremli, onun ərazi iddialarını durdurmaq çox çətin olacaq.
İlham Əliyevin bəyanatını həmçinin bu şəkildə oxumaq lazım gəlir: Ukraynanın ilhaqının ardınca türk dövləti Qazaxıstanı hədəfləyənlər, SSRİ-2 xülyası ilə yaşayanlar qarşılarında qardaş Türkiyə ilə, dünya ictimaiyyəti ilə birgə Azərbaycanı da görəcəklər...
Diqqət edin, Rusiyanın yüksək çinli rəsmi şəxsi - sabiq prezident, V.Putinin yaxın dostu, Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini və demək olar, ayıq vaxtı olmayan Dmitri Medvedyev az qala hər gün Putinin ağzı ilə dünyanı nüvə silahı ilə hədələyir, Ukrayna dövlətinin var olma haqqını inkar edən sərsəm statuslar yazır. Son vaxtlar isə daha da irəli gedərək, yeni aşağılayıcı şərt irəli sürürlər: Ukrayna Rusiyaya birləşməlidir, vəssalam.
İştah doğrudan da diş altındadır. Bu barədə işğalçı müharibə başlayandan yazır, xəbərdarlıq edirik.
Yeri gəlmişkən, V.Putin daxil, Rusiya hakimiyyət dairələri qonşu Ukraynanın suverenliyini, dövlətçiliyini ələ salmağı sevir. Amma unudurlar ki, Ukrayna hələ sovet dönəmində BMT-nin üzvü olmuş yeganə müttəfiqi respublika idi. SSRİ kimi təşkilatda ayrıca öz nümayəndəsi vardı...
Fransa prezidenti E. Makrondan zəhləmiz gedir, doğru, ancaq İlham Əliyev yuxarıdakı açıqlamanı verən gün o, kifayət qədər ağıllı fikir söyləyib. Azərbaycan dövlət başçısının məntiqini faktiki təkrarlayıb. “Müharibədə Rusiyanın qələbəsinə imkan vermək olmaz, Ukraynada beynəlxalq hüququn taleyi həll olunur” deyib.
Hərgah, bizə münasibətdə beynəlxalq hüquq Makronun yadına çox gec düşür, yaxud heç düşmür. Zira, erməni işğalı dövründə də beynəlxalq hüquq təhlükədə idi, fəqət, rəsmi Parisdən adekvat prinsipiallıq görmədik. Amma və lakin... bu dəfə “5-ci Respublika”nın rəhbəri Makron Azərbaycan liderinə haqq verib. Sözü ilə əməli düz gəlməsə də...
Gerçəkdən də, Fransa beynəlxalq hüquq normaları üzərində belə əsirsə, ölkələrin suverenliyi və ərazi bütövlüyünə sayğılıdırsa, nədən onun Bakıdakı səfiri indiyədək Şuşaya getməyib? Eləcə də ABŞ səfiri (İnsafən, bu addımı Almaniya və Rusiya səfirləri çoxdan atıb).
Problem də ondadır ki, ya beynəlxalq hüquqa, BMT Nizamnaməsinə hamı əməl edir, ya da bəşəriyyət “kim güclüdür o həmişə haqlıdır” vəhşi və arxaik düşüncənin altını hələ çox çəkəcək. Bu isə ən təkəbbürlü güclülərin də sonunu gətirə bilər. Axı kütləvi qırğın silahı zəif-qüdrətli tanımır...
20 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
11 Noyabr 2024
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ